Modern.az

Füzulinin qəbri nə durumdadır? - PROBLEM

Füzulinin qəbri nə durumdadır? - PROBLEM

11 Avqust 2012, 13:35

Kərkükdə Türkiyədən yardım istənilir, Azərbaycanda isə narahatlığa əsas görmürlər

Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin qəbrinin dağınıq durumda olması haqında bir-birinə zidd məlumatlar var. Bu məsələ artıq bu gün geniş müzakirə obyektinə çevrilib. Bir müddət əvvəl İraqa gedən jurnalist Zakir Sadatlı səfər təəssüratlarını əks etdirdiyi “İraq olsun” kitabında da bu məsələyə toxunaraq, bildirib ki, 1979-cu ilə qədər Füzulinin məzarı böyük Bəktaşilər nəslinin nümayəndəsi olan və Dədə Bəktaşi deyilən bir şəxslə eyni günbəzin altında, İmam Hüseyn məqbərəsindən bir xeyli aralıda olub. Bu məzara qulluq edən Niyazi adında bir şəxs olub (ona kiliddar deyirlər). Həmin adam bolqar türkü imiş. 1978-79-cu illərdə məzarı söküblər, günbəzi götürüblər.

Z. Sadatlının qeyd etdiyinə görə, bunu həm ərəb, həm türkmən alimləri, eyni zamanda Məhəmməd Mehdi Bayat adlı füzulişünas-alim də təsdiq edib və onların cəsədi üstündə su hovuzu tikiblər, içində bir gəmi maketi də düzəldib qoyublar. “Guya bu, Nuhun gəmisidir”. Zakir Sadatlının həmin kitabda verdiyi məlumata görə, həmin dövrdə Türkiyə bu məsələyə qarışıb və etirazını bildirib və bundan sonra su hovuzundan xeyli aralıda simvolik bir başdaşı qoyublar ki, guya bu, Füzulinin qəbridir. “Əslində isə Füzulinin məzarı bu gün Kərbəlada, İmam Hüseynin məqbərəsinin yaxınlığında su hovuzunun altındadır”.

Eyni zamanda Kəkük Haber Ajansında profrssor Suphi Saatçi “Davutoğlundan Füzuli İçin Bir Mezar İstiyoruz” başlığa yazdığı köşə yazısında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluya müraciət edərək türk dünyasının sahibləndiyi Füzulinin məzarının hələ düzəldilmədiyini qeyd edib. O, dahi şairin məzarının yenidən bərpasının Türkiyəyə yaraşdığını qeyd edib. O bunun üçün Əhməd Davutoğluya səsini eşitdirmək istədiyini bildirib:

“Bu hususta Dışişleri Bakanı Sayın Ahmet Davutoğlu’na da sesimizi duyurmak istiyoruz. Cengiz Dağcı’nın Kırım’da gömülmesi için büyük bir duyarlılık gösteren Davutoğlu, bütün Türk dünyasının gönlünü çıra gibi yakan ve:

Ne yanar kimse bana ateş-i dilden özge
Ne açar kimse kapım bad-ı sabâdan gayrı

diyen Füzuli’ye de bir mezar tedarik edemez mi?”

Bu gün biz dahi şairimiz Məhəmməd Füzulinin Azərbaycanın şairi olduğunu hər yanda bəyan edirik, onun abidəsini ucaldır, müxtəlif ölkələrdə heykəlini açıb, “Azərbaycanın dahi şairi” kimi təqdim edirik. Onun haqqında elmi araşdırmalar aparıb bu gün alim, füzulişünas olanların sayı artır. Amma Füzulinin qəbrinin bərpa edilməsi üçün Azərbaycana deyil, məhz Türkiyə müraciət edilməsi nə dərəcədə doğrudur? Haqqında bu qədər danışdığımız, bütün dünyaya “Azərbaycan şairi” kimi təqdim etdiyimiz Məhəmməd Füzulinin qarşısında mənəvi borcumuzu yerinə yetirməyəkmi?

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az-a bildirib ki, onlara bu haqda heç bir müraciət edilməyib, edilsəydi məsələyə baxılardı. “Məhmməd Füzulini Azərbaycanın məşhur şairidir və bu danılmaz faktdır. Bizə bu haqda heç bir müraciət olunmayıb. Olunsa, məsələyə baxılıb, müvafiq addımlar atılacaq”.

“Ədəbiyyat” qəzetinin baş redaktoru, “Məhəmməd Füzuli” Beynəlxalq Ədəbi Əlaqələr Fondunun sədri Ayaz Vəfalı dahi şairin qəbrinin yerinin məlum olmaması və ya pis vəziyyətdə olmaması fikri ilə razılaşmır.

“Hələ Heydər Əliyevin dövründə Füzulinin məzarını Azərbaycana gətirmək söhbəti qalxdı, bu barədə mətbuatda geniş müzakirələr getmişdi. Cavab yazdım ki, bizim üçün münasib deyil. Hətta  Heydər Əliyev də bildirmişdi ki, Füzulinin məzarını Azərbaycana gətirmək lazım deyil. Eyni zamanda, mən 1994-cü ildə onun məzarını ziyarət etmişəm. Füzulinin qəbri İmam Hüseyn məscidindədir. Füzuli ilə bağlı bu məsələdə Türkiyə nə fikirləşir, Davudoğlu nə deyəcək-deməyəcək hələ buna münasibət bildirməyə əsas görmürəm. Qoy görək kimlər nə iş görəcək”.

A.Vəfalı hazırda dahi şairin məzarının yaxşı durumda olmadığı barədə fikirləri təkzib edib.

“Heç bir dəyişiklik olmayıb. 5-10 gün bundan qabaq “Ədəbiyyat” qəzetində şəkil verdik. Bizim İraqdan gələn iranlı dostlarımız çəkmişdi, həmin hörmət, həmin izzətdir, pis heç nə yoxdur”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat