"2020-ci ilin əvvəli hay-küylə başladı. ABŞ-la İran arasındakı siyasi gərginliyin pikk həddi idi. General Qasım Süleymaninin qətlə yetirilməsi ilə neftin qiyməti 71 dollar 75 sentə qədər artmışdı. Yanvarın 7-də 65.65 dollar idi".
Bu fikirləri Modern.az-a açıqlamasında iqtisadçı İlham Şaban deyib. O xatırladıb ki, ilin ikinci rübündə - yəni aprelin 21-də brent markalı neftin qiyməti 16 dollardan aşağı düşdü. İndi isə bu rəqəm 50 dolları üstələyib.
"Artıq 20 gündür - dekabrın 8-dən başlayaraq, neftin qiyməti 50+ səviyyəsindədir, bəzi hallarda qiymət oynayır. Növbəti ilin aprel-may ayına neftin qiyməti 31-35 dollar arası proqnozlaşdırılarsa, artıq ilin ortasında bu rəqəmin 40 dollar olacağı gözləniləndir. Gələn il üçün neftin qiymətinin 42 dollar ətrafında olması proqnozlaşdırılır. Hesab edirəm ki, 42 dollardan da yuxarı ola bilər”.
Mütəxəssis qeyd edib ki, brent markalı neftin ən aşağı qiyməti 27 dollar olub:
"Gələn illə bağlı enerji agentlikləri və ya investisiya banklarını götürsək, bu qiymət 47-49 dollar ətrafında dəyişəcək. Əgər ekstremal nə isə baş verməsə, neftin qiyməti artıma doğru gedəcək. Hətta qiymətin 60 dolları keçməsinin də şahidi ola bilərik. Belə vəziyyətdə OPEC hər ay 500 min barel nefti, OPEC plus çərçivəsində 24 ölkə ilə olan hasilatı artıracaq. 2015-2019-cu ildə brent markalı neftin qiyməti 54 dollar olub. Artıq 6 ildir ki, dünya neftin bu qiymətinə alışıb".
Mehri QURBAN