Modern.az

Azərbaycana əcnəbi axını ola bilər?..

Azərbaycana əcnəbi axını ola bilər?..

Aktual

4 Fevral 2021, 11:23

Fevralın 1-dən etibarən Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasına baxmayaraq, ölkəmizə xaricdən səfər qaydaları hələ də dəyişməyib. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq, bu qaydaların da dəyişdirilməsinə ehtiyac var.

 

Bunu Modern.az-a deputat Vüqar Bayramov bildirib.

 

O qeyd edib ki, əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər:

 

“Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə, ölkəmizə daxil ola bilməz.

Bu baxımdan daha məqsədəuyğun olardı, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi, bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.

“Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sektorunda 81.5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Nəzərə almaq lazımdır ki, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Deməli, səfər qaydalarının yumşaldılması, eyni zamanda məşğulluq baxımdan da vacibdir”,-deyə deputat diqqətə çatdırıb.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza