Modern.az

QƏZALAR ZAMANI ƏN ÇOX RAST GƏLİNƏN XƏSARƏTLƏR

QƏZALAR ZAMANI ƏN ÇOX RAST GƏLİNƏN XƏSARƏTLƏR

18 Sentyabr 2020, 13:07

“İlkin tibbi yardıma ehtiyac olan hallar - əsasən ürək-damar xəstəlikləri, infarktlar, insultlar, arterial təzyiqlə bağlı problemlərdir. Bunu CBC-yə müsahibəsində Gömrük Hospitalının təcili yardım həkimi Racu Nəbiyev bildirib. Onun sözlərinə görə, bundan əlavə ilkin tibbi yardımla bağlı daha çox müraciət olunan hallar arasında travmalar dayanır. Bunlar da adətən yol-nəqliyyat hadisələri və məişətdə rast gəlinən zədələrdir.

 

“Düzdür, hər birimiz yanımızda halı pisləşən insana yardım göstərib qəhrəman olmaq istəyirik. Amma bununla belə, vaxtında tibbi yardım çağırılmalıdır.

 

Əgər siz yanınızdakı insana nə olduğunu bilmirsinizsə, əmin deyilsinizsə, müəyyən tərəddüdləriniz varsa, onda mütləq təcili tibbi yardım çağırın. Tibbi olaraq gözünüzə çarpa biləcək hansısa hallar varsa, məsələn, insanda huş itirməsi, izaholunmaz bir səbəbdən aqressivlik əməllə gəlirsə, yenə də dərhal təcili yardım çağırmaq lazımdır. Həm də tənəffüs və ürək problemlərində normal olmayan bir şeylə rastlaşdıqda, təcili yardım çağırmaq lazımdır”.

 

Travmalara gəlincə, həkim bildirir ki, daha çox yuxarı və aşağı ətraf travmalarına rast gəlinir. Bu zaman sadə əzilmələrdən tutmuş, ciddi travmalar ola bilər. Bəzən döş qəfəsi, qarın boşluğu zədələnmələri üçün də təcili yardım çağırılır.

 

“Avtonəqliyyat hadisələri zamanı çox üzləşdiyimiz hadisələr qismində kəllə-beyin silkələnmələrini də qeyd etmək olar. Onurğa sütununun travmaları isə yol qəzasının kinetikasından asılı olaraq dəyərləndirilir və xəstə ona uyğun qaydada müalicə olunur”.

 

R.Nəbiyev deyir ki, bəzən yol nəqliyyat hadisəsindən sonra xəstələr elə də ciddi xəsarət almadıqlarını düşünərək həkimə müraciət etmirlər. Amma bu, yanlış addımdır. Çünki yol-nəqliyyat hadisəsi zamanı həkimə müraciət etmək mütləqdir. Çünki bəzən kəllə-beyin travmaları özünü hiss etdirməyə bilər. Amma sonradan xəstəyə ciddi problem yaşada bilər”.

Yol qəzalarının şahidi olan kəslər özlərinin də təhlükəsizliyinə ciddi diqqət yetirməlidirlər. “Artıq bir qurban var, ikincisinə ehtiyac yoxdur” deyən həkim qeyd edir ki, elə hallarla üzləşdikdə, ilk olaraq təcili yardıma və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət etmək lazımdır.

 

“Özünüzə təhlükə olmadığından əmin olduqdan sonra yaralıya yaxınlaşıb, onun huşunun özündə olub-olmadığını yoxlayırsınız. Bu adamı tanıyırsınızsa, adıyla çağırın. Tanımırsınızsa, sadəcə halını soruşun. Onun verdiyi məlumat sizə çox məqamlardan xəbər verəcək. Lap insan zarıyaraq “ölürəmm” deyirsə belə, bu, müsbət göstəricidir. Çünki bu, insanın huşunun yerində olduğunu, tənəffüsünün olduğunu, ürəyinin işlədiyini göstərir. Demək, bu lap çox ciddi bir şey deyil.

 

Əgər xəstənin huşu özündədirsə, ciddi travması yoxdursa, siz xəstəni tərpətməkdən, hərəkət etdirməkdən qaçmalısınız. Hadisə yerini gözlə müşahidə edərək , araşdırmaqla hansı travmaların baş verdiyini öyrənə bilərsiz. Yox, əgər xəstənin huşunun olmadığını, nəfəs almadığını görürsünüzsə, bu zaman artıq siz xəstəyə mümkün qədər tez yardım etməlisiz ki, həkim gələnə qədər vaxt uda biləsiniz”.

 

Tənəffüs və ürək döyüntüsünün olmaması insana həyati təhlükə törədən ciddi xəsarətlərdir. Əgər ürək işləyirsə, xəstə nəfəs alırsa, demək onun vəziyyəti nisbətən stabildir. Demək sizin ixtisaslı yardım gözləməyə müəyyən qədər vaxtınız var.

 

Belə hallarda xəstəni silkələmək, vurmaq, ağzına nəsə vermək, su, dərman içizdirmək və s. qətiyyən olmaz. Çünki xəstənin udqunma problemi olarsa, bu zaman onun nəfəs almasına risk yarana bilər. Bu da əlavə bir problem çıxarmış olar. İnsanın daha rahat hava alacağı şərait yaratmaq çox önəmlidir.

 

BƏZƏN XƏSTƏNİ YERİNDƏN TƏRPƏTMƏK OLMAZ

 

Bəzən xəstəyə özbaşına yardım göstərilməsinə ehtiyac yoxdur. Məsələn, əgər qəza nəticəsində insanın onurğa sütunu zədələnibsə, ona göstəriləcək qeyri-peşəkar yardım onun həyatının sonuna qədər ağırlaşmalara səbəb ola bilər. Ona görə də belə hallarda zərərçəkənin başını, boynunu tərpətməsinə imkan vermək olmaz. Həmin adamı maşından yalnız ixtisaslı yardım gəlindən sonra onların köməyilə çıxarmaq olar.

 

Əgər qəza zamanı maşınlarda hava yastıqları açılıbsa, onda siz yastığı qaldırıb sükanda deformasiya olub-olmadığına baxa bilərsiz. Əgər belə bir əzilmə varsa, deməli sürücünün döş qəfəsində ciddi travma ola bilər. bundan əlavə, sürücünün və digər zərərçəkənlərin çanaq hissəsinin zədələnməsi, ayaqların zədələnib-zədələnməməsi haqqında məlumat toplamaq olar. Əgər insan qəza nəticəsində maşında sıxılıb qalıbsa, onu özbaşına tərpətmək olmaz.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva deyir ki, bu, həkimlərə problem yaradan əsas səbəblərdən biridir. “Çünki qəzanın şahidi olan insanlar, yaxınlıqda olanlar xəsarət alanlara yardım göstərməyə çalışırlar. Amma elə hallar var ki, yalnız ixtisaslı həkimlər və xilasedicilər kömək edə bilər. Belə halda zərərçəkəni göstərilən qeyri-ixtisaslı yardım daha da onun ziyanına işləyir.

 

Yol qəzaları zamanı insanlar maşında qalanları çıxarmağa çalışırlar, təcili yardımı gözləmirlər. Yaxud təcili yardım maşını qəza yerinə yaxınlaşanda həkimlərin normal işinə imkan vermirlər, elə bilirlər ki, həkimlər işi yubadır, tələb edirlər ki, xəstəni çıxardaq, aparaq. Amma bilmirlər ki, biz xəstəni tərpətsək onun vəziyyətini daha da pisləşdirmiş olarıq. Bu, bəzən insan həyatı bahasına başa gələ bilər”.

 

İ.Əliyeva deyir ki, bəzən elə hallar olur ki, zərərçəkəni yerindən tərpətmək daha ciddi qanaxmalara və travmaların dərinləşməsinə gətirib çıxara bilər. Onun halında ağırlaşma ola bilər. Ona görə də ağır hallarda əsasən həkim yardımını gözləmək lazımdır.

 

Həkim deyir ki, qəzalar zamanı insanların xilas edilməsi üçün əsas məsələ təcili yardımın vaxtında hadisə yerinə çatması ilə bağlıdır: “Bunu hamı bilir. Dəfələrlə bu barədə müraciət olunub. Amma yenə də biz deyirik ki, yoldakı sürücülər çağırışa tələsən təcili tibbi yardım briqadasının avtomobilinə yol versinlər. Unutmayın ki, bu maşınların içində məhz bu an kiminsə həyatı xilas oluna bilər. Gəlin, hamımız daha məsuliyyətli, daha həssas olmalıyıq”.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?