Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbində müəllim olmuş Zamin Rəhimovun atası Vahid Rəhimovla parlamentdə görüşüb.
Modern.az xəbər verir ki, millət vəkili şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:
“Əziz şəhid atası,
Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
oğlunuz, Vətən Müharibəsində iştirak edərkən Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Zamin kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Şəhid mədəniyyət işçisinin atasına Mədəniyyət komitəsi adından Məktub təqdim edilib.
***
Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, "Qarabağ" ordenli kapitan Nəcəf Şikar oğlu Şikarovun ailə üzvləri Xurşud Himalay qızı Şikarova və Mətin Şikarovla da görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Qəhrəman şəhidimiz Nəcəf Şikarovun və onun silahdaşlarının, fədakar əsgər və zabitlərimizin vətəncanlılığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
Nəcəf Şikarov canını canından əziz tutduğu vətənimiz uğrunda fəda edib.
Şəhid zabitimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə yüksək “Qarabağ” ordeni, eləcə də, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
“Qarabağ” Ordeni şəhid zabitimizə respublikamızın ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə verilib.
İndi Nəcəf Şikarovla yalnız Şikarovlar, digər doğmalar deyil, bütünlükdə qədirbilən xalqımız fəxr edir.
Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailəsi üzvlərisiz.
Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm"!
Şəhidin həyat yoldaşı Xurşud xanım Şikarovaya Mədəniyyət komitəsi adından Məktub təqdim edilib.