Şanlı Azərbaycan Əsgəri 30 ildir işğalçılıq siyasətindən əl çəkməyən, mülki əhaliyə divan tutan yağı düşmənə sarsıdıcı zərbə endirərək, həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad edib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsgəri erməniləri işğal etdikləri ərazilərimizdən iti qovan kimi qovdu. Bütün bunlar Azərbaycan xalqına böyük sevinc, qürur hissi verir. Bu sevinci bizə yaşadan əsgərlərimizə hər zaman borcluyuq. Tarix yazan Azərbaycan Əsgəri son günlərdə qəhrəmanlığı, qorxmazlığı ilə hamının dilinə dastandı. Biz onları unutmamalı və unutdurmamalıyıq.
Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı Modern.az-a danışarkən qeyd edib ki, insanlarda ruh yüksəkliyi yarananda, potensial imkanlar da çoxalır:
“Bütün dövrlərdə ordu uğurlar qazananda əsgərlərin hörməti qalxıb. Bu təkcə əsgərlərin hörməti yox, əhalidə də ruh yüksəkliyi yaranır. Ordu müharibədə məğlub olanda, ordunun özündə də pərakəndəlik yaranır.
Bildiyimiz kimi, Amerika ordusu Vyetnama daxil olub, müharibə apardı, amma, qalib gələ bilmədi. Amerika kimi dövlətin ordusunda bu məğlubiyyət nəticəsində məğlubiyyət sindiromu yaranıb. Bu məğlubiyyət Amerika ordusuna və Amerika əhalisinə də pis təsir etdi. Sovet qoşunları Əfqanıstana girib, uzun müddət müharibə apardılar. Lakin, heç bir nəticə əldə etməyib, qoşunları oradan çıxardandan sonra Sovet ordusu əvvəlki ordu olmadı. Böyük ruh düşkünlüyü yarandı. Bir çoxları SSRİ-nin dağılma səbəbini Əfqanıstandan ordunun məğlub şəkildə çıxması ilə əlaqələndirirlər.
İnsanlarda ruh yüksəkliyi yarananda, potensial imkanlar da çoxalır. Çalışmaq lazımdır ki, insanlar özünü müsbət dəyərlərlə təsdiq etsinlər. Bu sosial həyata çox güclü təsir edən amildir”.
Sosioloqun sözlərinə görə, müharibənin başlanması əhalini mənəvi cəhətdən silkələdi və oyatdı:
“Müharibənin başlaması insanların düşüncəsini də dəyişdi. Bir il qabaq maddi dəyərlərə köklənən əhali, hazırda mənəvi dəyərlərə köklənib. 5 manat xərcləmək istəməyən insanlar, müharibə dövründə müəyyən miqdarda pulu cəbhəyə yolladı. Hər kəs özünə müəyyən qədər hesabat verdi.
Birinci Qarabağ Müharibəsində məğlub olmağımız əhalinin ovqatında özünü əks elətdirirdi. İnsanların sabaha inamı azalmışdı. Belə zamanda insanların ümid yeri ordusudur. Ordu öz funksiyasını yerinə yetirəndə, təbii ki, insanlar arxayın olub, rahat nəfəs alır.
Bu günlər bizim tariximizin böyük dönüş nöqtəsidir. Ölkəmizdə böyük bir intibahın başlanması üçün şərait yaranıb. Bu yolda hər birimizə uğurlar arzulayıram”.
Psixoloq Taryel Faziloğlu açıqlamasında bildirib ki, İkinci Qarabağ Müharibəsinə qədər xalqımızda məğlubiyyət sindromu var idi:
“Azərbaycanda hərbiçiyə, əsgərə qarşı fikir ilk dəfə 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı dəyişdi. Çünki, Birinci Qarabağ Müharibəsi zamanı məğlubiyyətdən sonra Azərbaycan xalqında ordu ilə bağlı neqativ fikirlər yaranmışdı. Aprel döyüşləri zamanı ilk dəfə əsgərə qarşı müsbət psixoloji dönüş yarandı. O gündən sonra Azərbaycan xalqının əsgərə olan münasibəti, düşüncələri tamamilə dəyişdi. İkinci Qarabağ Müharibəsində Qarabağın azad edilməsi ilə Azərbaycan Əsgəri xalqımızın gözündə öz layiqli yerini tutdu. Çünki, psixoloji olaraq hər bir xalqın təhlükəsizliyinin qoruyucusu əsgəri, zabiti və ordusudur. Xalq ordusuna sevgi, hörmətlə sahib çıxmalıdır. Qələbə qazandığımız İkinci Qarabağ Savaşından sonra xalqımız ordumuza güvənməyə və sevgi bəsləməyə başladı.
Azərbaycanın xalqının Qələbə gününə qədər ciddi bir aşağılıq kompleksi, məğlubiyyət hissi var idi. Ordumuz bu müharibədə Qələbə qazanmaqla xalqımızı böyük bir problemdən, məğlubiyyət hissindən qurtardı”.
Fidan İlqarqızı