Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 12 yanvar tarixində KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin vebinar iclasında iştirak edib. KAİCİİD Təşkilatının Baş Katibi d-r Feysal bin Müəmmarın giriş sözü ilə açılan vebinar yeni ilin ilk iclası olaraq ötən ilin yekunlarına və qarşıda duran fəaliyyətlərlə bağlı fikir mübadiləsinə həsr olunub.
Modern.az xəbər verir ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə vebinarda çıxış edib.
Şeyxülislam A.Paşazadə 2020-ci ilin dünya birliyi, bəşəriyyət üçün ciddi sınaqlar ili olduğunu, hələ də qalmaqda olan pandemiyanın, özünün məcburi məhdudiyyət tədbirləri ilə bilavasitə ünsiyyət və təmaslarımızın qarşısını aldığını, ictimai-mədəni tədbirlərin, o cümlədən, kütləvi dini mərasim və ayinlərin təxirə salındığını qeyd edib.
Şeyxülislam A.Paşazadə 2021-ci ilin bütün dünyada, yaşadığımız bölgələrdə əmin-amanlıq, sabitlik və rifah ili olması üçün Uca Yaradana dualar edib. Ədalətli Vətən müharibəsinini qalibiyyətlə başa vurmuş, müharibənin acı reallıqlarını, itki və dağıntılarının şahidi olan ölkənin nümayəndəsi kimi, QMİ sədri sidq-ürəkdən arzu edib ki, Yer üzündə müharibələr olmasın, bu müharibələrdən əziyyət çəkən insanların məşəqqətləri sona yetsin, insanlar öz doğma yurdlarından qaçqın düşməsin, məcburi köçkün həyatı sürməyə vadar olmasın, miqrant fəlakətləri davam etməsin, dini, milli zəmində ayrıseçkilik halları baş verməsin, dini-mənəvi abidələr məhv olunmasın, dini məbədlərə həqarət edilməsin, şəhər və kəndlər viran qoyulmasın, dinc mülki əhali, uşaq, qadın və qocalar qətlə yetirilməsin.
Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Kenterberi Arxiyepiskopunun Dinlərarası məsələlər üzrə katibi, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, habelə İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi dr. Hamad əl-Məcid vebinarda çıxış ediblər. Yeni təqvim ilində pandemiyanın fəsadlarına rəğmən insanların ümid və daha böyük səylə fəaliyyətlərini davam etdirmələri, mənəvi dəyərlərə istinadən bütün problemlərin öhdəsindən gəlmələri üçün dualar edilib.