Cənab, Ali Baş Komandan biz Səbail rayonu, T. İsmayılov adına 6 saylı məktəb-liseyin 8 “b” və 6 “c” sinif şagirdləri Fatimə Müşfiq qızı Bayramova, Kənan Tərlan oğlu Xankişiyevik.
İlk olaraq Sizi vətənimizin hər qarışını bizə qaytardığınız üçün təşəkkür edirik. Bu haqq savaşını bizim yaşıdlarımıza saxlamadan Azərbaycan bayrağını Qarabağda dalğalandırdığınız üçün var olun! Dəmir yumruq əməliyyatı ilə düşmənin başını əzdiniz!
Sizin sayənizdə 10 dekabr-44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin dünyaya bəyan edildiyi gün kimi tarixə keçdi.. Dünyanın öz gözünü və qulaqlarını diqqətlə Azərbaycana yönəltdiyi, Azadlıq meydanında atılan hər addımın, deyilən hər sözün böyük həyəcan və maraqla izləndiyi an. Bakıda təşkil olunan parad dünyaya bir sıra mesajların verilməsi ilə yaddaşlara keçdi. Hər şeydən öncə beynəlxalq ictimaiyyət anladı ki, qüdrətli bir xalqın torpağını əbədi olaraq işğal altında saxlamaq olmaz.
Böyük zövq və ibrətamiz məntiqlə hazırlanmış parad qalib ordu, qalib xalq, qalib Prezident birliyinin simvolikasina çevrildi. Babamız deyir ki, “yəqin çox az adam bilir ki döyüş meydanında Azərbaycan Ordusunun reallaşdırdığı ən xırda strateji plandan tutmuş, böyük miqyaslı hücum planına qədər, zəfər paradının da ssenari müəllifi dövlət başçısı Prezident İlham Əliyev idi. Prezident gücümüzlə yanaşı, milli qrurumuzu, qeyrət və şərəfimizi, namusumuzu əks etdirən Zəfər paradının ən xırda detalınadək şəxsən özü nəzarət edib və bütün kompozisiyaların müəllifi də məhz odur”.
Paradda bizim diqqətimizi çəkən ən mühüm məqam bütün rakurslardan görünən dəmir yumruğun şəkli idi. Bu, məhz Sizin,Prezident, Ali Baş Komandanın yumruğunun şəkli idi. Bu həmin yumruqdur ki, Ermənistan ordusunun başını əzdi, belini qırdı və diz çökdürdü. Məhz bu yumruq düşməni Azərbaycan torpaqlarından “iti qovan kimi” qovdu. Məhz bu yumruğu görən düşmən döyüş meydanında bütün hərbi texnikasını qoyaraq qaçdı. Sonda ağ bayraq qaldıraraq təslim oldu.
Prezident İlham Əliyev: “Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim
şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.”
Sizin paradda səsləndirdiyiniz bu sözləriniz biz uşaqların her daim beynində, dilində, ürəyində səslənəcək.
Bizə və bizim yaşıdlarımıza görə siz dünya liderləri sırasında ən, ən birinci lidersiz! Sizi ata kimi, baba kimi sevməmək mümkün deyil. Sizə möhkəm can sağlığı, uzun ömür arzu edirik. Dəmir yumruğunuz hər zaman düşmənin başının üstündə olsun! Qarabağ Azərbaycandır və nida işarəsi!
Təhsil aldığımız məktəb-liseydə mütamadi olaraq direktorumuz Gülşən xanım başda olmaqla, Rəna xanım, Mehriban xanım, Günay xanım və digər müəllimlərimiz sizin uğurlu siyasətinizdən, vətənpərvərliyinizdən biz şagirdlərə örnək göstərərək bəhs edirlər.
Və sonda bu il öz doğum gününüzü Şuşada qəhrəman əsgərlərimizlə qeyd etdiyiniz kimi gələn il isə ad gününüzü oxuyub təhsil aldığınız T. İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdləri ilə bir yerdə qeyd etməyinizi xahiş edirik. Çünki, biz də bu ölkənin gələcək əsgərləriyik.
Məşhur bir deyimdə vurğulandığı kimi: “Qəhrəmanlıq yeganə insani hərəkətdir ki, onu məşq etmək mümkün deyil.” Siz bizim QƏHRƏMANIMIZSINIZ!!!
T.İsmayılov adına 6 saylı məktəb-liseyin 8 “b” və 6 “c”sinif şagirdləri
Fatimə Müşfiq qızı Bayramova,
Kənan Tərlan oğlu Xankişiyev