Modern.az

Daha bir ölkədə “Britaniya ştammı” aşkarlandı

Daha bir ölkədə “Britaniya ştammı” aşkarlandı

Aktual

4 Yanvar 2021, 21:06

Ötən il Milad bayramından bir neçə gün öncə barəsində ilk dəfə xəbərlərin yayıldığı koronavirusun mutasiyaya uğramış ştammına Avstriyada da rast gəlinib.

 

Modern.az xəbər verir ki, Avstriyanın Federal səhiyyə naziri Rudolf Anşober və Avstriya Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Frants Allerberqer birgə mətbuat konfransında bu xəbəri təsdiqləyiblər.

 

Qeyd edilib ki, Avstriyada artıq dörd pasiyentdə koronavirusun Böyük Britaniyada aşkarlanan yeni forması müəyyən edilib. Nazirin sözlərinə görə, indiyədək 32 ölkədə təsdiqlənən yeni ştammı müəyyən etmək üçün Avstriyada 1800-dən artıq test nümunələrinin təkrar yoxlanışı həyata keçirilib və yeni ştamm Vyana beynəlxalq hava limanındakı tibbi mərkəzdə götürülmüş testlər arasında aşkarlanıb. Test nümunələrinin təkrar yoxlanışı zamanı isə digər bir pasiyentdə koronavirusun Cənubi Afrika Respublikasında yayılan formasına da rast gəlinib.

 

Mətbuat konfransında bildirilib ki, mütəxəssislər hazırda təqdim olunan peyvənd maddələrinin virusun hər iki formasına qarşı təsirli olması qənaətindədirlər. Eyni zamanda, Böyük Britaniyada aşkar edilən varianta (B.1.1.7) yoluxanlarda xəstəliyin daha ağır formada keçməsi də təsdiqlənməyib. Lakin bununla belə gələcəkdə peyvəndlərin təsir göstərə bilməyəcəyi yeni formaların da meydana gələ biləcəyi istisna deyil. Həmçinin yeni mutasiya ştammının ilkin variantla müqayisədə daha sürətlə yayılması faktı da müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi