Xarici informasiya portalları Azərtac-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanovun Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən bəhs edən məqaləsini yaymaqda davam edir.
“Qüdrətli sərkərdə və müdrik Prezident İlham Əliyev azərbaycanlıları qalib xalqa çevirdi, regionda yeni reallıqlar yaratdı” sərlövhəli məqalə bundan əvvəl İndoneziyanın “citayambersatu.com” və “warnaplus.com” informasiya saytları, Misirin “Aldiplomasy” informasiya portalı, Pakistanın “National Herald Tribune” qəzeti tərəfindən yayılmışdı. Son günlər bu sıraya Avropa İttifaqının “EU Politics”, Rumıniyanın “News24hours”, Qırğızıstanın “Golden Bridge News”, “Turktoday.info” portalları və digər xəbər saytları da əlavə olunub.
Xatırladaq ki, məqalədə rəşadətli Azərbaycan Ordusunun böyük zəfəri, o cümlədən müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı, 44 günlük müharibə nəticəsində işğalçı Ermənistanın kapitulyasiya aktı imzalamağa məcbur edilməsi, Prezident İlham Əliyevin informasiya məkanında və diplomatik müstəvidə nail olduğu uğurlar, bölgədə yaranan yeni reallıqlar publisistik dildə təsvir və təhlil olunur.
Xarici portalların məqaləyə geniş yer ayırması Azərbaycanın dünya hərb aləmində yenilik olan müharibə təcrübəsinə, Qarabağın 30 il davam edən işğalına çox qısa müddətdə hərbi-siyasi yolla son qoyulmasına ictimaiyyətin və oxucu auditoriyasının artan marağından irəli gəlir.