“Hazırda COVID-19-a qarşı peyvəndin hazırlanması və tətbiqi virusla mübarizədə çox vacib vəzifəyə çevrilib. Artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda, peyvəndlərin vurulmasına başlanılıb. Peyvəndləmə zamanı təhlükəsizlik və mümkün yan təsirlərin vaxtında müəyyənləşdirilməsi, həmçinin aradan qaldırılması çox önəmlidir. Bununla əlaqədar olaraq, yan təsirlərin müəyyənləşdirilməsi və qeydiyyatı üzərində nəzarəti gücləndirmək üçün ÜST farmakonəzarətlə bağlı ölkələrarası təlim təşkil edib və təlimdən sonrakı imtahanda Azərbaycan təmsilçiləri iştirakçı ölkələr arasında ən yüksək nəticə əldə edib”.
Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəsi Hande Harmancı bildirib.
H.Harmancının sözlərinə görə, peyvənd və ya dərmanların klinik sınaqlarda təhlükəsiz olduğu sübut edildikdən sonra onların real həyat şəraitində də təhlükəsiz və təsirli olmağa davam etdiyini izləmək çox vacibdir:
“Buna görə də farmakonəzarət sahəsində çalışan tibb işçilərinin biliklərinin mütəmadi olaraq yenilənməsi çox önəmlidir”.