Modern.az

Hüseyn Arifin lətifələri - V

Hüseyn Arifin lətifələri - V

4 Avqust 2012, 15:27

Azərbaycanın Xalq şairi Hüseyn Arif istedadlı, hazırcavab və zarafatcıl söz adamı olub. Uzun illərdir onun lətifələri, atmacaları, məzəli söhbətləri gəzib dolaşmaqdadır. Onun lətifələrini vaxtilə şairin yaxın dostu, Xalq yazıçısı İsmayıl Şıxlı toplayaraq “Dostum Hüseyn Arifin lətifələri” adlı kitabda nəşr etdirib.

Modern.az saytı İsmayıl Şıxlının dilindən Hüseyn Ariflə bağlı daha bir neçə duzlu-məzəli lətifələri oxucuların diqqətinə çatdırır.

Bir gün Vaqif Səmədoğlu “Azərnəşr”in yanında, Nizami heykəlinin böyründəki çinarların dibində Hüsen Ariflə qarşılaşır.

- Hüseyn qağa, mənim şeirlərimi oxumusanmı?
- Hansı şeirləri?

- Qəzetdə təzə çıxanları?

- Oxumuşam.

- Fikrin nədir?

- Fikrimi bilmək istəyirsən?

- Mütləq.

-Gedək.

- Hara?

- Restorana. Həm bir tikə çörək yeyərik, həm də şeirlərin haqqında fikirlərimi söyləyərəm.

Gedirlər. Bir az yeyib-içirlər. Vaqif gözləyir, Hüseyn heç nə demir. Axıra yaxın Vaqif dözmür:

- Ay Hüseyn qağa, bə şeirlər?

- Dur iki şampan şərabı və arax götür, gedək bizə. Evdə arxayın danışarıq.

Gedirlər. Şərablar da içilir, araq da, hətta üstündən çay da.  Amma Hüseyn yenə fikirini demir. Vaqifin səbri tükənir:

- Ay Hüseyn qağa...

- Dur divardan o sazı mənə ver.

Vaqif sazı verir. Hüseyn kökləyib astadan çalmağa başlayır.

- Yaxşı qulaq as, “Misri”dir. Tazana çarpaz simlərə toxunur, elə bil qılınclar cingildəyir. Bunu mahir çalan Aşıq Mirzə idi. Mirzə dayı bu havanı çalıb-oxuyanda, çarpaz yerişlə ortada fırlanırdı. Dağda cığırla gedən ata fikir vermisənmi? Qabaq ayağının qoyduğu yerə sonra dal ayağını qoyur, yıxılmamaq üçün. Elə eləyir ki, addımlar çarpazlaşır.

- Ay Hüseyn qağa...

- Yaxşı qulaq as, bu da “Dö.əmə Koroğlu”dur. At kişnərtisi və nərələr eşidilir. İndi də keçdim “Dilqəm”ə. Sevgidir, iniltidir. Bax, bu da “Yanıq Kərəmi”dir, fəryaddır.

- Ay Hüseyn qağa...

- Yoxsa, caz. Saz hara, caz hara.  Səməd qağa saz sevərdi, sən caz. Saz və caz.

- Ay Hüseyn qağa, bə mənim şeirlərim haqqında fikirlərini demədin.

- Demədim. Şeir bax budu, saz, a Vaqif, saz, caz yox.

***

Bir gün, səhər tezdən qapının zəngi döyülür. Hüseyn Arif alatorandan dəhlizi kəsdirənlərin kimlər olacağını fikirləşə-fikirləşə, yuxulu-yuxulu qapını açır. Kənddən gələn bir dəstə adam içəri dolur. Arvadlar onun boynuna sarılaraq, o üzündən, bu üzündən marçla-marçla öpürlər.

- Ölüm qabağında, ay Söyün, bizi niyə yaddan çıxarıbsan, heç demirsənmi, kənddə qohum-əqrabam qalıb, görən ölüblər, yoxsa diridirlər?

- Bilirəm, ölən şey deyilsiniz, hamınız sap-salamatsınız. Ağac başında yatmışlar kimi, bu tezdən xeyir ola?

- Dərdin alem, bə bilmirsənmi başımıza gələni, uşağı şərrləyiblər. Damdadı. Bu gün-sabah məhkəməsi olacaq.

- Uşaq kimdi?

- Belə xalan oğlunu deyirəm, yaddan çıxardıbsan?

- Bıy, aaz omu? O ki, cibgirin birisidir, onu kim şərrləyə bilər?

- Zarafata salma, ağrın alem, uşağa kömək elə, məhkəməni Zebeyir qağan aparacaq.

- Hansı, Daş Salahlı Zebeyirmi? O ki bizim adamdır. Arxayın olun, tapşıraram. Təmiz buraxa bilməsə də, üç-dörd ay icbaridən-zaddan verər.

Qohumlar dil-ağız eləyib gedirlər.

Beş-altı aydan sonra Hüseyn təsadüfən yolda Zübeyirə rast gəlir. Qucaqlaşıb öpüşürlər, hal-əhval tuturlar. Aralanmaq istəyəndə Hüseyn ayaq saxlayır.

- Zübeyir qağa, sənə bir işim düşüb.

- Buyur, ay Hüseyn, lap iki işin düşsün.

- Mənim bir qohumumu tutublar, işi səndədir. Bu günlərdə məhkəməsi olacaq.

- Adı, famili nədi?

Hüseyn deyir. Zübeyir qaş-qabağını sallayıb gileylənir.

- Allah sənə insaf versin, adam-adama beləmi kömək eləyər! Düz dörd ay bundan əvvəl onun məhkəməsi də olub, iş də vermişik.

- Nə qədər veribsiniz?

- Beş il.

- Bəsidi, bəsidi. Sağ ol.

***

Tez-tez xəstələnirdim. Bir yandan şəkər, bir yandan da qan təzyiqi məni əldən salırdı. Bu xəstəliklərin məni üstələdiyi günlərin birində Hüseyn zəng çaldı:

- A qoca, nə təhərsən?

- Üstünə yüngüllük, a kafir, yaman xəstələnmişəm.

- Bilirsən, nə var, a qoca, mənim bir işdən çıxandan, bir ölüdən, bir də xəstədən zəhləm gedir.

Dəstəyi asdı.

***

Bir gün Mirzə İbrahimov Hüseynə zəng vurur.

- Hüseyn, bu gün Yazıçılar İttifaqında partiya iclası var. Sənin iştirakın vacibdir. Təcili gəl.

- Baş üstə, Mirzə müəllim, siz iclasınızı keçirin, mən sabah gələrəm.

***

Hüseyn Arif dostlarından birinə zəng vurur. Nömrəni yığır, dəstəyi qaldırır, ancaq zəng vurduğu adamın adı yadından çıxır. Xəttin o başından səs gəlir.

-Alo, kimdi?

Hüseyn cavab verir.

- Sizə kim lazımdı, a yoldaş, xahiş edirəm, nömrəni düz yığın.


Ardı var...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular