Modern.az

“Neft bazarını iki əsas ssenari gözləyir” - Qiymət 70 dollaradək qalxa bilər

“Neft bazarını iki əsas ssenari gözləyir” - Qiymət 70 dollaradək qalxa bilər

Aktual

9 Fevral 2021, 11:38

“2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, deyə bilərik ki, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmalar artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, OPEK+ anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

V.Bayramov qeyd edib ki, neftin dünya bazarlarında qiymətinin yüksəlməsi bir tərəfdən qlobal vaksinasiya prosesinə start verilməsi, digər tərəfdən isə OPEK-in hasilatın azaldılması ilə bağlı öhdəliklərini davam etdirilməsilə bağlıdır:

 

“Vaksinasiya qlobal olaraq, ilin ikinci yarısından yumşalmalarla bağlı proqnozların verilməsinə gətirib çıxarıb. Bu da təbii ki, növbəti aylarda neftə tələbatın artacağından xəbər verir. Vaksinasiya pandemiyanın miqyasını kiçildərsə, ümumiyyətlə koronavirusun təsirlərini minimallaşdırarsa, o halda neftə olan tələbin artacağı gözlənilir. Hətta bəzi beynəlxalq maliyyə qurumları tərəfindən qiymətlərin üçrəqəmli həddə qədər yüksələcəyilə bağlı proqnozlar belə var.

Digər tərəfdən, “OPEK+” təklifi balanslaşdırıb. Təklifin balanslaşdırılması və hasilatdakı azalma ödəliklərinin hələ də qüvvədə qalması da bazara öz təsirini göstərir”.

 

Deputat deyib ki, bu kontekstdə 2021-ci ildən neft bazarını iki əsas ssenari gözləyir:

“Ümumilikdə hər iki ssenari pandemiyanın təsirlərilə bağlıdır. Vakinasiya nəticəsində pandemiyanın təsirləri minimumlaşarsa, o halda biz yaxın vaxtlarda neftin 1 barrel qiymətinin 70 dollara qədər yüksələcəyini müşahidə edəcəyik. Bu da post pandemiya dövründə aktivliyin yüksəlməsi, neftin qiymətində daha yüksək artımların müşahidə edilməsinə zəmin yaradacaq.

 

İkinci ssenari vaksinasiyanın pandemiyanın təsirlərini minimumlaşdıra bilməməsilə bağlıdır. Bu, bədbin ssenaridir və karantinin sərtləşdirilməsi, neftə tələbin azalması, qiymətlərin enməsinə hesablanıb. Amma hələlik əksər qurumlar tərəfindən nikbin ssenariyə üstünlük verilir. Bu o deməkdir ki, biz yaxın dövrlərdə nikbin ssenari reallaşacağı halda, neftin qiymətinin artacağını müşahidə edəcəyik. Azərbaycan üçün neftin qiyməti vacib xarici faktorlardandır. Çünki ölkəmizin xarici ixracatının 85 faizini neft və neft məhsulları təşkil edir. Neftin 1 barrelinin qiymətinin yüksək olması ölkəyə daxil olan valyutanın həcminin, o cümlədən, Dövlət Neft Fondunun aktivlərinin artmasına səbəb olacaq. Əvvəlki dövrlərdə də Azərbaycan üçün neftin məqbul qiyməti 60-80 dollar intervalında dəyişməsi idi. Post pandemiya dövründə bu qiymətin stabilləşməsi gözləniləndir. Bu baxımdan vaksinasiya pandemiyanın miqyasını minimumlaşdırarsa, ölkəyə daha çox valyutanın daxil olmasını müşahidə edəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?