Minsk qrupunun həmsədrlərinin həftəsonu Azərbaycana gələcəyi gözlənilir. Modern.az xəbər verir ki, həmsədrlərin İrəvan və Bakıda bir sıra görüşlər keçirəcəyi gözlənilir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev Modern.az-a bildirib ki, Minsk qrupunun obyektivliyi artıq sual altındadır:
“Formal olaraq hələ Minsk qrupunu dinləmək istəyirik. Onların nə təklif edəcəyinə baxacağıq. Minsk qrupunun hazırladığı model prinsiplərdən 4-ü 10 noyabr bəyanatında öz əksini tapıb. Qarabağın statusu haqda qalan 2 maddəni Azərbaycan rədd edib. Gündəmdə bir sıra digər məsələlər də var. Söhbət sülhməramlı qüvvələrin fəaliyyət göstərdiyi ərazidə suverenliyin bərpasından və erməni mənşəli əhali ilə əlaqələrdən gedir. Biz bunu daha çox Rusiya ilə həll etməliyik. Ermənistanla sərhədin tam demarkasiyası, təzminat və hərbi cinayətlər məsələsi hələ də qalır".
Fərid Şəfiyev bildirib ki, əgər tərəflərdən biri təklif edərsə, Minsk qrupunun ləğvi real ola bilər:
“Prosedura uyğun olaraq ATƏT-də bütün qərarları konsensus şəklində həyata keçirilməlidir. Əgər hər hansı bir tərəf, Azərbaycan və Ermənistan artıq Minsk qrupuyla işləməyə ehtiyac olmadığını söyləyərsə, qrupun fəaliyyəti faktiki olaraq dayandırılacaq. Amma formal olaraq ATƏT-də hər bir qərar konsensus şəkildə qəbul olunur. Hələ ki Azərbaycan formal olaraq izləyici mövqeyində çıxış edir və Minsk qrupunun məsələni müzakirə etməsini gözləyir”.
Fidan ƏLİ