“44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın siyasi Qələbəsi dövlətimizin xarici siyasətində önəm verdiyi prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır. MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında da möhtərəm Prezidentimiz İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu, danışıqların davam etdiyi 28 ildə dünya birliyini aldatdığını, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma həyata keçirdiyini, ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə yeni heç bir töhfə verməyə qadir olmadığını əsaslı çəkildə diqqətə çatdırdı. Vətən müharibəsi dövründə münaqişənin mahiyyətinin bəzi xarici media orqanları tərəfindən qeyri-obyektiv, qərəzli şəkildə təhlilinə baxmayaraq Azərbaycanın tarixə, beynəlxalq hüquqa əsaslanan təbliğatı nəticəsində həmin mənzərə tamamilə dəyişdi”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, işğalçı tərəf ötən müddət ərzində status- kvonu qoruyub saxlamaq, beynəlxalq ictimaiyyəti davamlı aldatmaq nəticəsində bugünkü aqibətini müəyyənləşdirdi: “Azərbaycan üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə olub. Reallıq budur ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu, tarixdir.”
Rəsmi Bakı dünyanın nüfuzlu təşkilatlarının tribunasından daim Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında bəyan edib: “Azərbaycan o cümlədən postsovet ölkələri ilə əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayan Müstəqil Dövlətlər Birliyi çərçivəsində iqtisadi əməkdaşlıqla yanaşı, üzv ölkələrin ərazi bütövlüyü məsələsini daim gündəmdə saxlayaraq əlaqələrin genişlənməsində işğal faktorunun aradan qaldırılmasının xüsusi rola malik olduğuna, bir üzv ölkənin digərlərinin ərazisini işğal etməsinin yolverilməzliyinə çağırışlar edib. İşğalçı Ermənistan bu kimi bəyanatlara, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayaraq təcavüzkar siyasətini davam etdirdi”.
“Azərbaycan illərdir topladığı gücü, qüdrəti, həyata keçirdiyi müstəqil siyasəti, bəyan etdiyi dəyişməz mövqeyi sayəsində reallıqları tam şəkildə dəyişdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra etdi. Qalib Azərbaycan şərtlərini diktə edir. Məğlub Ermənistan yaranmış yeni reallıqları heç bir halda dəyişə bilməyəcək. Hazırda Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən keçmişi nəzərdə tuta bilərik. Bu, artıq tarixdir. Regionun gələcəyi çox cəhətdən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaq. Azərbaycan bu gün postmüharibə dövrünün prioritetlərini müəyyən edir, bölgədə yeni əməkdaşlıq formatlarını müəyyənləşdirir. Həmin formatlarda məğlub Ermənistanın iştirak edib-etməyəcəyi bu ölkəyə rəhbərlik edənlərin siyasi iradəsindən asılıdır”,- deyə millət vəkili bildirib.