Bu gün Qazaxıstanda parlament seçkiləri keçirilir. Seçkiləri müşahidə etmək üçün Milli Məclisin deputatları Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində səfərdədir. Deputat Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə Komitəsinin xətti ilə seçkiləri izləyir.
O, Modern.az-a açıqlamasında bildirib ki, səhər saat 6-dan Seçki Məntəqələri seçicilərin üzünə açıqdır:
“Hələ ki, hər şey normaldır. Seçki fəallığı da müşahidə olunur. Pandemiya dövrünə uyğun olaraq bütün kabinetlərə nəzarət olunur. Müşahidəçilər də məntəqələrə daxil olanda mütləq pandemiya arayışı təqdim edirlər”.
Deputat 5 partiyanın mübarizə apardığını deyib:
“Parlament seçkiləri uğrunda 5 partiya mübarizə aparır. Partiyaların bütün nümayəndələri ilə görüşmüşük. Proses normal gedir. Baxmayaraq ki, hava çox soyuqdur, ancaq seçicilər məntəqələrə səsverməyə gəlir”.
Qeyd edək ki, səfər yanvarın 15-də başa çatacaq.