Modern.az

Azərbaycan millisinin məşqçisi Rusiya klubunda

Azərbaycan millisinin məşqçisi Rusiya klubunda

17 Yanvar 2021, 14:38

Rusiyanın MOİK komandasının qapıçılarla iş üzrə məşqçi vəzifəsinə həmyerlimiz təyin olunub.

 

Modern.az bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Məlumata görə, bu vəzifəni Dmitri Kramarenko icra edəcək.

 

O, artıq kollektivlə birlikdə İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

 

Rusiya MOİK-inin sabiq baş məşqçisi Valeri Qazzayev jurnalistlərə deyib ki, Dmitri Kramarenkonu əla qapıçı kimi çox yaxşı tanıyır: “Onun atası Sergey Kramarenko da dahi qapıçı olub. "Neftçi"nin heyətində SSRİ çempionatının bürünc medallarını qazanıb. Həmin vaxt Bakıda mükəmməl komanda var idi".

 

V.Qazzayev D.Kramarenkonun eyni zamanda həm Azərbaycan millisi, həm də MOİK-də işləməsinin mümkünlüyü ilə bağlı suala da cavab verib. Bildirib ki, bu məsələ klub rəhbərliyi ilə məşqçilər heyəti arasında müzakirə olunacaq: "Necə qərar verəcəklər, elə də olacaq. Amma fikrimcə, məsələn, Kramarenko 1 həftəlik millinin düşərgəsinə yollansa, bu, problem olmayacaq. Həmin vaxt MOİK-in futbolçuları da öz yığmalarında olacaqlar. Məncə, həlledilməz problem olmayacaq".

 

Qeyd edək ki, Dmitri Kramarenko 2002-2003-cü illərdə MOİK-in formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb.

 

Dmitdi Kramarenko qapıçı kimi "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter" və "Simurq" klublarının, o cümlədən Azərbaycan millisinin formasını geyinib.

 

Onu da qeyd edək ki, Dmitri Kramarenko MOİK-lə bu ilin mayınadək müqavilə imzalayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi