Modern.az

Qənirə Paşayeva Türkiyə mediasının Vətən müharibəsindəki rolundan danışdı - VİDEO

Qənirə Paşayeva Türkiyə mediasının Vətən müharibəsindəki rolundan danışdı - VİDEO

Aktual

1 Fevral 2021, 21:02

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bugünkü plenar iclasında səsverməyə çıxarılan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” məsələnin müzakirəsində çıxış edib.

 

Modern.az xəbər verir ki, komitə sədri Memorandumu Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” formuluna uyğun və çox vacib sənəd kimi dəyərləndirib:

 

“44 günlük Vətən müharibəsində qardaş ölkə media qurumlarının bizim haqlı mövqeyimizi dünyada necə yaydıqlarını bir daha gördük. Bu Memorandumdan irəli gələn vəzifələr bizim ortaq hədəflərə daha tez çatmamız, mövqelərimizi daha da koordinasiya etməmiz baxımından çox önəmlidir. Özəlliklə, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması, televizya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi müddəalarını vurğulamaq istərdim. Biz – parlamentdə təmsil olunan media mənsubları bu məsələnin vacibliyini zaman-zaman qeyd edirdik, çox şadıq ki istəklərimiz artıq gerçəkliyə çevrilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevə, qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana çox minnətdarıq ki, belə bir Memorandumun imzalanmasını uyğun görmüşlər”.

 

Komitə sədri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də təqdim edib və dəyişiklilkərin bu sahənin inkişafına təkan olacağını deyib.

 

Qənirə Paşayeva “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin, qanunun 27-ci maddəsinə bir sıra vacib dəyişikləri nəzərdə tutduğunu bildirib:

 

“Qeyd edim ki, Qanunun 27-ci maddəsi ictimai varidata aid edilən əsərlərin və obyektlərin dairəsini müəyyən edir. Buraya müəlliflik hüququnun qüvvədə olma müddəti bitmiş əsərlər, heç vaxt qorunmamış əsərlər, eləcə də Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri aiddir.

Qeyd olunan əsərlərin, o cümlədən Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərin ictimai varidata aid edilməsinin məqsədi onların istifadəsinə müəllif nəzarətinin olmaması səbəbindən hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunmasıdır.  

Eyni zamanda qanunda ictimai varidat dairəsinə aid edilən əsərlərin dövlət varidatı elan edilə bilməsi təsbit edilmişdir. Əsərin dövlət varidatına aid edilməsi həmin əsərdən istifadənin ödəniş əsasında həyata keçirilməsinə hüquqi əsas yaradır".

 

Komitə sədrinin sözlərinə görə, təklif olunan qanun layihəsi aşağıdakıları nəzərdə tutur:

 

1) İctimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması. 

Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması təsdiq edilmiş qaydalar əsasında müvafiq dövlət qurumu tərəfindən həyata keçiriləcəkdir və qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib ediləcəkdir;

2) Dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi.

Bu məqsədlə həmin qonorarlar müvafiq dövlət qurumunun hesabına köçürüləcəkdir.

 

Qanun layihəsi Azərbaycan folkloru nümunələri və ənənəvi biliklərinin qorunub yaşadılmasına, eləcə də müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsinin səmərəliyinin artırılmasına yönəlmişdir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza