Fevralın 18-də saat 12 radələrində bıçaq xəsarəti ilə ağır vəziyyətdə olan naməlum şəxsin rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, şəhər sakini 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğluna həmin gün saat 11 radələrində şəhərdə yerləşən “Əsgəroğlu” marketin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən kəsilmiş-deşilmiş xəsarət yetirilib:
“Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, aldığı xəsarətdən vəfat edib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.
Hazırda cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayonun hüquq-mühafizə orqanları tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”.