Modern.az

Koronavirusun həssas sosial qruplara təsiri

Koronavirusun həssas sosial qruplara təsiri

11 Fevral 2021, 15:28

 

Pandemiya bu sahədə ciddi islahatların aparılmasına ehtiyac olduğunu üzə çıxardı

 

Azərbaycanda COVİD-19  pandemiyasından zərər çəkən sosial müdafiəyə ehtiyacı olan qruplardan biri də ahıllar və əlilliyi olan şəxslər idi. Normal dövrlərdə də sosial dəstəyə ehtiyacı olan bu təbəqədən olan insanların pandemiya dövründə əlavə sıxıntılarla qarşılaşacağı gözlənilən idi. Bu amili nəzərə alan bir çox ölkələrdə pandemiya dövründə ahıl və əlilliyi olan şəxslərə yönəlik xüsusi tədbirlər həyata keçirildi.

 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən aldığımız məlumata görə, COVİD-19 pandemiyası dövründə Azərbaycanda birdəfəlik yardım alan vətəndaşlardan 11 faizi 50 yaşdan yuxarı insanlar olub.

 

Amma onlar arasında ahıl və əlliliyi olan şəxslərin olub-olmaması ilə bağlı ayrıca statistika aparılmayıb. Həmçinin, ahılların sayı ilə bağlı dövlət qurumlarında olan məlumatlar arasında fərqlər mövcuddur.

 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən aldığımız məlumata görə, əliliyi olan şəxslər və ahıllar da pandemiya dövründə nazirliyin diqqət mərkəzində olub: ""Sosial xidmət haqqında" Qanunun 19.1- ci maddəsinə əsasən evdə (səyyar) sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, "əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada göstərilir. Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2020-ci ilin yanvar-avqust aylarında 2 milyon 600 minədək şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib. Həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 mlrd. manatdan çox vəsait ödənilib.  Bu da 2019-cu ilin eyni dövrünə nisbətən 25,7 faiz və ya 782,7 mln. manat çoxdur. COVİD-19 pandemiyası dövründə həyata keçirilən sosial müdafiə tədbirləri çərçivəsində 15 mindən çox tənha və əlil şəxsə evində sosial xidmət göstərilib. 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailə ərzaq yardımı ilə təminatı həyata keçirilib.

 

2020 -ci ilin sentyabr ayına olan məlumatlara əsasən 979 sosial xidmətçi tərəfindən 7425 sosial xidmətə ehtiyacı olan şəxsə sosial - məişət  xidməti göstərilib. Xidmət göstərilən şəxslərin 6054 nəfəri ahıllardır.

 

2019-cu ildə isə Nazirliyin sifarişi ilə ahıllar üçün Bakıda 4, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkaran şəhərləri, Abşeron, Xaçmaz rayonlarının hər birində 1 ədəd olmaqla, ümumilikdə 10 qayğı mərkəzi yaradılıb.

 

 

Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada ahıl şəxslərin yaşaması üçün hər cür şərait yaradılıb. Onlar müəssisədə sanitariya-gigiyena tələblərinə cavab verən, zəruri mebel və avadanlıqlarla təchiz olunan  yaşayış sahəsi, müəyyən edilən norma və istismar müddətlərinə uyğun geyim, yataq dəstləri ilə, qida normalarına uyğun olaraq gündə 3 dəfə yeməklə təmin olunurlar.

420.6 min ahıl - 979 sosial xidmətçi


Sosial xidmətə ehtiyacı olan, o cümlədən evdə və ixtisaslaşmış müsəssisələrdə sosial xidmət göstərilən ahıl yaşda olan (70 yaşdan yuxarı) insanların sayı ilə bağlı dövlət qurumlarında fərqli statistika mövcuddur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ünvanladığımız sorğuya verilən cavabda bildirilir ki, evdə və ixtisaslaşmış müəssisələrdə sosial xidmət göstərilən ahıl  şəxslərin və sosial xidmətçilərin böyük əksəriyyəti regionların payına düşür: "Daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə sosial işçilər tərəfindən evdə (səyyar) sosial xidmətin göstərilməsi təmin edilir. 2020-ci ilin sentyabrına olan məlumata əsasən 979 sosial xidmətçi tərəfindən 7425 sosial xidmətə ehtiyacı olan insanlara sosial - məişət  xidməti göstərilib. Evlərində  xidmət göstərilən şəxslərin 6054 nəfəri ahıl yaşda olan insanlardır. Sosial xidmət müəssisələrində isə 70-dən yuxarı yaşı olan 152 nəfər var. Hazırda sosial xidmətlər sahəsində islahatlar aparılır və ona görə də qeyd edilənlərlə bağlı konkret statistik bölgü mövcud deyil".

 

 

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda isə bildirilir ki, 2020-ci il yanvar ayının 1-i vəziyyətinə  görə respublikamızda 70 və daha yuxarı yaşda olan əhalinin sayının 420.6 min nəfərdir: "Həmin şəxslərdən 106,4 min nəfəri Bakı şəhərində yaşayır.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən 2020-ci ilin əvvəlinə ahıl və kimsəsiz vətəndaşlar üçün olan sosial xidmət müəssisələrində 308 nəfər yaşayıb".

 

Daha ciddi problem əlilliyin təyini ilə bağlı məsələlərdə özünü göstərməkdədir

 

Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyir ki, Azərbaycanda pandemiya dövründə sosial müdafiə istiqamətində görülən tədbirlərdən əlilliyi olan şəxslər qismən yararlana bilib: "Əlilliyi olan şəxslərin müəyyən qrupunun hərəkət məhdudiyyəti var idi və normal şəraitdə belə xidmətlərə çıxış imkanları zəif idi. Pandemiya şəraitində göstərilən xidmətlərin elektronlaşdırılması, onlayn xidmətlərin əhatə dairəsinin genişləndirilməsi təqdirəlayiq idi. Onlayn xidmətlərin göstərilməsi  bu təbəqədən olan insanların xidmətləri almasını asanlaşdırıb. Təkrar əlilliyin təyin edilmə və pensiya kartlarının istifadə müddətinin pandemiya dövründə uzadılması da müsbət addım idi. Bundan başqa indiyədək I qrup əlilliyi olan şəxslərə baxıcılar ayrılmışdı və dövlət buna görə ödəniş edirdi.  Pandemiya dövründə isə əlilliyi və hərəkət  məhdudiyyəti olan şəxslərə "Dost xidməti"nin könüllüləri arasından sosial xidmətçilər ayrıldı. Təəssüf ki, bu xidmətlər Bakı və digər böyük şəhərləri əhatə etməklə yekunlaşdı və ucqar rayonları əhatə etmədi. Həmçinin, əlilliyi olan şəxslər 190 manat  birdəfəlik müavinəti ala bilmədi".

 

D.Rəhimli əlilliyi olan şəxslərin koronavirusdan qorunması və sosial müdafiəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd etdi: "Əlilliyi olan şəxslər də risk qrupuna daxildir. Onların fiziki məhdudiyyətləri  koronavirusa  yoluxma riskini artırır. Ona görə də onların pandemiya dövründə izolyasiya olunmalarına ehtiyac var. Eyni zamanda əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin gigyenik normalara uyğunluğuna diqqət yetirmək lazımdır ki, bu şəxslər arasında yoluxma mümkün qədər olmasın. Çünki yoluxma olarsa, onların təkcə tibbi deyil, həm də sosial və əlavə fiziki dəstəyə ehtiyac yaranacaq".

 

 

 


"Daha bir ciddi problem isə əlilliyin təyini ilə bağlı məsələlərdə özünü göstərməkdədir. Əvvəllər bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsul idisə, indi aparıcı rolu Səhiyyə Nazirliyi oynayır. Hazırda vətəndaş aidiyyatı üzrə səhiyyə ocağına müraciət edir, tələb olunan forma doldurulub sistemə daxil edilir. Vətəndaşa imtina cavabı gələndə araşdırılır ki, kiminsə səhlənkarlığına görə məlumatlar sistemə  tam qeyd edilməyib.  Bu problemlərin həlli, əks əlaqənin normal təmini üçün "Qaynar xətt" xidməti, onlayn müraciət imkanlarının təkmilləşdirilməsinə ehtiyac var ",- deyə D.Rəhimli qeyd edir.



Könüllü sosial işçilər ehtiyacı olanların evlərinə ən yaxşı halda 1 həftədən bir gedə bildilər



“Güzaran” Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Qadir İbrahimli də o qənaətdədir ki, hökumət koronavirus pandemiyası ilə bağlı yaranan problemlərin həllinə sistemli yanaşa bilmədi: "Burada əsas məsələ əhalinin sosial müdafiəsini təşkil etmək idi. İş yerini itirən, həmçinin, aztəminatlı ailələrə müavinət verilməsi vacib olsa da, hökumət bunu effektiv təşkil edə bilmədi. Ehtiyacı olanların az bir hissəsi birdəfəlik yardımdan yararlana bildi. 190 manat birdəfəlik yardım verilən aztəminatlı ailələrin seçilməsi üçün tətbiq edilən alətlər də ədalətli seçim aparmaq üçün yetərli deyildi".  

 

Sosial işçi, bu sahə üzrə tədqiqatçı Lamiyə Rzayevanın sözlərinə görə, pandemiya dövründə sosial dəstək tədbirlərindən biri də ehtiyacı olan şəxslərə sosial xidmətin təşkili idi: "Bu xidmət əvvəllər də olsa da, pandemiya dövründə daha da genişləndi. Amma bu xidmətə cəlb olunan könüllü sosial işçilərin azlığı səbəbindən onlar ehtiyacı olanların evlərinə ən yaxşı halda 1 həftədən bir gedə bilirdilər".

 


L.Rzayeva qeyd edir ki, pandemiya təkcə Azərbaycan üçün yox, bir çox ölkələrin sosial müdafiə sistemi üçün yaxşı sınaq idi: "Azərbaycanda da sosial dəstək  tədbirləri ilə bağlı qərarın gec verilməsi göstərdi ki, ölkəmizin sosial müdafiə sistemi ekstrem vəziyyətə hazır deyil. Artıq pandemiyada ölkələrin sosial müdafiə sistemlərinin vəziyyətə adekvat reaksiyaları ilə bağlı tədqiqatlar  aparılıb. Mənim daha çox diqqətimi cəlb edən Kanada və İspaniya təcrübəsi oldu. Baxmayaraq ki, İspaniya sosial müdafiə sistemi güclü olan dövlətlərin sırasında deyildi, amma uğurlu addımlar atıldı. Sosial müdafiə tədbirləri sırasında ölkənin bütün vətəndaşlarının müəyyən bir məbləği hər ay dövlətdən ala bilmə (universal minimum wage) deyilən bir anlayış var. Bu proqramın tətbiqi zamanı varlı-kasıb, qadın-kişi, evli-subay, yaşlı-cavan olmağın heç bir fərqi yoxdur. Bu dövlətlər üçün çox bahalı bir xidmət olsa da, pandemiya dövründə bu sosial müdafiə tədbirinin İspaniyada tətbiqinin müzakirəsi belə təqdirəlayiq idi".

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda pandemiyanın təsirlərini minimuma endirmək üçün addımlar atılıb: "Pandemiya dövründə ahıllara pensiyaların ödənilməsində hər hansı bir problem olmadı. Dövlət büdcəsindən əvvəldən planlaşdırılan məbləğdə pensiya ödənişləri həyata keçirildi".

 

 


Sosial müdafiə ilə bağlı hökumət siyasətində boşluqlara gəldikdə V.Bayramovun qənaətinə görə, bu istiqamətdə əsas diqqətin qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsinə yönəldilməsi məqsədəuyğun olardı: "Pandemiya göstərdi ki, qeyri-rəsmi məşğul əhali qrupu bu kimi hallarda sosial müdafiəsiz qala bilər. Buna görə də əmək müqavilələrinin rəsmiləşdirilməsi, əmək hüquqlarının qorunması, sosial müdafiə  və gələcəkdə vətəndaşın pensiya hüququ əldə etməsi baxımından əhəmiyyətlidir. Vətəndaş özü də bunları nəzərə alıb əmək müqaviləsinin rəsmiləşdirilməsində maraqlı olmalıdır. Hökumət də bu istiqamətdə sosial  siyasətin təkmilləşdirilməsi istiqamətində  addımlar atmalıdır. Xüsusən də, postpandemiya dövründə qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi baxımından daha çox təşviqedici, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bu da vətəndaşlarımızın daha çox leqal olaraq əmək fəaliyyətinə cəlb olunmasına gətirib çıxarar ki, pandemiya və ya başqa bu kimi xarici şoklar baş verdiyi hallarda onların əmək və digər sosial hüquqlarını daha yaxşı qorumaq mümkün olar".



Xalid VAHİDOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu