Modern.az

Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır

Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır

7 Yanvar 2021, 14:30

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev metronun yeni inşa olunan stansiyasına “8 Noyabr” adının verilməsini təklif edib.  Bu təşəbbüs Vətən müharibəsi günlərində ordumuza dəstəyini əsirgəməyən metropoliten kollektivi üçün böyük şərəf olub. 2020-ci ilin tikinti işləri sırasında məhz “8 Noyabr” adı verilmiş Bənövşəyi xəttin 3-cü stansiyasının tamamlama işlərini, habelə “Avtovağzal-Xocəsən” deposu arasındakı tunellərin inşasını qeyd etmək lazımdır”.

Bu barədə Bakı metropolitenindən ötən ilin yekunları ilə bağlı Modern.az-a daxil olan hesabtda bildirilib.

 

Qeyd edilib ki, 2020-ci ilin mart ayında “Avtovağzal-Xocəsən” deposu arasında ikinci tunelin inşası başa çatdırılıb. O da xüsusi qeyd olunmalıdır ki, bu tunellər metro inşaatı tarixində ən mürəkkəb qazıntı işləri kimi yer alıb. Ağır hidrogeoloji şərait, ətraf ərazidəki tikililər, kommunikasıya xətləri baxımından metro inşaatçıları ən məsuliyyətli vəzifəni layiqincə, keyfiyyətlə və itkisiz, əmək rəşadəti ilə yerinə yetiriblər. Hər iki tuneldə tikinti-quraşdırma işləri ilə yanaşı, yolun üst quruluşu elementlərinin quraşdırılması da tamamlanıb.


Bundan savayı, “Memar Əcəmi-8 Noyabr” mənzili boyunca tunellərin inşası, müvafiq infrastrukturun qurulması işləri yekunlaşıb. Burada mühüm yenilik metro inşaatında ilk dəfə dəmir-beton bloklardan istifadə olunmasıdır. Yolun üst quruluşu elementlərinin ballastsız əsaslar üzərində qurulması və burada dəmir-beton bloklardan istifadə olunması iqtisadi, texniki, istismarın  səmərəliliyi baxımından daha böyük imkanlara yol açır. Hazırda yeni sahələrdə yollar bu tərzdə salınır və tikinti sahələrinin dəmir-beton blokları metronun öz istehsalat bazası olan dəmir-beton konstruksiyalarının istehsalı sahəsində hazırlanır. Burada Almaniyanın "Vollert” şirkətinin quraşdırdığı yeni sexdə yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Bu isə həm də "Made in Azerbaijan” brendinə bir töhfədir.


Dəmir-beton bloklar təkcə yeni inşa olunan "Bənövşəyi” xəttin "Memar Əcəmi-8 Noyabr”, "Xocəsən-Avtovağzal” sahələrində deyil, "Xətai” və "Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmir edilən stansiya yollarına qoyulmaqla daha bir istiqamətdə yeniliklərin tətbiqi öyrənilib. Ağac şpalların ölkəmizdə istehsal olunan dəmir-beton şpallarla əvəz edilməsi Nərimanov elektrik deposunun park yollarında da aparılır. İndiyə kimi "Bakmil” stansiyasının hər iki yolunda, stansiyadan portala qədər olan yol sahəsində, deponun təmir olunmuş qanovlarının davamında 2000-dən artıq dəmir-beton şpal qoyulub.


Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası isə istismara hazırlanır. Əsas inşaat işləri yekunlaşdırılmış stansiyada son tamamlama tədbirləri yerinə yetirilir.

Stansiya 3 səviyyədən ibarət olmaqla müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv. m. mərmər-qranit örtüyündən istifadə olunub.

Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb. Onu da qeyd edək ki, bu sosial kateqoriyadan olan sərnişinlər 2019-cu ilin mart ayından Bakı metropoliteninin bütün xətlərinin xidmətindən istifadə edirlər. Metropoliten tarixində ən mühüm sosial addımlardan biri kimi dəyərləndirilən "Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb”,-deyə hesabatda bildirilib.

Stansiyanın əsas özəlliklərindən biri də qatarların bir yoldan digər yola keçərək əks istiqamətdə hərkətini təmin edən dönmə kamerasıdır. Bu isə fərqli hərəkət qrafikinin tətbiqi, hərəkət intervalını azaltmaqla, qatarların müntəzəm hərəkətinin daha da intensivləşdirilməsinə şərait yaradacaq.


Burada tətbiq edilən inqilabi yenilikləri sırasında yolun üstquruluş elementləri də var. Postsovet məkanında ilk dəfə yolda tətbiq edilən müasir "Vollert-Rheda” sisteminin quraşdırılmasına başlanılıb. Yoldəyişdirici qurğu, təmas relsi də tamamilə yeni dövrün texnoloji tələbləri səviyyəsində metropoliten tarixində ilk dəfə tətbiq edilir. Bununla müasir texnologiyalarla səmərə, qənaət və keyfiyyətə nail olunması da təmin edilib.

 

O da bildirilib ki, hazırda “Xocəsən” deposunda işlər sürətlə davam etdirilməklə Bənövşəyi xəttin inşasına paralel və zərurətə uyğun olaraq 3 mərhələdə həyata keçirilir. Hazırda 3 stansiyanın tələbinə uyğun sahələrin inşası davam etdirilir. Dəmir yoluna çıxış yolunun hazırlanması həlledici mərhələdədir. Qatarlara təmir-baxış sahəsinin qurulması istiqamətində aparılan işlər çərçivəsində bir baxış qanovu və rels yolu hazır vəziyyətə gətirilib, daha ikisində yolun üst quruluşu elementlərinin quraşdırılması tamamlanır.


Depo sahəsində blok-post binası, müvafiq kommunikasiya sistemləri, yükləmə-boşaltma məntəqəsi, yanğın təhlükəsizliyi və digər texniki xidmət sahələri ilə yanaşı, yeraltı keçid, həmçinin sərnişin platformasında işlər pandemiya tələbləri nəzərə alınmaqla planlaşdırılmış qaydada davam etdirilir.

 

2020-ci ildə irimiqyaslı təmir-bərpa və yenidənqurma işləri "Cəfər Cabbarlı” stansiyasının ikinci yolunda başa çatmaq üzrədir. Burada platforma və stansiya yolu tamamilə əsaslı şəkildə yenidən qurulmaqla xidmət imkanları, konstruksiya etibarlığı, habelə estetik görkəmi ilə də müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb. Bu stansiya ilə "Xətai” stansiyasını birləşdirən tunellərdə böyükhəcmli bərpa işləri aparılıb. Stansiyanın uzun illər istismar olunmayan birinci yolunda və ona bitişik tunel sahəsində aparılan sağlamlaşdırma işləri tuneli, demək olar ki, tam yararsız və qəza halına düşməkdən xilas edib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!