Müasir dövr insan varlığının mahiyyətini dərk etmək və başa düşmək problemini bütün kəskinliyi ilə ortaya qoymuşdur.
Görünür, Yaradan – Fövqəlmühəndis şüurlu insanın məziyyətlərini bildiyindən bizdən heç nəyi gizlətmir, hər şeyi əyani surətdə göstərir. Hər şey olduğu kimi adlanır, yalnız hər biri fərdi dərk olunmuş formada qəbul edildiyindən biz onu qeyri-adi, qəribə, adlandırırıq. Ya biz, bizi əhatə etmiş bu qeyri-adinin mahiyyətini başa düşmək və ona izahat vermək iqtidarında deyilik, ya da bizim şüurumuz bunu eləməyə hələ hazır deyil.
Bunlar ona görədir ki, heç də hər şey sistemin, dünyanın, yaxud dünyaların, habelə özümüzün qüsursuzluğu haqqında təsəvvürlərimizlə uyğunlaşmır. Biz buna yuxarıdan baxırıq. Çox vaxt şübhə edirik. Bəs necə?! Axı biz bu dünyanın bətnindən birdən çıxmış məğrur və şüurlu məxluquq. Ey insan, sən qəribə varlıqsan... Çoxları sual veririlər ki, bizi əhatə edən bu gözəgörünməz və eyni zamanda izaholunmaz dünya nədən ötrü yaranıbdır? Bəlkə ölüm qorxusunu, təlaşını, yaxud həyatın dönməzliyi hissini yaşamaq üçün? Mən varam, lakin mən yoxam. Bir daha olmayacağam... Məgər dəhşətli deyil?!
İnsan həyatı haqqında fəlsəfi fikir tarixi kifayət qədər genişdir. İnsan və onun ziddiyyətli naturasının öyrənilməsi problemi müasir fəlsəfi fikrində diqqət mərkəzində qalmaqda davam edir. Bu, proses kimi təbiidir. Belə də olmalıdır. Axı faktiki olaraq hər şey insandan gəlir və onda da qərar tutur. O, sanki içində olanların hamısını bizim ətraf mühitimizə yayan pandora qutusudur. Biz bilirik ki, həyatımızın və məişətimizin müsbət və mənfi tərəflərini məhz mühit yaradır. Bu istiqamətdə toplanmış böyük təcrübəyə baxmayaraq, insan həyatının öyrənilməsi probleminin həlli üsulları daha genişdir. Bu gün dünyanın fundamental strukturunu öyrənmək üçün bir sıra mühüm sualların cavablarının sistemləşdirilməsi sahəsində alimlər kifayət qədər bazaya malikdirlər.
Ortaya digər bir sual çıxır: “Həyat nədir?”... Bu sualı bir çox kitabların adıdır və bunlardan ən məşhuru XX əsrin əvvəllərində yaşamış avstriyalı fizik Ervin Şredingerə məxsusdur. Şredinger üçün cavab aydın idi: həyat entropiyanı (enerjinin dönməzliyi) gücləndirən materiyadır və bu da canlını cansızdan fərqləndirmək üçün yeni imkandır.Sən demə, bütün bu təzahürləri termodinamikanın ikinci qanununun hesabına aid etmək olarmış. Beləliklə, entropiya sözün həqiqi mənasında həyatın mövcudluq imkanını təmin edir.
Ona görə də Şredinger hesab edirdi ki, orqanizm təkcə nizamsızlıqdan nizam yaratmır, o həm də digər nizamlardan nizam yaradır.
Əgər söyləsək ki, dönməz proseslər elə zaman oxunun mahiyyətidir, səhv etmərik. Bizim kainatın zaman oxu mövcuddur və ondan qaçmaq olmaz. Zamanı isə Tanrı nizamlayır. Güman ki, bu bizim Kainatın əsas xarakteridir. Fakt budur ki, proseslər həyatda bizim yaşamağa öyrəndiyimiz dünyada qırılmaz bağlılıqla deyil, bizim görməyə öyrəşdiyimiz qaydada baş verir. Zaman – insan təbiətinin əsas tərkib hissəsinin ayrılmaz bir parçası kimi, Yerin və bəşəriyyətin qəlbinə daxil olub.
Həyatda zaman oxu özünün mövcudluğunu ən müxtəlif üsullarla bərpa edir: bizim bədənimiz yaşlandıqca dəyişir, biz keçmişi xatırlayırıq, gələcəyi yox, nəticə həmişə səbəbdən sonra baş verir.
Digər tərəfdən, həyatın saxlanılmasında enerjinin hansı rol oynamasını aydınlaşdırmaq maraqlı olardı. Gəlin, həyata energetik axından və nizam, yaxud nizamsızlığın varislik əlaqələrindən ayrı baxmayaq. Aydındır ki, həyat üçün sadəcə enerjiyə nail olmaq kifayət etmir, gərək həm də hansısa energetik qarşılıqlı təsir olsun və qarşılıqlı təsir bütün səviyyələrdə olmalıdır ki, taraz olmayan nizam saxlanılsın. Enerjisiz həyat həyatsızlığa çevrilir və beləliklə, enerjinin udulması və ayrılmasını nəzərə almadan həyatı müəyyənləşdirmək olmaz. Həyat özünü qorumaqdan ötrü enerjiyə bağlanmaqla nizamını daima möhkəmləndirən vəziyyətə can atır.
Dahi filosof Nitşenin fikrincə isə insanlarda yaradıcılıq mənbəyi hakimiyyət istəyidir. Nitşe hesab edirdi ki, hakimiyyətə can atmayan insan praktik olaraq ölü və lazımsız varlıqdır, o, öz dəyərlərindən məhrum olmuşdur. Yalnız onda hakimiyyətə can atma hissi oyandıqdan sonra o, özünü Fövqəlinsan hiss edir. Filosof hesab edirdi ki, fərdi dəyərlərdən məhrum olmuş zəif varlığa yıxılmağı üçün kömək etməkdən ötrü onu itələmək lazımdır. Beləliklə, kömək edən insan cəsur hesab olunur, çünki o Fövqəlinsanın yolunu təmizləyir. Elə bu baxımdan insan və heyvan arasında çəkilmiş xətti filosof, dərin uçurum üzərində dartılmış iplə müqayisə edir. O yazırdı: “İnsanın məqsədi yoxdur, o körpü dəyərindədir. İnsanda seviləsi odur ki, o məhvə aparan keçiddir”. Nitşe etiraf edirdi ki, insanların bərabərsizliyini onların müdrik insana çevrilməsində, “qul etikası”nın “ağa etikası” ilə əvəz olunmasında görür. Aydın məsələdir ki, onun belə mövqeyi Yerlə bağlıdır.
İnsan dolğun, məzmunlu həyatı o zaman yaşayır ki, o, həyatın mənası, problemi üzərində düşünür. Həyata məna vermək düzgün deyil, onu yaratmaq da olmaz, onu axtarmaq və tapmaq lazımdır.Biz xeyirxahlıq və pislik yaratmaqdan ötrü yaşamadığımız kimi, mübarizə aparmaq, sevmək, yemək, yaxud yatmaq üçün də yaşamırıq. Biz xeyirxahlıq edirik, mübarizə aparırıq, yemək yeyirik, ona görə ki, yaşayırıq. Həyatın mahiyyəti onun dolğunluğunda, məzmunluğundadır.İnsan ona verilən həyatı yaşamalıdır və həyatda insan kimi qalmağı bacarmalıdır. Həyatda özün olmaq, özlüyünün dərinliyində “mən”ini axtarmaq – bax bundadır insan həyatının yaşam vəzifəsi.Həyatın məqsədi kənardan məcburi verilmir, o, insanın daxilində yetişir. Həyat özünün sevinci, iztirabları, enməsi, yüksəlişi, xəstəlikləri, sağlamlığı, taleyin zərbə və uğurları ilə həyatın mənası haqqında düşünməyə nə güc verir, nə də vaxt tapır, çünki ömür qısadır. Mikelanjelanın dediyi kimi, “bütün hallarda Allaha şükür edirəm ki, özümün nail ola biləcəyimdən həmişə artığını arzulayıram”.
Həqiqətən də, insan təbiətcə çox qəribə bir varlıqdır. Var-dövlətini itirəndə çox məyus olur, lakin dönməz ömrünün günlərini zaman-zaman itirəndə isə laqeyiddir.İnsan yalnız yetkinlik yaşına çatanda qalan günlərini sayanda, anlayır ki, yaşamağa bir o qədər də çox qalmayıb. Bu da obyektiv reallıqdır.
Ömür sanki uşağa hədiyyə verilən ləzzətli bir şokolad qutusuna bənzəyir. Uşaq hər gün şokolad konfetlərini yavaş-yavaş, ləzzətlə yeyir. Bir də görür ki, qutudakı konfetlərin sayı xeyli azalıb. Bu zaman uşaq şokolad konfetlərini daha sakit, ehmalla, ləzzətlə yeməyə başlayır.
İnsan yetkinlik yaşına çatanda düşünməlidir ki, onun mənasız müzakirə və görüşlərdə iştirak etməyə vaxtı qalmasın. Çünki elə görüş və müzakirələrdən, nəticə etibarı ilə bir mühüm şey əldə olunmayacaq.
Öz yaşına uyğun olmayan hərəkətlər edən bir sıra insanları da dinləməyə vaxtı qalmasın. Önəm kəsb etməyən işlərlə məşğul olanlarla da mübarizə aparmağa vaxtı qalmasın. Manqurt kimi dəyişən və dar dünyagörüşlü insanlara da dözümsüzlük göstərsin.
İnsanı həyatda yaltaq və ikiüzlü insanlar da çox narahat etməlidir, çünki onlar istedadlı, bacarıqlı insanları gözdən salmağa çalışır, onların mövqeyini, istedadını və nailiyyətlərini özününküləşdirmək istəyir.
Ürək çox tələsir, axı qutuda şokolad konfetlərinin sayı xeyli azalıb.
İnsan həyatda düşüncəli adamların əhatəsində olmağa çalışmalıdır. O insanlar ki, öz səhvini dərk edir və müəyyən qədər nailiyyətlər qazanıb.
Təəssüf ki, biz əhatəmizdə olan insanları dəyişə bilmirik, lakin biz əhatəmizdə olan insanları seçə bilərik.
Özümüzün praktiki fəaliyyətimizdə biz tez-tez səhvlərə yol veririk və haqsız olduğumuzu etiraf edirik. Öz fərziyyəmizin xeyrinə yeni, bəzən də qarşılıqlı bir-birini inkar edən dəlillər axtarırıq. Təəssüf ki, belə nümunələr çoxdur. Mənə elə gəlir ki, hamısından yaxşısı və layiqlisi qorxmadan öz səhvini etiraf etməkdir. Ən gözəl nümunə kimi Eynşteyni göstərmək olar: o hələ sağlığında etiraf etmişdir ki, Kainatın stasionar modelini qurmaq məqsədi ilə onun tərəfindən kosmoloji sabitin daxil edilməsi cəhdi böyük səhv idi. Beləliklə, o insanlar ki, başa düşürlər nə etməlidir və öz insani borclarını yerinə yetirməyə çalışırlar. O kəslər ki, insan qürurunu müdafiə edir, yalnız həqiqətin, düzgünlüyün tərəfində olmaq istəyir. Bax, bütün bunlar insan həyatını daha qürurlu edir.
Görkəmli Xalq şairi Cabir Novruz demişkən:
“Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəsisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə, aslan deyin aslanlara,
Sağlığında qiymət verin insanlara...”
Çalış ki, səni əhatə edən insanlar digərlərinin qəlbini səmimi başa düşsünlər. İnsanlar həyatın çətin yollarını keçərək, inkişaf etsinlər, insanların zərif qəlbinə yol tapsınlar.
Bəli, bəlkə də bu bir kamilliyin təzahürüdür. Çalış ki, qutuda qalan hər bir konfeti boş-boşuna sərf etməyəsən. Ümidvaram ki, qutuda qalan şokolad konfetləri yediyin konfetlərdən daha da ləzzətli olacaq.
Ey insan! Sən elə fikirləşirsən ki, sənin iki həyatın var?! Xeyr! Birdən özün anlayırsan ki, sənin bir, yalnız bir həyatın var!
İnsan yeganə canlı varlıqdır ki, öz həyatının sonluğunu anlayır.
Təbiətə və elmə hələ dəqiq məlum deyil ki, ölüm nədir və həyatdan ölümə keçərkən nələr baş verir.
Lakin bir şeyi heş kəs unutmamalıdır: “Hamımız bu dünyadan köçəcəyik - əgər unudulmamısansa, deməli yaşayırsan!”
Burada Mikayıl Müşfiqin, Cəfər Cabbarlının qısa və mənalı ömrünə həsr olunmuş şeirindən bir bəndi xatırlamaq yerinə düşərdi:
“Öldü, xəbər verin aşnaya, dosta,
Ruhlar mühəndisi o böyük usta.
Öldü, ağlamayan gözlər ağlasın,
Qələmlər ağlasın, sözlər ağlasın.”
Hər kəs bu həyatı ləyaqətlə yaşamağı və onda insan kimi qalmağı bacarmalıdır.Əgər insan həyatda öz yerini tapırsa, gül kimi çiçəklənir, əks halda dəmir kimi paslanır.
İnsan öz hərəkətlərində, nəinki öz mövcudluğunun mahiyyətini tapır, həm də özünün əsl ölümsüzlüyünü təmin edir, çünki onun əməllərində qəlbinin hissəcikləri qalır.İnsan öz həyatının sahibidir, lakin ona öz həyatından zövq almağa qorxu mane olur.
Düşünürəm ki, omür sona çatanda insan yaxınlarından, doğmalarından və vicdanından razı qalmalıdır. Düşünürəm ki, bu həyatı yaşamaq və onda insan kimi xatirələrdə qalmaq hər kəsin ən ali hissi olmalıdır.
Diqqət yetirin, aşağıdakı fotoda bəşəriyyətə Kainatın sirrlərini açan ən yüksək intellekt sahibləri olan elmin əfsanəvi şəxslərinin 1927-ci ildə Solveyevski konqresində birgə çəkilmiş tarixi şəklini diqqətinizə çatdırmaq istərdim. Burada Eynşteyn, Küri, Rezerford, Şredinger, Plank, Lorens və digər elm korifeylərinin birgə fotoşəkilləri öz əksini tapıb.Bu dahilər təbiət elmlərində baş verən böyük inqilabi dəyişiklikləri, dünyada baş verən təzahürləri, proseslərin hərəkət qüvvələrinin səbəblərini və bir çox elmi kəşfləri bəşəriyyətin inkişafına yönəltdilər.
XX əsrin əvvəllərində şəkildə gördüyünüz elm karifeyləri və sonrakı dövrlərdə yaşayıb yaratmış digər dahi elm adamları insan həyatı haqqında təsəvvürlərimizlə, təbiət elmlərinin əsaslarına dair bildiklərimizin nə dərəcədə uyğunluğunu anlamağa köməklik göstərmişlər. Düzdür, dahilərimizin, babalarımızın qazandığı ad və şöhrət gələcək nəsilə nüfuz gətirir. Əlbəttə, bu qürurumuzdur, lakin hələ xidmətimiz deyil. Belə ki, onların əməllərini daha da genişləndirməklə biz bu adı daşımağa layiqli olacağıq.
İnsan həyatının mahiyyəti haqqında ziddiyyətli fikirlərin olmasına baxmayaraq, insan cismən məkanın orbiti ilə və onun yaşaması üçün verilmiş zamanla məhduddur. Lakin insan həyatda ikən, öz yaradıcılığı və əməlləri ilə ruhən ölümsüzlüyünü təmin edə bilər.Unutmayaq ki, tarix o insanları dahi hesab edir ki, millətindən və dini etiqadından asılı olmayaraq, bütün bəşəriyyətin inkişafına böyük töhvə verib.Belə ki, nadir keyfiyyətlərə malik olan insanlar yaşadıqları zamandan asılıdırlar. Təəssüflər olsun ki, hamıya layiq olduğu dövrdə yaşamaq nəsib olmur. Nəsib olanların çoxu isə bu dövrü fəth edə bilməyiblər. Əgər mövcud əsr onun əsri deyilsə, gələcək əsrlər onundur və taleyin onların üzlərinə güləcəyi anı gözləməlidirlər. O an isə mütləq gələcək!
ƏHƏD CANƏHMƏDOV, Akademik