Modern.az

Yatmış Aslanın yuxusunun ömrü qarnının acımasına qədərdir

Yatmış Aslanın yuxusunun ömrü qarnının acımasına qədərdir

Aktual

13 Dekabr 2020, 20:40

Arazı ayırdılar,

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım

Zülm ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın.

 

Əslində Ərdoğanın Bakıda Zəfər paradında Azərbaycanın xalq yaradıcılığına istinad etməsi, Azərbaycan xalqının iki əsrlik dərdini folklor nümunələri ilə ifadə etməsi, fikrimcə, heç bir siyası mesaj ehtiva etmirdi. Azərbaycan torpaqlarının 30 illik işğaldan azad olunmasına, Azərbaycan xalqının hərbi və siyasi qələbəsinə hesablanıb və hər hansı təhdid məqsədi güdmürdü. Amma azərbaycan xalqının iki əsrlik dərdini ifadə edən bu sətirlərin türk dünyasının ən önəmli liderinin dilindən səslənməsi, həmişə türk birliyinə qarşı olan və bu birliyin yaranmasından qorxduqlarını siyasi fəaliyyətləri ilə açıq-aşkar büruzə verən fars millətçilərini dilləndirməyə bilməzdi. Fikirlərini, adətən, poetik məzmunda deməyi sevən Ərdoğan qardaş xalqa öz qəlbdən gələn, səmimi hisslərini ifadə etdi. Amma bu fikirlər, nə qədər də poetik və siyası məqsədlərdən uzaq olsa da, qəlbini türk birliyi xofu cuğlamış əsil sahibini tapdı. Yəni, ataların dilincə desək, sözü at, sahibi tapar. Bu vəziyyətdə daha bir atalar sözünü xatırlatmaq yerinə düşərdi: - xain özündən xoflu olar. İllərdir status-kvonun saxlanmasında, düşmənin dirçəlməsində maraqlı tərəf olan Iran hər vəchlə Qarabağ probleminin uzanmasına çalışmış, Ermənistanın dirçəlməsinə əlindən gələn köməyi etmişdir. Ermənistan sılahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq məqsədi ilə əks hücuma başlayan Azərbaycan ordusunun uğurlarını və Cənubi Azərbaycanda yaşayan Azərbaycan türklərinin ayağa qalxdığını gördükdə tərəflər arasında vasitəçilik etməyə cəhd etsə də, nə Rusiya, nə də Ermənistan tərəfindən qəbul edilmədi. İranın vasitəçilik cəhdlərinin uğursuzluqları, - 1992-ci ilin may ayında Şuşanın işğalı ilə Azərbaycan hökumətinin yaddaşında qaldığı üçün Azərbaycan tərəfi də bu vasitəçilikdə maraqlı deyildi. Bunun üçün kifayət qədər səbəblər də vardır. İranın illər ərzində saxta təbəssümü həm Cənubi, həm də Şimalı Azərbaycan  türk xalqı qarşısında öz etibarsızlığını sübut edib. İran üzərindən Ermənistana silah daşınması, Ermənistana davamlı iqtisadi yardım, Ermənistana qardaş münasibəti məhz bu münaqişənin həllini sonsuza qədər uzatmağa, Azərbaycanın başını Qarabağ konflikti ilə məşğul etməyə xidmət edib. Azərbaycan Ordusu İran sərhəd boyu işğal olunmuş ərazələri işğaldan azad edən kimi İran tərəfinin öz qoşunlarını dərhal həmin ərazilərin sərhədinə yerləşdirməsi, Naxçıvandan Qarabağa quru yolunun çəkilməsinə dərhal mənfi reaksiya göstərməsi və İran hökumətinin bu və digər reaksiyalarının məntiqi mənası tamamilə aydındır…

 

İllər öncə “Ermənistana silah, Azərbaycana narkotika” adlı məqalə yazdım. Məqaləni hazırlayarkən həbsxanalarda narkotika maddəsi ilə yatan saysız hesabsız İran vətəndaşınin olduğunun, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən narkotik poleqon kimi istifadə olunmasının şahidi oldum. Həmin ərəfələrdə Bakıda İran cəsus şəbəkəsinin ifşa olunması haqqında məlumatlar yayıldı. Bütun bu hadısələr baş verən zaman İranın siyasi rəhbərliyinin əli şiə müsəlmanların qanına batmış Ermənistan hökumətinə səxavətlə qucaq açmasının şahidi olduq… və s.

 

İran Azərbaycana nə qədər də dost ölkə olduğunu nümayiş etdirməyə çalışsa da, saxta təbəssümünü və məkrini gizlədə bilməyib. İran Xarici İşlər Naziri Cavad Zərifin Sevimli Azərbaycan dediyi ölkənin həqiqi sahiblərinə, - Azərbaycan türklərinə əsarətin acı şərbətinin dadını hər zaman xatırladıb. Amma xalqı nə qədər farslaşdırmağa, assimilyasiya etməyə, fars şovinizminə tabe etməyə çalışsalar da Azərbaycan türklərinə öz soy- köklərini unutdurmağı bacarmayıblar. Və Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın Azərbaycan türkləri İran hökumətinə iradələrini qəbul etdirmək gücündə olduğunu hər zaman sübut edib. Bu güc Vətən Müharibəsinin ağır günlərində rəsmi İranın mövqeyini dəyişdirməyi bacardı. Saxta da olsa, Azərbaycan tərəfində olduqlarını nümayiş etdirən bəyanatlar verməyə məcbur etdi. Amma bu İranvari təbəssüm nə Şimali Azərbaycanda, nə də  Cənubi Azərbaycanda həqiqi olduğunu göstərə bilmədi. Şair ruhlu, fikirlərini poetik məzmunda söyləməyi sevən, xüsusilə də qardaşının uğurundan şövqə gələn Cənab Ərdoğanın “Arazı Ayırdılar” misralarını ifadə etməsi şovinizmin hər zaman qəlbində sızlayan yaralarını yenidən qanatdı. Və ardınca bütün Cənubi Azərbaycan “Ay Laçın”, “Arazı Ayırdılar” mahnılarını oxumağa, barmaqlarını birləşdirib türk birliyinin simvolu olan boz qürd işarələrini nümayiş etdirməyə başladılar. Demək tarixi proseslərin, ilahi həqiqətin qarşısını heç bir diktatura almaq qüdrətində deyil. Yatmış Aslanın yuxusunun ömrü qarnının acımasına qədərdir…                                                    

 

Son olaraq, İslam xilafətinin qılıncı 700 ilə yaxın Türk Osmanlı imperiyasının əlində olub. Və Osmanlı xilafəti islam ədalətinin, islam dəyərlərinin mahiyyətini öz həqiqi məzmununda ərəblərdən də, özünü islama calayan farslardan da daha yaxşı bacarıb.Türkiyə prezidenti cənab Rəcəb  Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi şer isə Güney Azərbaycanında -“Azərbaycan bir olsun, İstəməyən kor olsun!” –nidası ilə əks səda doğurdu.

 

Etibar Muradxanlı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi