Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 10 noyabr Qələbəsindən cəmi 6 gün sonra işğaldan azad olunmuş yurd yerlərimizə - Füzuli və Cəbrayıl rayonlarına səfəri tarixi əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanın hərbi-siyasi strategiyasının təntənəsinin bariz nümunəsi olaraq, eyni zamanda Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında həyata keçirilən zəfər yürüşünün məntiqi nəticəsidir. Otuz ilə yaxın səbirsizliklə gözlədiyimiz zaman nəhayət ki, gerçəkliyə çevrildi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi işğaldan azad olunan torpaqlarımızda bərpa edildi.
Eyni zamanda qeyd etmək lazımdır ki, bu səfər çox simvolik bir məna daşıyır. Ölkə başçısının səfəri regionda sülhün, əmin-amanlığın və davamlı inkişafın bərqərar olmasından xəbər verir. Əlbəttə ki, bütün bunların təminatçısı kimi Azərbaycan dövləti və onun rəhbəri çıxış edir.
Müzəffər Ali Baş Komandan doğma Qarabağımıza qalib sərkərdə kimi qədəm qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında oldular, min illərin tarixini ehtiva edən Xudafərin körpüsünə baş çəkdilər. Dövlət başçısı və birinci xanım bu ərazilərdə yolboyu mənfur ermənilərin yurdumuza qarşı necə vəhşiliklər, vandallıq aktları törətdiklərinə şahidlik etdilər. “Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik” – deyə bəyan edən möhtərəm Prezidentimiz əminliyini ifadə etdi ki, uzun müddət işğal altında olan bölgəni xarabalığa çevirən mənfur düşməni quruculuq missiyası ilə bura gələnlər əvəz edəcək, ən qısa zamanda hər birimiz azad olunmuş torpaqlarımızın çiçəklənən diyara çevrilməsinin şahidi olacağıq.
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda - Füzuli şəhərində yenidən Azərbaycan bayrağının qaldırılması ölkəmizin müasir tarixinin ən şanlı səhifələrindəndir. Rəşadətli Ali Baş Komandan tərəfindən Azərbaycan bayrağının əzəli və əbədi torpaqlarımızda ucaldılması bir daha dövlətimizin qüdrətini, bölgədə söz sahibi olmasını təsdiq etdi.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,
hüquq elmləri doktoru