Azərbaycanın dövlət müstəqilliyinin, milli hürriyyətə aparan yolun başlanğıcı kimi tariximizə yazılan 20 Yanvarın 31-ci ildönümüdür.
Qurumdan Modern.az-a verilən məlumata görə, həmin gecə Bakının müxtəlif rayonlarında törədilən qətliamın günahsız qurbanları arasında Bakı metropoliteninin iki əməkdaşı - ”Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da olub:
"Tanklar şəhərə daxil olarkən törədilən dəhşətlərin şahidi olmuş yol xidmətinin işçisi Valeh Məmmədov yaralanıb, bir müddət sonra isə keçirdiyi ağır əsəb gərginliyindən, gördüyü dəhşətlərdən tapdığı sağalmaz xəstəlikdən dünyasını dəyişib.
Bakı metropoliteni həmin gecənin, sadəcə, şahidi olmadı. Metro həm də şəhərin müxtəlif istiqamətlərində güllə-boran edilən sakinlərin sığınacaq yerinə çevrildi. O gecə şəhərdə güllə yağışından, ağır texnikanın basqısından hərəkətin, demək olar ki, tam məhdudlaşdığı bir vaxtda yaralıların xəstəxanalara vaxtında çatdırılmasında, yaralıların həyatının xilas edilməsində metro əvəzsiz rol oynadı.
Yarandığı gündən paytaxtın rəmzlərindən birinə çevrilən Bakı metropoliteni həm də bu şəhərin nəbzini vuran bir canlı orqanizmdir. O vaxtdan hər il bu qanlı yanvar gecəsinin xatirəsi Bakı metropolitenində xüsusi mərasimlərlə anılır.
O tarixi gecədə qan tökülən əsas ərazilərdən biri olan XI Qızıl ordu meydanının, eləcə də həmin meydanın adını daşıyan metro stansiyasının adı dəyişdirilərək “20 Yanvar” olub. Bu tarixdən sonra hər il faciə qurbanlarının anım günlərində qərənfillərin düzüldüyü stansiyalarda günün ruhuna uyğun musiqi parçaları səsləndirilir, qatarlarda maşinistlər stansiyaları radiorabitə vasitəsilə elan edirlər. Əlbəttə, həmin gün “20 Yanvar” stansiyası sərnişinlərini xüsusi bədii tərtibatla qarşılayır. Saat 12:00-da, bütün ölkə ərazisində olduğu kimi, Bakı metropolitenində də bir dəqiqəlik sükut elan edilir, stansiyalalara çıxarılan qatarlar bir dəqiqə ərzində matəm fiti verirlər.
“Bakı Metropoliteni” QSC-nin kollektivi, rəhbər heyəti başda olmaqla, həmin anı orada qarşılayır. Hər il Bakı metropoliteninin kollektivi, iki günahsiız qurbanının da uyuduğu Şəhidlər xiyabanını ziyarət edir, onların ruhları qarşısında baş əyərək dualar oxuyur".
Rəsmi məlumata görə, artıq bir ilə yaxındır dünyanı cənginə alan yeni növ koronavirus (“COVID-19”) infeksiyası təhlükəsinin minimallaşdırılması məqsədilə Bakı metropolitenində də sərnişindaşıma fəaliyyəti dayandırılıb:
"Növbəti dəfə belə bir qərar oktyabr ayının 19-da verilib və metropolitenin sərnişinsiz günləri davam edir. Bu səbəbdən “20 Yanvar” stansiyası 31 illik tarixdə ilk dəfə şəhid xatirəsinin ovqatına köklənməyib. Lakin metropoliten bugünkü anım mərasimlərindən kənar qalmayıb. Bu dəfə qatarlardan matəm fiti “Nərimanov” elektrik deposunun yollarında yayılıb. QSC rəhbərliyi və kollektivin nümayəndələri burada Vətənə fəda etmiş bütün şəhidlərimizin ruhunu birdəqiqəlik sükutla yad ediblər.
Depoda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub".