Bu gün Azərbaycan Zəfər paradı keçirir. Bir azdan hər kəs Zəfər paradını izləyəcək. Zəfər paradını izləyənlər arasında Milli Məclisin deputatları da var.
Modern.az bir neçə deputatın paradla bağlı təəssüratlarını öyrənməyə çalışıb.
Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli özünü dünyanın ən xoşbəxt adamlarından hesab etdiyini bildirib:
“Qalib millətin övladıyam. Dünyada başını dik tutmağı bacaran bir millətin nümayəndəsi kimi burada dayanmışam. Tariximizin bu gündən uca ikinci bir anı olmayıb. Vaxtilə Cümhuriyyət Azərbaycan dövlətini elan edib. Amma uğursuz bir sonluqla bitib. Düzdü, bizim üçün bir dövlət, paytaxt qoyub getdilər, amma onu görə bilmədilər. Onlar da mayın 28-də bu ruhu yaşamaq istəyirdilər. Bir azdan isə hər bir Azərbaycan insanı himnin sədaları altında paradı izləyəcək. Azərbaycan xalqı ən uca anını yaşayır. Bir azdan Ali Baş Komandan fateh obrazında bura gələcək. Azərbaycanın güvən yeri olan Türkiyə prezidenti Ərdoğanla birgə onların qoşa dayanması dünyanı məhvərindən oyadacaq”.
Deputat Fəzail Ağamalı hər kəsin çox yüksək əhval-ruhiyyədə olduğunu deyib:
“Bütün vətəndaşlarımız bu gün çox sevinclidir. Bu gün bizim qürur günümüzdü. Tariximizin ən şərəfli səhifələrindən biridir. Düşünürəm ki, Azərbaycan dövlətinin gücünün və imkanlarının dünya miqyasında nümayiş etdirilməsi ciddi təqdimatdır. Bu mərhələyə gəlib çıxmağımız çətin və ağır olub. Şükürlər olsun ki, artıq qələbə paradını izləmək hər kəsə nəsib oldu”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bu gün zəfərimizin paradına toplaşdıqlarını qeyd edib:
“Bir azdan bu qələbəni əldə etməkdə böyük yardımçı olan ordu birliyini, əsgərlərimizi salamlayacağıq. Dünyaya səs salan hərbi texnikamızı görəcəyik. Bu gün tribunada toplaşmışıq. Bunun özü qürurverici hissdir. Bir azdan Ali Baş Komandan İlham Əliyev, Birinci Vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan və xanımı Əminə Ərdoğan bura gələcək. Eyni zamanda, əsgər və zabitlərimizi də salamlayacağıq. Bu qüruru bizə yaşatdıqları üçün qarşılarında baş əyirik. Şəhidlərimizə Allah rəhmət eləsin, yaralılarımıza can sağlığı versin. Biz bu qələbəni onlara borcluyuq. Həmçinin bu qələbəni ölkə başçısının dəmir əli və qətiyyəti sayəsində qazandıq. Həm də xalqımızın birliyi sayəsində biz qələbə çaldıq. Tanrı xalqımızı, birliyimizi, bütövlüyümüzü qorusun. Bizə sevənlər sevinsinlər. Uğurllarımıza paxıllıq edənlər, sevinməyənlər yansınlar, daha da təşvişə düşsünlər. Bölgədə güclü Azərbaycan var. Bunu hər kəs eşitsin”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli də çox sevincli olduğunu dilə gətirib:
“Birinci dəfədir ki, bu formada ürəkdən sevinirəm. Bu qələbə xalqımızın haqqıdır. Bir azdan Azadlıq meydanı daha möhtəşəm olacaq. Dünya Azərbaycanın qələbəsini görəcək”.