Modern.az

Dövlət qurumları rəsmi müraciətləri cavablandırmırsa...

Dövlət qurumları rəsmi müraciətləri cavablandırmırsa...

7 Avqust 2012, 16:34

Qanun jurnalistlərin tərəfindədir - hüquqşünas

Mətbuat nümayəndələrinin əsas informasiya mənbələrindən biri də dövlət orqanlarıdır. Əldə olan məlumatı dəqiqləşdirmək, informasiyanı rəsmiləşdirmək üçün nazirliklərə, dövlət qurumlarına üz tutmaq məcburiyyətində qalırıq. Amma heç də həmişə ünvanlanan suallar cavablandırılmır. Belə olan halda jurnalistin bir əlacı qalır o da ki, rəsmi məktub yazmaq. Heç bu da öz səmərəsini vermir. Düzdür, elə nazirliklər və dövlət qurumları var ki, bəzi məlumatları gizli saxlamağa borcludurlar. Lakin bu halda da onlar jurnalistə məlumatın dövlət sirri olduğunu və məktuba “yox” cavabı verməyi belə çox görürlər.

Bu yaxınlarda Müdafiə Sənayesi Nazirliyinə rəsmi məktub yazsam da, üstündən xeyli müddət keçməyinə baxmayaraq, cavab gəlmədi. Eyni halla ədliyyə və fövqəladə hallar nazirliklərində də qarşılaşırıq.

Ədliyyə Nazirliyinə rəsmi məktubla qadın cəzaçəkmə müəssisəsindən reportaj hazırlamaq istədiyimi bildirib, nazirlikdən bunun üçün icazə istəyirdim. Amma qanunda nəzərdə tutulan vaxtın keçməsinə baxmayaraq, cavab məktubu hələ də gəlmədi. Bu halda məcbur qalıb nazirliyin müvafiq şöbələri ilə əlaqə saxladıqdan sonra səbəbi göstərilmədən məktubuma “yox” cavabı verildiyini öyrəndim. Halbuki həmin “yox ”cavabı rəsmi məktubla və səbəbləri açıqlanmaqla göndərilməli idi. Belə olan halda jurnalist nə etməlidir?

“İnformasiya əldə etmə haqqında” Qanuna görə, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

Eyni zamanda onu da deyim ki, informasiya sorğusunun bu qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır. İnformasiya sorğusunun icra müddətinin uzadılması o halda ola bilər ki, informasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, bu qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər.

İnformasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.

Hüquqşünas Ələsgər Məmmədli media nümayəndələrinin belə hallarla tez-tez qarşılaşdıqlarını deyir. “Dövlət orqanları yox cavabı versə də, sorğunu cavablandırmalıdır. Yəni ya informasiya verməlidir, ya da verilməyən informasiyadırsa onu cavabında bildirməlidir. 7 iş günü bitdikdən sonra siz istənilən halda İnsan Hüquqları üzrə Müvəkkilə şikayət məktubu ilə müraciət edə bilərsiniz. Yaxud da məhkəməyə müraciət edə bilərsiniz. Çünki məhkəmə də bunlara birbaşa baxacaq işdir. Mən düşünürəm ki, ən yaxşı yol həm ombudsmana  müraciət etməkdir, həm də paralel məhkəməyə vermək lazımdır. Hüquqşünas kimi bu cür faktlarla çox qarşılaşmışam. Məhkəmələrin əksəriyyətində birbaşa həmin informasiya sahiblərinin üzərinə cavablandırma vəzifəsi qoyurlar. Məsələn, İctimai Televiziyanın sorğusu cavablandırılmadığı səbəbindən Təhsil Nazirliyinin üzərinə məhkəmə belə bir vəzifə qoyub. Eyni zamanda Səhiyyə Nazirliyi də onun kimi. Nazirliklərə qarşı qaldırılmış və nəticələnmiş işlər var. Əksər hallarda jurnalistlərin qazanma şansları böyük olur. Əgər siz ictimai informasiya tələb etmisinizsə və   həmin informasiyaya bunlar hər hansısa bir formada reaksiya bildirməyiblərsə, sizin hüququnuz var ki, məhkəməyə müraciət edəsiniz və məhkəmədən nəticə əldə edəsiniz. Reportaj hazırlamaq işi bir az fərqlidir. İnformasiya sorğusu deyil. Yenə də KİV haqqında qanunun 8-ci maddəsinə görə, həmin quruma müraciət edərək ondan informasiya almaq hüququnuz var. 8-ci maddəyə istinad edərək məhkəməyə gedə bilərsiniz. Və jurnalistin informasiya əldə etmək hüququnu qanunsuz məhdudlaşdırdığına görə ya da bu və ya digər formada  problem yaratdığına görə qarşı tərəfi həm maddi, həm də mənəvi olaraq təzminat ödəməyə məcbur edə bilərsiniz. Bütün hallarda məktuba reaksiya göstərməmək düzgün deyil”.

Şahanə Rəhimli

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu