Modern.az

\"Dilimizin saflığının qorunmasında sadə vətəndaşlar da maraqlı olmalıdır” – Vüqar İskəndərov

\

7 Yanvar 2021, 20:19

“Bu gün dilimizin saflığının qorunmasında ziyalı təbəqə ilə yanaşı sadə vətəndaşlar da maraqlı olmalıdır. Xarici söz və ifadələri yersiz yerə işlətməməli və bu hallardan çəkinməlidir”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

 

“Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan dili, Azərbaycan mədəniyyəti, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi   həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir. Çünki Azərbaycan dili öz zənginliyi ilə dünya dilləri arasında xüsusi yer tutur. Ona görə də hər kəs vəzifəsindən, statusundan asılı olmayaraq, dilimizə daxil olan xarici sözləri az işlətməli və onun ekvivalentini dilimizdə tapmalıdır. Çünki son vaxtlar bəzi sözlərin dilimizdə qarşılığı ola-ola dəyişdirilməsinə daha tez-tez rast gəlirik. Təəssüf edici məqam isə ondan ibarətdir ki, bu tip sözlərlərlə bəzi media orqanlarında qarşılaşırıq. Halbuki dilin saflığının qorunmasında mətbuatın xüsusi rolu olmalıdır. Məsələn, “avtomobili dayancaqda saxlamaq” əvəzinə “avtomobili park etmək” kimi birləşmələrin istifadə olunması dilimizin saflığına xələl gətirir. Bu tip misalları çox çəkmək olar. 

 

Böyük xalqın zəngin dili olmalıdır. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir”.

 

Deputat həmçinin vurğulayıb ki, ümummillli lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili liderin təşəbbüsü ilə hər il Azərbaycanda  avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi