Fevralın 1-də parlamentin yaz sessiyası üçün ilk plenar iclasında "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılacaq.
Dəyişikliyə əsasən tikinti layihələrinin şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin müddəti daha 3 il uzadılır. Tələbin müddəti 2023-cü ildə qüvvəyə minəcək.
Məlumat üçün bildirək ki, tikinti və şəhərsalma məcəlləsi layihəsi bir neçə il bundan əvvəl qəbul edilib. Qanunun müddəasında göstərilib ki, 12 metr 3 mərtəbəli mənzillərin fərdi yaşayış evlərinin tikilməsi razılaşdırılma üsulu ilə həyata keçirilir. Vətəndaşın qanuni torpağı varsa, onu tikməzdən öncə müvafiq orqana məlumat verir. Həmin orqan da layihələndirmə ilə bağlı tövsiyələrini bildirir.
Ancaq bu tələblər uzun illər icra olunmayıb.
"Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklikdə daha nələr öz əksini tapmalıdır?
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, tikinti sıxlığı əmsalına mütləq baxılmalıdır:
“Zaman-zaman Yer kürəsində əhalinin sayı çoxalır. Torpaq sahəsi isə əksinə olduğu kimi qalır və adambaşına düşən torpaq sahəsi azalır. Şəhərlər, iri meqapolislər arizontal yox, vertikal inşa edirlər. Bu halda şəhərsalma standartlarını gözləmək çətin olur”.
Ekspert sıxlığın paytaxtda daha çox olduğunu da qeyd edib:
“Bakıda və digər böyük şəhərlərdə bu hal müşahidə edilir. Bu məsələyə yenidən baxılsa, tikinti sektorunda yeni bir canlanma müşahidə oluna bilər”.
Mehri Qurban