Modern.az

Zahid Oruc: “Qələbəmizə hücumlar döyüş meydanındakı qəsdlərlə eyni məqsədlidir”

Zahid Oruc: “Qələbəmizə hücumlar döyüş meydanındakı qəsdlərlə eyni məqsədlidir”

1 Fevral 2021, 11:34

Zahid Oruc,
Milli Məclisin deputatı

Biz Zəfər səlnaməmizin 83-cü gününü yaşayırıq. Dünya və Azərbaycan xalqının hərb tarixində parlaq səhifəyə çevrilən “Qarabağı azad etmə”  əməliyyatından zaman keçdikcə qısa vaxtda, minimum itki ilə ən böyük nəticə qazanan bir millətin tarixi nailiyyətinin nə qədər əzəmətli olduğunu görürük, digər tərəfdən, Qələbəmizə hücumlar da sistemli, planlı və amansız xarakter daşıyır.Sadə dillə desək, hərbi meydanda bizi məğlub edə bilməyənlər, ölkəmizi, o da olmasa düşüncələrimizi 26 sentyabra qaytarmağa cəhd edərək, siyasi, ictimai, diplomatik və informasiya məkanında uğurumuzu əlimizdən almağa cəhd edir, tarixi zəfərimizi gözdən salmağa, onu təhrif etməyə, yaxud müxtəlif sosial-iqtisadi problemlərin fonunda adiləşdirməyə çalışırlar.  

Qələbəmizin təbliği, simvollaşdırılması və gerçək mifologiyasını qurmaq üçün mütləq Dövlət Komissiyasımı yaradılmalıdır? 2-ci dünya müharibəsindən sonra Stalin bütün yazıçılara, qələm adamlarına, mədəniyyət və incəsənət xadmlərinə, universitet və tədqiqat institutlarına-bir sözlə ideoloji işə aid olan bütün qurumlara tapşırıq verirdi ki, faşizm üzərində qələbəni tərənnüm etsinlər.Biz 21-ci əsrin başqa olduğunu deyirik.İndi Yazıçılar Birliyi, universitetlər, institularımız  dövlət sifarişi almadan böyük əsərlərin yaradılmasını, qələbə simfoniyalarının bəstələnməsini, tarixi romanların, povestlərin yazılmasını, əzəmətli filmlərin çəkilməsini və işğal dövründə yazılmış dərsliklərimizin yenilənməsini də Prezident tapşırığı ilə dəyişdirməyi gözləyirsə, onda gəlin, təşəbbüs göstərək xüsusi Dövlət Komissiyası yaradılsın. 

Xatırladaq ki, Türkiyə 1453-cü ildən bu yana İstanbulun fəthini coşqu ilə qeyd edir, britaniyalılar 216 ildir onlara dəniz hökranlığı gətirən Trafalqar zəfərini unutmağa qoymurlar.Çünki  müharibədə qələbə qədər milləti böyüdən, formalaşdıran və ona ruh verən ikinci böyük hadisə yoxdur. Azərbaycan xalqı da müharibədən sonra yeni milli kimlik və yeni milli yüksəliş imkanı əldə edibdir.

Ona görə də qələbəmizin, qəhəmanlarımızın təbliğini illərlə, sistemli şəkildə aparmalıyıq, bunun ideoloji, həmçinin praktiki əsaslarını işləyib hazırlamalıyıq. Biz qəhrəmanlarımızın ölməz, işıqlı əməllərini ədəbi yaşatmağa təminat verən proqramlar yazmalıyıq.Qələbə kultunun getdikcə gücləndirilməsi son dərəcə vacibdir.

Qələbəmizi qorumaq Vətəni canı ilə müdafiə etməkdir, igid və qəhraman şəhidlərimizlə, əsgər və zabitlərimizlə bir sırada olmaqdır, onlarla vahid səngəri bölüşməkdir. Daha çox qəhrəmanlar yetirmək istəyiriksə, belə etməliyik.

Bir tarixi misal yerinə düşər-çar 2-ci Nikolayın dövründə Rusiya imperiyası beynəlxalq diplomatik mövqeyinə görə güclü idi, ordu və maliyyə imkanları da yaxşıydı, lakin daxil ictimia-siyasi mühit acınacaqlı oldugundan imperiya dağıldı.Stalinin vaxtında isə SSRİ-nin beynəlxalq mövqeyi zəif, ordusu və maliyyəsi yetərsiz olmasına baxmayaraq, yalnız daxili ideoloji, siyasi birlik və xalqın səfərbərliyi ilə Sovetlər faşizm üzərində qalib gəldilər.

Qələbə ruhunu, azad olunan ərazilərimizə Böyük qayıdışa, Böyük Quruculuq işlərinə və beləliklə, Böyük Azərbaycanın yaradılmasına yönəltməyi bacarmalıyıq.Bəli, Qələbəmiz iqtisadi-sosial, mənəvi-maddi baxımdan xidməti olan hər bir insana faydası olmalıdır.Onlar haqlı olaraq, özlərinə diqqət və qayğı tələb edirlər.Biz ümidvarıq ki, Qaradağ rayonu ərazisində Xiyaban niyyətilə dəfn edilmiş şəhidlərə sonda onların ailə üzvlərinin istədiyi şərait yaradıldığı kimi, Qalib Ordunun hərbi qulluqçularına  da əvvəlki kimi, təhlülkəli ərazilərdə, düşmənlə üzə-üzə olduqları hərbi mövqelərdə xidmətlərinə görə ikiqat ödəmələr davam etdiriləcəkdir. Digər tərəfdən, hamımız bilirik ki, azad edilən ərazilərimizdə də hərbi memoriallar salınacaqdır. Çünki dünyadan nisgilli gedən köçkünlərimizin çoxu  onların nəşinin doğma torpaqlara köçürülməsi arzusunu qoyub gediblər.Bu gerçəkdən də heç bir xalqın həyatında görünməmiş hadisədir.Ona görə də Millətimizin Qələbəsinə edilən hücumların döyüş meydanlarındakı qəsdlərlə eyni məqsədi daşıdığını unutmamalıyıq.

Ermənistan bunu edə bilməzdi.

Biz bacaracağıq!

 

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!