ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə Prezident İlham Əliyev onlara və uzun illərdən bəri işğal altında olan Azərbaycan ərazilərində status-kvonu qoruyub saxlamaq istəyənlərə bütün komponentlər üzrə ustad dərsi keçdi.
Bunu Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun fəaliyyətə başladığı ilk gündən münaqişənin həllinə yanaşması ilə bağlı bütün məqamlar barədə açıq danışması, prosesin ən incə məqamlarını təhlil edərək diqqətə çatdırması hələ uzun illər boyu xatırlanacaq:
“Prezidentin nitqi ölkəsinin mövqeyini sonuna qədər müdafiə etməyi, həqiqətləri olduğu kimi dilə gətirməyi bacaran, açıq dünyagörüşlü, qətiyyətli, yüksək intellektə, mədəniyyətə sahib olan gerçək bir siyasi liderin özünü və xalqının maraqlarını ifadə etməyin unikal nümunələri ilə zəngin idi. Düşünürəm ki, son 28 ildə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin vasitəçiliyi ilə aparılan danışıqlar prosesini bundan daha dəqiq, daha aydın və ustalıqla ifadə etmək mümkün deyildi. Prezident İlham Əliyevin “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər” sözləri 28 il müddətində aparılan danışıqlar prosesinin əsl mahiyyətini dövlətimizin başçısı ilə görüşməyə can atanların diqqətinə çatdırdı və onların nə üçün “münaqişənin hərbi həlli yoxdur” deyə israrlı mövqedə dayanmalarının əsl səbəbini açıqladı. Yəni həmsədrlər ona görə “münaqişənin hərbi həlli yoxdur” deyirdilər ki, problem həll olunmasın, illərlə uzadılsın və onlar da bu münaqişə vasitəsilə regiona təsir imkanlarını qoruyub saxlasınlar”.
Azər Kərimli qeyd edib ki, status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilib:
“Azərbaycan Minsk Qrupu həmsədr ölkələrinin liderlərinin bütün iddialarına rəğmən münaqişəni hərbi-siyasi yolla həll etdi və bu prosesdə yeganə haqlı tərəf olduğunu təsdiqlədi. Və nəticədə BMT nizamnaməsinin tələbləri yerinə yetirildi, Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi və bununla da qlobal təhlükəsizlik və həll mexanizmlərinin işə salınmadığı, diplomatik süründürməçiliyin baş alıb getdiyi münaqişələrin həllində Azərbaycan presidenti yaradıldı.
Bu illər ərzində Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməmişdilər. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bu dövlətlər Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə bağlı Təhlükəsizlik Şurasının qətnamələrinə səs vermişdirlər, bununla da işğal faktını və Azərbaycanın ərazi bütövlüyünü tanımış, sərhədlərinin toxunulmazlığını qəbul etmişdilər. Amma 28 il ərzində, işğalçının sülhə məcbur edilməsi istiqamətində heç bir addım atmamış, işğalçıya heç bir sansksiya tətbiq etməmişdirlər. Şübhsəzi ki, cənab Prezidentin də qeyd etdiyi kimi, əgər Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj versəydi, təcavüzkar dövlətə ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi. Amma 28 il ərzində bu baş vermədi və Azərbaycan öz ərazi bütövlüyünü ordusunun gücü, şəhidlərinin qanı bahasına təmin etmək məcburiyyətində qaldı”.
Millət vəkili indi regionda tamamilə yeni bir vəziyyətin yarandığını bildirib:
“Artıq ATƏT-in Minsk Qrupunun gələcək mandatının taleyini də Azərbaycanın mövqeyi həll edəcək”.