Elnur Hidayətoğlu
Buralar müharibənin ən şiddətli vaxtlarında daha çox görmək istədiyim yerlərdin biri idi… Yəqin ki, bu məkanlardan edilən çəkilişlər sizi də narahat etməmiş olmazdı…
Hadrutun alındığı barədə 9 oktyabr tarixində cənab prezident artıq müjdəni vermişdi, amma erməni tərəfi də deyirdi ki, “Azərbaycan tərəfi yalan deyir, öz xalqını aldadır. Əgər alıblarsa, sübut göstərsinlər...”.
11 oktyabr tarixində “WarGonzo” layihəsinin müəllifi, hərbi bloger, şərəfsiz rus iti, Semyon Peqov isə bu ünvanlardan etdiyi çəkilişlərlə Hadrutun bizdə olmadığını sübut etməyə çalışırdı. Deyirdi ki, “əgər Hadruta Azərbaycan əsgəri girmiş olsaydı, biz burada ola bilməzdik”.
Eyni ilə Tovuz döyüşlərində olduğu kimi ermənidən daha çox erməni yalanını təbliğ edirdi. Düzdür, mənim kimi bu yalana görə ona hiddətlənə, söyə bilərsiniz, amma qınamayın! Düz deyirmiş, bu zirvələrdə düşmən varsa, sən Hadruta girə bilmərsən, bu mümkün görünmür, təhlükədir, konkret ölümdür. Amma…
Deməli, Hadruta biz tərəfdən həm Füzulidən, həm də Cəbrayıldan getmək olar. Amma hər iki yol qəsəbəyə çatmamış birləşir və giriş bir yoldan olur. Bu yol isə nisbətən düzənlik və təpəlik hissədən Hadruta daxil olmağa imkan verir. Digər 3 tərəf isə yüksək dağlıq ərazilərdir. Yəni əsas məsələ Hadruta girmək deyil, Hadrutu aldıqdan sonra var gücünü toparlıyıb, Şuşaya qalxan o yollara qalxmaq, o dağlardan düşməni təmizləmək imiş…
Şəkildə gördüyünüz “Hadrut” yazılmış yer Şuşaya gedən yolun üstündədir. O məhşur Ərgünəş deyilən zirvənin qərb tərəfi – dar və olduqca sərt döngələri olan, bu günə kimi gördüyümüz Daşkəsən, Ağsu, Gədəbəydəki aşırımlardan daha vahiməli bir aşırım.
Şəkildəki hər iki nöqtədən baxanda qəsəbənin bütün küçələri, evi, həyəti, tini, daşı-kəsəyi görünür. Ona görə də gəlin bu mövzuda yenə də Semyonu söyək, alçaldaq, amma qınamayaq. Axı, bir ayağı qaçaq olan bu alçağın hardan ağlına gələ bilərdi ki, qarşısındakı onlar kimi “ağciyər” adamlar deyil, heç adam da deyillər, el dilində desək canavarlardı, aslanlardı...
İlahi, orada olanda dəhşətə gəldim, bu uşaqlar üzüyuxarı necə dırmaşıblar, necə döyüşüblər, necə güllədən yayınıblar, necə oraları alıblar? Yəqin ki, hamısı ölümə susamışdılar, yəqin ki, hamısı “kəlmeyi-şəhadəti” oxuyub, döyüşə giriblərmiş – fikirindən başqa ağıla heç nə gəlmir.
Elə bilirəm, Şuşadan da ağır döyüşlər burda gedib, elə bilirəm Şuşaya aparan bu aşırımlar Şuşanın özünə qalxmaqdan da çətindir, mürəkkəbdir, mümkünsüz görünür. Bunu sözün bütün mənalarında torpaq üçün ölmək istəyən, vətən üçün canını, qanını fəda etməyə hazır olan KİŞİLƏR edə bilərdi…
İnşallah, bir gün oralara siz də gedəndə görəcəksiniz ki, bu dediklərimin heç biri şişirtmə deyil. Təsəvvür edin, bu aylarda nə vaxt o yola, o aşırımlara çıxsan, buludlar başının üstündə deyil, ayağının altında olur…