Modern.az

Növbədənkənar parlament seçkilərindən 1 il ötür

Növbədənkənar parlament seçkilərindən 1 il ötür

9 Fevral 2021, 01:00

Azərbaycanda növbədənkənar parlament seçkilərindən bir il ötür.

 

Modern.az xəbər verir ki, 2019-cu il noyabrın 28-də Yeni Azərbaycan Partiyası və partiyanın Siyasi Şurası Milli Məclisdə YAP-ı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət etməsini tövsiyə edib. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların qanunverici hakimiyyət sferasını da əhatə etməsinin, vətəndaş mövqeyini, milli maraqların, dövlət maraqlarının bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək partiyanın da geniş şəkildə təmsil olunduğu və çoxluq təşkil etdiyi qanunverici orqanın yenilənməsinin zəruriliyini ifadə edərək bu addımı atıb.

 

Dekabrın 2-də Milli Məclisin iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı dövlət başçısına müraciət qəbul edilib. "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsinin lehinə 99 deputat səs verib. 1 deputat əleyhinə, 1 deputat bitərəf, 1 deputat isə səsvermədə iştirak etməyib.

 

Həmin gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

 

Dekabrın 4-də Konstitusiya Məhkəməsinin iclasında Azərbaycan Prezidentinin Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib.

 

Dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

  

Fevralın 9-da keçirilən növbədənkənar seçkilərdə 125 seçki dairəsində deputat mandatı uğrunda mübarizə aparılıb.

 

Fevralın 10-da Mərkəzi Seçki Komissiyası (MSK) altıncı çağırış Milli Məclisə seçkilərdə 125 dairə üzrə qalib olan namizədlərin siyahısını açıqlayıb. 

 

Qaliblər arasında 43 yeni sima olub. Onlardan 23-ü Yeni Azərbaycan Partiyasının (YAP), 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi (VHP sədri Sabir Rüstəmxanlı dörd çağırışda Milli Məclisin deputatı olub, lakin beşinci çağırış seçkilərdə iştirak etməyib), 19 nəfər isə bitərəf namizədlərdən olub. 

 

MSK quruma daxil olan şikayətləri araşdırdıqdan sonra fevralın 10-da lider elan etdiyi 4 seçki dairəsi üzrə nəticələri ləğv edib. Nəticədə 33 saylı Xətai birinci (Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü (Rauf Arif oğlu Abbasov), 74 saylı Lənkəran kənd (Hadi Rəcəbli) və 80 saylı İmişli-Beyləqan (Çingiz Qənizadə) seçki dairələri üzrə qalib elan olunmuş şəxslər mandat qazana bilməyiblər.

 

Martın 5-də Konstitusiya Məhkəməsi 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini elan edib. Qərara əsasən 121 seçki dairəsi üzrə Mərkəzi Seçki Komissiyası tərəfindən qalib elan olunan deputatlar təsdiq olunub. 4 dairənin - 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri isə etibarsız sayılıb.

 

Beləliklə, altıncı çağırış Milli Məclis 121 deputatla fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, 1995-ci ildən bütün çağırışlarda Milli Məclisin deputatı olmuş Fəttah Heydərov 2020-ci il avqustun 4-də 82 yaşında vəfat edib. Bu günə qədər boş qalmış 5 deputat mandatı yerinə təkrar və əlavə seçkilər təyin olunmayıb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza