Modern.az

Komitə sədri şəhid ailəsi və qazilərlə görüşdü - FOTO

Komitə sədri şəhid ailəsi və qazilərlə görüşdü - FOTO

Aktual

29 Yanvar 2021, 22:38

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət Məktəbində tar müəllimi olmuş Rauf Əliyevin valideynləri İlyas Əliyev və Səbinə Əliyeva ilə parlamentdə görüşüb.

 

Modern.az xəbər verir ki, komitə sədri şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

 

“Əziz şəhid valideynləri,

Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin valideynlərisiz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Oğlunuz Vətən Müharibəsində iştirak edərkən Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Rauf kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

 

Şəhid mədəniyyət işçisinin valideynlərinə Mədəniyyət komitəsi adından Məktub təqdim edilib.

 

***

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin bir qrup qazisi ilə görüşüb, onların qayğıları ilə yaxından maraqlanıb.

Qazilər Vidadi Ağagülov, İlqar Quliyev, Elvin Nəsirov,  Rauf Musayev, Elçin Müseyibov və Məhərrəm Quliyevi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:

 

“Əziz qazilər,

Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, yeni təqvim ilində yeni uğurlar diləyirəm”!

 

Q.Paşayeva qazilərə Mədəniyyət komitəsi adından Təbrik və Təşəkkür Məktubu təqdim edib.

 

Qazilər komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza