Ağalar Qut
Şərqin ən parlaq ulduzlarından biri olan, bizdən təqribən min il qabaq yaşamış, səlcuqluların qurduqları Nizamiyyə mədrəsəsində (universitetində) müəllimlik edən nəhəng mütəfəkkir, sufi və ilahiyyatçı Əbu Hamid Əl-Qazzali (Qazali) bir gün gənc yaşlarında səyahət edərkən yolda soyğunçuların hücumuna məruz qalır. O, soyğunçulara deyir: “Xahiş edirəm kitablarımı qaytarın, qalan nə varsa götürə bilərsiniz. Mən aliməm. Kitablarımdan asılıyam. Sizə yalvarıram, kitablarımı qaytarın”. Soyğunçu ona belə cavab verir: “Sən özünü necə alim adlandıra bilirsən ki, yeni biliklər öyrənmək üçün kitablara baxırsan (yəni, elmi kitablardan öyrənirsən)?” Qazzali dərin fikrə gedir. Və səyahət etdiyi yoldan geri qayıdır. Bundan sonra Qazzali bütün ömrü boyu kitabdan öyrənilən bilikləri “təqlid” (imitasiya) adlandıraraq tənqid edir.
Bu hekayədən, məncə, bir neçə məna çıxır.
Birincisi, bu hadisə 20-ci əsrdə yaşamış E. Husserl-in (M. Heidegger-in müəllimi) fenomenologiya metodunun rüşeymi kimidir. Belə ki, fenomenologiya metodunda “epoxe” tətbiq etməlisən, yəni varlıqla birbaşa təmas qurmaq üçün kitablardan öyrəndiklərini, yəni savadını tamam “unutmalısan”, onları nəzərə almamalısan. Yeri gəlmişkən deyim, Qazzali Avropada elə sağlığında Algazel adıyla məşhur idi. Yəni, Qərbin Qazzali-dən həmişə xəbəri olub.
İkinci məsələ, Qazali-nin həmişə qarşı çıxdığı İbn Sina faktıdır. Məlumdur ki, İbn Sina şəxsi kitabxanası əlyazmalarıyla birlikdə yandırılanda dərin sarsıntı keçirmişdi. İbn Sina-nın əbədi tənqidçisi olan Qazzali-nin başına gələn, ya da sonradan uydurulan bu hekayədə sanki İbn Sina-ya incə bir tənqid var ki, ayıbdır, alim adam kitabları üçün elə də qəmə batmaz. Alimlik – varlığı “oxuya” bilməkdir, mütaliəli olmaq yox.
Üçüncü məqam odur ki, ulu Şərqdə nə çox kitab oxumuşlara alim deyiblər, nə də kitabxana yanğınlarına dəhşətlə yanaşıblar, çünki onlar biliyin kitablarda yox, varlıqda olduğunu həmişə başa düşüblər. Kitablar bizə varlığa baxa bilmək, varlıqla üz-üzə gəlməyi öyrənə bilmək üçündür. Çünki biliyin qaynağı kitablar deyildir. Bəlkə də biz şərqli azərbaycanlıların kitaba, mütaliəyə soyuq münasibətinin səbəblərindən biri də bu qədim arxetipdir.
Dördüncü məqam isə kitabın ziyanıdır. Bizə həmişə elə gəlir ki, kitablar körpü kimi keçmişlə gələcəyi bir-birinə bağlayırlar. Halbuki, kitablar varlığın su kimi axıcı dinamizminə qarşı durğun statiklik yaradırlar. Hər bir doğulan körpə yeni bir gələcəyə ümiddirsə, hər bir kitab keçmişi qoruyan zəncirdir, yükdür, kəmənddir. Biz təcili hər bir körpəni kitablarla zəhərləyir və zəncirləyirik. Bəlkə də Şərqin evi onda yıxıldı ki, o, kitabları “müqəddəs” adlandırmağa başladı. Kitabsız dünyada tarix şəxsi yaddaşımız boyda olacaqdı.
O gecə soyğuncu Qazzali-yə yolda nə demişdi?