Elmi - Tədqiqat Mamamlıq və Ginekologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru, dosent Aynurə İsmayılova COVID-19-un demoqrafik göstəricilərə təsiri, yoluxmuş hamilə qadınlarda virusun törədə biləcəyi fəsadlarla bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- Aynurə xanım, COVID-19-un demoqrafik göstəricilərə, doğuşa, gələcəkdə doğulacaq uşaqların sayına təsirləri gözlənilirmi?
- COVID-19-un doğuşa deyil, birbaşa hamiləliyə təsirləri var. Hamiləlik müddətində virusla bağlı araşdırmalar aparılıb və koronavirusun hamiləliyin müxtəlif trimestrlərində təsirlərinin fərqli olduğu müəyyənləşib. Bəlli olub ki, COVID-19-a yoluxan qadınlarda vaxtından əvvəl doğuşun baş verməsi, düşük təhlükəsi, dölün bətndaxili inkişaf ləngiməsi, hətta dölün bətndaxili ölümü kimi fəsadlar müşahidə edilə bilər.
Həmçinin yanaşı xəstəliyi, yüksək təzyiqi, şəkəri, astma xəstəliyi olan qadınlarda hamiləliyin gedişatı ağırlaşa bilər. COVID-19-a yoluxan qadınlar yüksək risk qrupuna daxil olan xəstələr sayılır. Hətta birinci, yaxud ikinci trimestrdə virusa yoluxub sağalıbsa belə, həmin şəxs hamiləliyin sonuna qədər həkim nəzarətində saxlanılır. Çünki virusa yoluxmada əmələ gəlmiş fəsadlar üçüncü trimestrdə hamiləliyə təsir edə bilər.
- Azərbaycanda COVID-19-a yoluxmuş hamilələrdə belə ağır fəsadlar qeydə alınıbmı?
- Statistik olaraq, müəyyən müəssisələrdə araşdırmalar rəqəmlərlə göstərilib. Yəni neçə hamilə qadın yoluxub, onlarla bağlı nəticələr necə olub və s. Virusu ağır və orta ağır keçirən hamilə qadınlar Azərbaycan Tibb Universitetinin Tərdis Cərrahiyyə Klinikasına və Klinik Tibbi Mərkəzə (Semaşko) yerləşdirilirlər.
- Ümumilikdə indiyədək Azərbaycanda neçə hamilə qadının COVID-19-a yoluxması müəyyənləşib? Yoluxmuş hamilələrdə normal yoxsa, keysəriyyə əməliyyatı ilə doğuş həyata keçirilir, bunun fərqi varmı?
- Bilirsiniz, bu, ayrı-ayrı müəssisələrdə fərqlidir. Dəqiq rəqəmləri hər müəssisə ilə əlaqə saxlayıb məlumat ala biləsiniz. Yalnız tibb müəssisəsi özü açıqlaya bilər ki, neçə koronaviruslu hamilə qadın qəbul olunub, onlardan neçəsində fəsadlaşma qeydə alınıb, neçəsi normal, neçəsi keysəriyyə ilə uşaq dünyaya gətirib.
- Bəs COVID-19-a yoluxmuş qadında olan virusun dölə keçməsi və bunun fəsadları araşdırılıbmı?
- Amerikada, Çində aparılan araşdırmalar göstərir ki, nə ciftdə, nə də dölyanı mayedə virus aşkarlanmır. Amma ana südü ilə virusun ötürülməsi çox az faizdə müşahidə edilib. Bu isə uşağın ana südündən kəsilməsi üçün göstəriş deyil. Müəyyən gigiyenik tədbirlərlə anadan uşağa virusun ötürülməsinin qarşısını almaq olar. Bətndaxili yoluxmanın baş verib-verməməsilə bağlı birmənalı fikir söyləmək olmur. Bu yeni virus olduğundan araşdırmalar hələ də davam etməkdədir. Bir qrup araşdırmalarda hamilə qadından virusun dölə keçməsi təsdiqlənsə də, digər qrup araşdırmalarda bu öz təsdiqini tapmır. Ona görə də buna konkret cavab yoxdur.
- Koronavirusa yoluxmuş qadından doğulan uşaqda virus olma ehtimalı varmı, araşdırma aprılıbmı bununla bağlı, yenidoğulanlardan test götürülübmü?
- Azərbaycanda bununla bağlı kokret elmi araşdırma aparılmayıb. Amma bunu sırf COVID-19-a yoluxmuş qadınların müalicəsi aparılan tibb müəssisələrindən dəqiqləşdirmək doğru olar. Ümumiyyətlə dünyada aparılan araşdırmalarda yenidoğulmuşlarda əsnəkdən götürülən yaxmada koroanvirus testi neqativ çıxıb.