Bu günlərdə xalqımız Müzəffər Azərbaycan Ordusunun Qələbə xəbərinə köklənib. Bu sevinci bizə yaşadan əsgərlərimiz qarşısında baş əyirik.
Düşmən tapdağından azad edilmiş torpaqlarımızın tarixi çox qədim zamanlara söykənir. Bu tarixi yağı düşmən nə qədər məhv etməyə çalışsa da, bacara bilmədi.
Modern.az saytı azad olunmuş tariximizi sizə təqdim edir.
Mədəniyyətimizin beşiyi olan Şuşa şəhəri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri yetişdirən, muğamımızın beşiyi sayılan Azərbaycanın dilbər güşəsi Şuşa şərqlilərə məxsus arxitekturası ilə fərqlənir.
Şuşa 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
28 il sonra - 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində Şuşa azad edildi.
“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Ümumilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdi.
Şuşa qalası - Azərbaycan memarlığının ən gözəl incilərindən biri...
1930-cu ildə yaradılmış Şuşanın ərazisinə bir şəhər, bir qəsəbə və 29 kənd daxildir. Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhər olub. Təsadüfi deyil ki, bu gün el arasında qədim məkan “Şuşa qalası” kimi də tanınır. Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir 1750-ci ildə indiki Şuşa şəhərinin yerləşdiyi yerdə, düşmən əlinin çatmayacağı qədər böyük qala divarları, istehkamlar tikdirmək qərarına gəlir. Əvvəllər “Pənahabad” adlandırılan Şuşanın strateji baxımdan əlverişli olması düşmənin marağını daha da cəlb etmişdi.
Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında onu xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır.
Xarı bülbül Şuşanın milli simvoludur
Şuşa dağlarında “Xarı bülbül” adlanan qeyri-adi bir gül yetişir. Bu gül Şuşanın milli simvoludur. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bu gül əsasən Alp çəmənliyində olur. Aran yerdə tez solsa da, dağlarda uzun müddət qalır.
“Xarı bülbül”ün hərfi mənası “tikanlı bülbül” deməkdir. Şuşa dağlarında bitən bu bitkinin digər adı isə Qafqaz Qaş Səhləbidir.
Xarı bülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyimi İran şahlarından birinin oğluna verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "Nikah diplomatiyası”ndan istifadə edirdilər. Ağabəyim də belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə şahzadə sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə, "Xarı bülbül”ü əmələ gətirə bilməyiblər. Bununla bağlı xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib.
“Xarı bülbül” təbiətə verdiyi gözəlliyi ilə yanaşı, müalicə əhəmiyyətli bitkidir. Ondan xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində də geniş istifadə edilir.
Qarabağ həsrətli Xarı bülbül Azərbaycan Ordusunun qələbəsi nəticəsində illər sonra yenidən çiçəkləməyə başlayacaq.
Öz monumentallığı ilə seçilən Yuxarı Gövhərağa məscidi...
Şuşa şəhərində hər məhəllənin özünəməxsus minarəsiz cümə məscidi var idi.
Şuşanın məscidləri içərisində öz monumentallığı ilə seçilən Yuxarı Gövhərağa məscidini 1883-1884-cü illərdə İbrahim xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikmişdi. Araşdırmalar göstərir ki, indiki məscidin yerində hələ Qarabağ Xanlığının ilkin dövrlərində qarğı və qamışdan tikilmiş ibadətgah olub. Pənahəli xanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahim xan tərəfindən daşla əvəz etdirilib. Həmin məscid də minarəsiz kasıb görünüşə malik olmuşdu. Lakin, məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməmiş və buna görə həmin məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirmişdi. Aşağı Gövhərağa məscidi İbrahimxəlil xan qızı Gövhərağanın şərəfinə 1832-ci ildə inşa etdirilib.
Fidan İlqarqızı