Azərbaycan xalqı özünün bütün tarixi boyu dünyada humanizm və tolerantlıq diyarı olaraq tanınmış, hələ qədim zamanlardan özünün yüksək mədəniyyətini, zəngin irsini yarada bilmiş dünya mədəni irsini öz töhvələrilə zənginləşdirmişdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “İnsanlar tariximizi, mədəniyyətimizi nə qədər çox bilsələr, millətini, xalqını, Vətənini və müstəqil Azərbaycanı da bir o qədər çox sevəcəklər”. Vətən torpaqlarının müdafiəsi uğrunda xalqımız zaman-zaman yadelli istilaçılarla mücadiləyə qalxmış, mübarizə aparmış, öz doğma dilinə, dininə, mədəniyyətinə, milli kimliyinə sahiblik etmişdirlər. Şanlı vətən tarixinə adını qızıl hərflərlə yazmış sərkərdələri, şəhərləri, qalaları dillərə dastan olmuşdur. Beş min illik dövlətçilik ənənələri olan xalqımız tarixi boyunca öz milli kimliyinə, mənəvi dəyərlərinə sadiq qalmış, dünya mədəniyyətinə erməni vandalizminin belə dağıda bilmədiyi Şuşa kimi mədəniyyət incilərini bəxş etmişdir. XX əsrin 90-cı illərində mənfur erməni separatizminin baş qaldırmasıyla ölkəmiz Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi ilə üzləşmişdi. Düşmənlər XX əsrin ən ağır cinayəti olan Xocalı soyqırımını törətmiş bununla kifayətlənməyib, işğal olunmuş ərazilərdə yaşayış məntəqələrini, evləri, müəssisələri, kommunikasiya vasitələrini, təbii sərvətləri talan edir, dağıdır və yandırırdılar. Müharibədə 20 min azərbaycanlı həlak olmuş və 5 min nəfər əlilə çevrilmişdi. Qaçqın və köçkünlərin sayı bir milyon nəfəri ötmüşdü. Erməni quldurları tərəfindən 4861 nəfər azərbaycanlı, o cümlədən 514 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü.
BMT Təhlükəsizlik şurası 30 aprel, 29 iyul, 14 oktyabr və 11 noyabr 1993-cü il tarixli qətnamələrində işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı silahlı dəstələrin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu qətnamələrin yerinə yetirilməsi üçün heç bir əməli tədbir görülmürdü. Bu cür ədalətsizlik və cəzasızlıq mühitindən çox məmnun qalmış erməni separatçıları və onların havadarları 2020-ci ilin 27 sentyabr tarixində növbəti təxribata əl atdıqları zaman Azərbaycan Silahlı Qüvvələrinin əks həmləsi ilə üzləşdilər və 44 günlük Vətən müharibəsi sonunda Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imzalamaqla işğal altında olan torpaqlarımızı tərk etməyə başladılar. İşğalçı rejim həmin ərazilərdə Azərbaycana qarşı ekoloji terror törətmişdir. Ekoloji fəlakət zonalasına cevirilmiş 30 ildir ki, işğal altında olmuş işğaldan azad olunmuş vətən torpaqlarının cənab Prezidentin tapşırığı əsasında yenidən cana gətirilməsinə, dağıdılmış şəhər, rayon və kəndlərimizin qurulmasına, abadlaşdırılmasına başlanıldı. 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmış Bəsitçay qoruğunun bərpasına start verilib. Qoruqda 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Təəssüf ki, işğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb və yandırıb. Kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər olmuşdur.
Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Həm də Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü özü dövlətimizin güc və qüdrətini dünyaya nümayiş etdirir. Müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”.
İşğaldan azad olunmuş rayonlara cənab Prezidentin şəxsən səfər edərək və vəziyyətin yerindəcə qiymətləndirməsi davam edir. Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün su elektrik stansiyalarını - Laçın rayonu ərazisində 5, Kəlbəcər rayonu ərazisində 12 su elektrik stansiyasını dağıdıb, avadanlığı çıxarıb, stansiyaların binalarını da dağıtmışdır ki, bütün bunlar erməni faşizminin törətdiyi əməllərin göstəricisidir. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri də böyük əhəmiyyət kəsb edir. Belə ki, ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Rayonda birinci pilot “ağıllı kənd” layihəsi məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir. “Yaşıl enerji”nin inkişafı investiya cəlbinin əsas istiqamətlərindən biridir. Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində su elektrik stansiyası inşa edilib. Həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş torpaqların tezliklə bərpa edilməsi və insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunmasıdır. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb, əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir. Prezidentin göstərişilə azad edilmiş bütün torpaqlarda həmçinin bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan, Cəbrayıl rayonlarında daha çox günəş enerjisinin böyük potensialı var. Kəlbəcər və Laçında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa ediləcək. Yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından da əlavə 120 meqavat güc alınacaq.
Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verildiyi və birinci mərhələnin başa çatdığı Prezidentin səfəri zamanı xüsusi vurğulanmış, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatdırılacağı, dəymiş ziyan qiymətləndiriləcəyi, infrastruktur layihələrinə start veriləcəyi, azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcəyi, bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcəyi bildirilmişdir. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaqdır. Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyükdür. İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb. Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər. Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır. Uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti də olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa da vardır. Orada qeyd olunmuşdur ki, qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir, bununla bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilir və müharibə riskləri sıfra endirilir.
Dəmir yol infrastrukturun bərpasının, nəqliyyat layihələrinin bölgə üçün xüsui əhəmiyyəti var. Təqdirəlayiq haldır ki, artıq Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa başlanmışdır. Bu layihə Prezident İlham Əliyevin böyük uzaqgörənliyi və iradəsi, Azərbaycan dövlətinin maliyyəsi ilə reallaşıb. Cənab Prezidentin qeyd etdiyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaqdır.
Ermənistanın və onun bəzi xarici havadarları yalnız beş rayonu Azərbaycana qaytarmaq, Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilməsini, Kəlbəcər və Laçın rayonlarını Ermənistanın əbədi nəzarəti altında qalmasını istəyirdilər. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və Laçın, Kəlbəcər, Ağdam rayonlarını qaytarmağa məcbur olmuşdur. Azərbaycan Prezidenti milli maraqlardan çıxış edərək bu təklifləri rədd etmiş, Vətən müharibəsi modelini seçmiş, ölkəmizi addım- addım qələbəyə hazırlamış və “dəmir yumruq əməliyyatı” ilə düşmənə sarsıdıcı zərbə vurmuşdur. AXC-Müsavat cütlüyünün xəyanəti üzündən itirilmiş torpaqları müzəffər Ali baş komandanın rəhbərliyi ilə ordumuz döyüşürək azad etmişdir. Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı Azərbaycan bayrağını işğaldan azad olunmuş torpaqlarımızda əbədiyyətədək ucaltmışdır. Biz qələbəni döyüş meydanında qazanaraq tarixi ədaləti bərpa etmişik. Ermənistanda revanşist qüvvələr yenidən baş qaldırmağa çalışacağı təqdirdə məhv ediləcəklər. Cənab Prezidentin qeyd etdiyi kimi: “Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. Bizim Qələbəmiz tarixi Qələbədir və biz tarixi ədaləti bərpa etmişik”. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Ramin Ağayev
Lerik Rayon İcra Hakimyyətinin
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi