Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəmanlardan birinin - Ramid Nəriman oğlu Hacıyevin doğum günüdür.
Modern.az-ın məlumatına görə, Ramid Hacıyev 11 fevral 1987-ci ildə Cəbrayıl rayonunun Mirək kəndində anadan olub. 1994-cü ildə Xətai rayon 48 saylı tam orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra C.Naxçıvanski adına hərbi məktəbə daxil olub, həmin məktəbi müvəffəqiyyətlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub.
Ramid Hacıyev Ali Hərbi Məktəbi bitirdikdən sonra müxtəlif hərbi hissələrdə xidmət edib, Tabor komandiri olub. 2010-cu ildə leytenant, 2012-ci ildə baş leytenant, 2016-cı ildə kapitan, 2020-ci ildə mayor rütbəsi alıb. Üç hərbi medal, çoxlu sayda fəxri fərmanla təltif olunub.
R.Hacıyev Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 18 oktyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucallıb. Şəhidimiz İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Prezidentinin sərəncamları ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə, mayor Hacıyev Ramid Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin..