Modern.az

8 Noyabra aparan Zəfər YOLU

8 Noyabra aparan Zəfər YOLU

Aktual

20 Fevral 2021, 14:20

Modern.az deputat Ulvi Quliyevin Milli Məclisin jurnalında dərc olunan məqaləni təqdim edir:

 

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi və elə həmin gün yeni üçtərəfli bəyanat imzalandı. Belə bir görüşün keçirilməsi həm gözlənilən, həm də zəruri idi.

 

44 günlük Vətən Müharibəsində Ermənistanın məğlubiyyətini şərtləndirən 10 noyabr tarixli birgə bəyanat videokonfrans formatında imzalanmışdı. Məğlub dövlətin rəhbəri bəyanata ictimaiyyətin, xüsusən də Ermənistan cəmiyyətinin gözü qarşısında imza atmaqdan ehtiyatlanmışdı. Həmin vəziyyətdə onun düşdüyü psixoloji durumu, keçirdiyi hissləri və qarşılaşdığı çətinlikləri başa düşmək olardı. O zaman Rusiya Prezidenti Vladimir Putinin bununla bağlı müraciəti Prezident İlham Əliyev tərəfindən nəzərə alınmışdı.

 

Dövlətimizin başçısı müharibənin ilk günlərindən başlayaraq xalqa müraciətlərində və çoxsaylı müsahibələrində dəfələrlə bəyan etmişdi ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə öhdəlik götürərsə və silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması cədvəlini təqdim edərsə, hərbi əməliyyatlar dərhal dayandırılacaq. Prezident İlham Əliyev onu da bəyan etmişdi ki, dediyi sözlə atdığı imza eyni gücə malikdir.

 

Müzəffər ordumuzun ardıcıl uğurlu hərbi əməliyyatları məcbur etdi ki, Ermənistan öz məğlubiyyətini etiraf etsin və təslimçilik aktına imza atmağa hazır olduğunu Rusiya Prezidenti vasitəsilə Prezident İlham Əliyevə çatdırsın. Yalnız bundan - şərtlərimiz qəbul edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli bəyanatı ərsəyə gəldi və imzalandı.

 

Məğlub tərəf kimi Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz Azərbaycana qaytarmaqla bağlı idi. Həmin əraziləri əlavə itkilər, şəhidlər vermədən geri aldıq. 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqlar masasında yerinə yetirməli olduğu missiyanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 günə həyata keçirdi. Bununla da Azərbaycan Prezidenti bölgədə sülhü və təhlükəsizliyi, beynəlxalq hüququ və ədaləti, dövlətimizin ərazi bütövlüyünü və xalqımızın tarixi haqqını bərpa etdi.

 

Ötən iki ay ərzində 10 noyabr tarixli bəyanata uyğun əsirlərin, həlak olanların meyitlərinin mübadiləsi istiqamətində öhdəliklərə əməl olunub. Bununla belə, bəyanatın bəzi müddəalarının, xüsusən 9-cu bəndində nəzərdə tutulan kommunikasiya və nəqliyyat dəhlizi məsələlərinin həlli konkret mexanizmlərin işə salınmasını labüd edirdi. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, 9-cu bənd 10 noyabr tarixli bəyanata məhz Prezident İlham Əliyevin tələbi ilə daxil edilmişdir. Vətən Müharibəsində qazandığımız hərbi qalibiyyət imkan verdi ki, həm torpaqlarımız işğaldan azad edilsin, həm də Ali Baş Komandanımız qalib ölkənin rəhbəri kimi həmin bəndlə bağlı tələbini irəli sürsün. Bu, mübaliğəsiz, dövlətimizin əldə etdiyi növbəti tarixi nailiyyətdir.

 

Yanvarın 11-də məhz bu bəndin reallaşması - Naxçıvana və Türkiyəyə dəmir yolunun açılması istiqamətində konkret addım atıldı. Naxçıvanı quru yolla Azərbaycana birləşdirmək, Şərq-Qərb Nəqliyyat Dəhlizini işlək vəziyyətə gətirmək məqsədi ilə işçi qrupun, eləcə də alt ekspert qruplarının yaradılması qərara alındı. Bu tarixi nailiyyət imkan verəcək ki, bir tərəfdən Naxçıvan blokadadan çıxarılsın, digər tərəfdən isə geosiyasi məkanda ölkəmizin rolu daha üstün səviyyəyə yüksəldilsin.

 

Bütün bunlar savaş meydanında əldə etdiyimiz hərbi qələbənin diplomatiya müstəvisində milli maraqlarımıza uyğun şəkildə rəsmiləşdirilməsi, hüquqi bazasının daha da genişləndirilməsi deməkdir.

 

Moskva görüşünün hər bir Azərbaycan vətəndaşına mənəvi zövq verən, qürur hissi yaşadan tərəfi də var. Prezident İlham Əliyev məğlub Ermənistanın dövlət başçısı ilə müharibədən sonra ilk dəfə idi ki, üz-üzə gəlirdi. 30 ilə yaxın müddətdə heysiyyətimizlə oynayan, milli qürurumuza toxunan, torpaqlarımızı qəsb edən işğalçı Ermənistanın baş naziri qalib Azərbaycan xalqının qalib Prezidenti qarşısında aciz və çıxılmaz vəziyyətə düşmüşdü. Bu, tarixdə qalacaq unudulmaz bir səhnədir.

 

Moskvada Ermənistanın baş naziri erməni terror-diversant dəstə üzvlərinin azad olunması istəyini dilə gətirsə də, onun bu istəyi Prezident İlham Əliyev tərəfindən rədd edildi. Başqa bir maraqlı məqam ondan ibarətdir ki, bu görüşdən bir neçə gün əvvəl - yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev mühüm bir bəyanat vermişdi: “Mən demişdim ki, tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq. Mən demişdim ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək”. Dövlətimizin başçısı Moskva görüşündə məğlub tərəfə öz ismarıcını bir daha təkrar etdi: “Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”. Bu mesaj yalnız Ermənistan cəmiyyətinə, orada olan qisasçı qüvvələrə verilmirdi. Əsas hədəf Ermənistan adlı dövləti geosiyasi oyunlarda alətə çevirən, himayədarlıq pərdəsi altında əslində öz maraqlarını güdən xaricdəki bəzi rəsmi dairələr və ermənilərin lobbi mərkəzləridir. Prezident İlham Əliyev verdiyi bu bəyanatla birmənalı şəkildə bildirdi ki, münaqişə keçmişdə qaldığı kimi, status məsələsi də tarixə gömülüb və müharibədə qələbə çalan Azərbaycan üçün artıq müzakirə mövzusu deyil.

 

Yeri gəlmişkən, bir məsələyə də toxunmaqda fayda var. Ermənistan siyasi rəhbərliyinin arzularından biri də keçmiş vasitəçilər formatını “diriltməkdir”. Təəssüf ki, ölkəmizin radikal müxalifətinə aid qrup da milli maraqlarımıza zidd olan bu istəyi tez-tez dilə gətirirlər. Sanki onlar indinin özündə də Ermənistana havadarlıq edən və öz parlamentlərində status məsələsini gündəmə gətirən, qətnamə qəbul edən həmsədr ölkələrdən birinin - Fransa dövlət başçısının “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa zidd olan bəyanatını eşitməyiblər. Prezident İlham Əliyev statusla bağlı mövqeyinin Rusiya Prezidentinin mövqeyi ilə üst-üstə düşdüyünü aşıq şəkildə ifadə edərkən, yalnız milli maraqlarımızdan çıxış edirdi. Status xülyası ilə yaşayan erməni qisasçıları və onların xaricdəki havadarları ilə eyni mövqedən çıxış edən ölkəmizdəki radikal müxalifətin bu cür yanaşmasına bəraət qazandırmaq qeyri-mümkündür.

 

Ermənistan cəmiyyətinə gəldikdə isə məruz qaldıqları hərbi məğlubiyyət fonunda yaşadıqları daxili çəkişmə və parçalanmalar qaçılmazdır. Siyasi hakimiyyət dəyişikliyi belə, onları hərbi məğlubiyyətin nəticələrindən xilas edə bilməz. Ermənistanın beynəlxalq münasibətlərin subyekti kimi regionda varlığını qorumasının və xilasının yalnız bir sivil yolu var: 10 noyabr, 11 yanvar bəyanatlarını həzm etmək, onlara əməl etmək şərtilə “dənizdən-dənizə” və “böyük Ermənistan” kimi cəfəng xülyalardan birdəfəlik əl çəkmək. Tarix sübut etdi ki, bu cür xülyalar Ermənistana yalnız faciə vəd edir.

 

Ermənistan cəmiyyətinin bundan sonra hansı yolu seçəcəyini, sağlam məntiqə və dinc birgəyaşayışa üstünlük verib-verməyəcəyini zaman göstərəcək. Lakin cəmiyyət olaraq ayıq-sayıq olub bilməliyik ki, Ermənistanda revanş hissi ilə yaşayan qüvvələr var. Əslində, bu qüvvələr üçün Qarabağ kartı hakimiyyət uğrunda apardıqları daxili savaşda sui-istifadə olunan populizmin və təxribatın tərkib hissəsidir. Oradakı revanş meyilləri kənardan qızışdıran rəsmi siyasi dairələr də mövcuddur. Vətən Müharibəsi onların kimliyini tanımağa imkan verdi. Həm də buna görə cəmiyyət olaraq dəyər verməli və qorumalı olduğumuz tarixi nailiyyətimiz ümumxalq birliyimizlə bağlıdır. Müharibə günlərində Ali Baş Komandan İlham Əliyevin düşmənə qətiyyətlə göstərdiyi o dəmir yumruq Prezidentimizin siyasi iradəsinin, müzəffər ordumuzun gücünün, Prezident və xalq vəhdətinin nümayişi idi; hamısı da bir yumruqda, vətənini sevən və xalqına güvənən qətiyyətli liderin yumruğunda.

 

Nə qədər acı olsa da, bəzi tarixi paralellər aparılmasında fayda var. Ağır hərbi məğlubiyyətdən sonra Ermənistan bu gün hansı acınacaqlı duruma düşübsə, 90-cı illərin əvvəllərində, birinci Qarabağ savaşından sonra ölkəmiz də təxminən eyni vəziyyətdə idi. Azərbaycanı o zaman bəlalardan, vətəndaş müharibəsindən və dövlətçiliyimizin süqutundan Heydər Əliyev dühası xilas edə bildi.

 

Təəssüf ki, o dövrdən qalan eyni simalar populist siyasi ritorikanı yenidən cəmiyyətimizin gündəminə gətirməyə cəhd edirlər. İstisna etmirəm ki, düşüncələrini ifrat emosiyalarla, pafosla ifadə edənlərin cərgəsində vətən sevgisini və vətənə xidməti səmimi olaraq yalnız bu ritorikada görənlər var. Lakin ona da əminəm ki, dar siyasi maraqları üzündən, müvəqqəti siyasi dividendlər naminə yenidən populistləşənlər daha çoxdur. Qələbədən sonra ölkəmizin ətrafında baş verənlər göstərir ki, ifrat emosionallıq gərəksiz və faydasızdır, siyasi populizm isə ziyanlı və təhlükəlidir. Bilməliyik ki, yerləşdiyimiz coğrafi məkanda strateji maraqlarını gizlətməyən, imperialist keçmişi olan qüvvələr, o cümlədən böyük güclər var. Bölgədə və ölkəmizdə öz maraqlarını təmin etməyə səy göstərən regional oyunçuların timsalında kimlərdənsə hakimi-mütləq obrazının yaradılmasının da, bu mövzu ətrafında populist spekulyasiyaların da yanlış olduğu qənaətindəyəm.

 

Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev cəmiyyətimizi narahat edən belə məqamlardan birinə aydınlıq gətirdi və konkret münasibətini bildirdi: “Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”. Dövlətimizin başçısı bu iradını yanvarın 11-də Moskva görüşündə tədbirin diplomatik ruhuna uyğun tərzdə bir daha ifadə etdi. İki gün sonra isə yanvarın 13-də İslamabadda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin Bəyannaməsi imzalandı. Bu sənəd bir çox sahələrdə, o cümlədən təhlükəsizlik məsələlərində əməkdaşlığın dərinləşməsini ehtiva və təqdir edir. Elə həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında məxsusi olaraq Qarabağa dair telefon danışığı baş tutdu. Məzmunu məqsədli şəkildə ictimailəşdirilən bu danışıq 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların arzu və təqdimatlardan asılı olmayaraq, üç rəqəmi ilə ölçülmədiyinə açıq işarədir. Türkiyə Prezidentinin Qarabağda azərbaycanlıların və ermənilərin sülhməramlı qüvvələrə və Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac duymadan dinc birgəyaşayışını təmin edəcək şərtlər yaratmaq istəyi ilə bağlı fikirləri susqunluğun deyil, fəal və praqmatik diplomatiyanın yalnız görünən hissəsidir. Heç şübhəsiz ki, bu cür siyasi təmaslar Prezident İlham Əliyevin mövqe və iradəsindən, məsələlərə münasibətindən qaynaqlanır. Reallıq ondan ibarətdir ki, problem və narahatlıqlar siyasi populistlərin çıxışları ilə deyil, həyata keçirilməkdə olan praqmatik dövlət siyasətinin nəticəsində həllini tapa bilər.

 

Populizmin əksər hallarda məqsədli xarakter daşıdığına, ucuz siyasi özünütəsdiqə hesablandığına dair qənaətim təsadüfi deyil. Çünki yenidən Qarabağ mövzusuna köklənən köhnə populistlər bir vaxtlar cəmiyyətə aşılayırdılar ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə bir qarış torpağımız da işğaldan azad olunmayacaq. Elə bu şəxslərin bir çoxu ağızdolusu və məqsədli şəkildə iddia edirdilər ki, guya Paşinyan 10 noyabr tarixli bəyanata heç imza da atmayıb. Hər iki iddianın yanlış və uydurma olduğunu həyat özü sübut etdi.

 

10 noyabr tarixli bəyanatda Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması ilə bağlı müddəa əks olunsa da, elə həmin şəxslər car çəkirdilər ki, guya bu, yalandır. İddia edirdilər ki, guya Azərbaycan hakimiyyəti kimdənsə ehtiyat edir, baş aldadır, oyun oynayır və guya qardaş Türkiyə masada yoxdur. Baxmayaraq ki, Mərkəzin mütləq fəaliyyət göstərəcəyi ilə bağlı mövqe ən ali - Prezident səviyyəsində açıq və ictimai şəkildə ifadə olunurdu. Ötən günlərdə Monitorinq Mərkəzinin Ağdamda öz işinə başlaması ilə məqsədli şəkildə əks-təbliğat aparanların bu yalanı da ifşa olundu.

 

Əslində, onları danışdıran və narahat edən yalnız budur ki, nə olursa-olsun, lap dünya dağılsın, hətta düşmən üzərindəki tarixi qələbəmizə kölgə salmaq bahasına olsa da, təki bu qələbə Prezidentin adı ilə əlaqələndirilməsin. Belələri öz pafoslarında səmimi olsaydılar, bircə dəfə etiraf edərdilər ki, düşmən üzərindəki qələbəmizin arxasında həm də cənab İlham Əliyevin Prezident kimi siyasi iradəsi, yaxud Ali Baş Komandan kimi qətiyyəti, ya da heç olmasa, zəhməti dayanır. Bunları bilərəkdən etiraf etmirlər, çünki onlara sərf etmir. Onu da etiraf etmirlər ki, əgər son 17 ildə ordu quruculuğuna, onun hərbi-texniki təchizatına bu qədər əmək sərf edilməsəydi, cəmiyyətimizdə vətənpərvərlik ruhu qorunub bugünkü səviyyəyə qaldırılmasaydı, gənc nəsil qələbəyə inam və vətən sevgisi ruhunda yetişdirilməsəydi, iqtisadi-siyasi dayanıqlıq və ictimai-sosial sabitlik təmin olunmasaydı, strateji müttəfiqlərimizin qətiyyətli iradə ortaya qoymaları üçün zəmin yaradılmasaydı 2020-ci il noyabrın 8-də zəfər gününü əldə etməyəcəkdik. Bundan sonra da çox-çox illər həmin günü gözləməli olacaqdıq, milli qürurumuzun xilası uğrunda növbəti əziyyətli illəri yaşayacaqdıq.

 

Hansı siyasi cinaha mənsub olmasından asılı olmayaraq, həqiqətləri etiraf etmək siyasi mədəniyyət tələb edir. Cəmiyyətimizin sabahı və gələcək nəsillər üçün bu siyasi ənənəyə də riayət etməyi bacarmalıyıq.

 

Dünyada ciddi geosiyasi proseslər baş verməkdədir. Yaxın gələcəkdə bir və iki, hətta çoxqütblü dünya nizamı uğrunda maraqlar toqquşmasının yeni müstəviyə qalxacağı gözləniləndir. Geosiyasi ziddiyyətlərin yerləşdiyimiz coğrafiyada təmərküzləşəcəyi və regional sabitliyə təhlükələrin artacağı ehtimalı da yüksəkdir. Azərbaycan hakimiyyətinin əsas hədəflərindən biri qlobal qarşıdurmada ölkəmizdən meydan kimi istifadə olunmasına imkan verməməkdir. Bu məsələdə dövlət mənafelərimiz və mövqeyimiz, ilk növbədə, qardaş Türkiyənin və eləcə də region ölkələrinin maraqları ilə üst-üstə düşür. Təəssüf ki, geosiyasi proseslər mütərəqqi Avropanın bəzi ölkələrində islamofobiya və türkofobiya meyillərinin güclənməsi ilə müşayiət olunur. Acı reallıqlardan biri də odur ki, XXl əsrdə bir sıra siyasi qərarların arxasında məhz bu cür uydurma və əsassız meyillər dayanır.

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yanvarın 14-də qədim Şuşamıza səfər etdilər; 28 il 6 aydan sonra müzəffər ordumuzun öz qətiyyətli Ali Baş Komandanı ilə azad etdiyi Şuşaya. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, qazilərimizə uzun ömür, yaralılarımıza şəfa versin. Şuşa şəhərindəki Saatlı məscidinin önündə Prezidentin verdiyi ismarışlardan biri dini məbədlərimizin və tarixi abidələrimizin məhz islamofobiya üzündən Ermənistan tərəfindən təhqir olunub dağıdılması və bu vəhşiliyin qəbuledilməzliyi ilə bağlı oldu: “Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?”

 

Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə verdiyi bu tarixi açıqlama isə həm Azərbaycanı sevənlərə, həm də gözləri hələ də torpaqlarımızda və ölkəmizdə olanlara idi: “Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində vətən sevgisi... Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar”.

 

Qarabağı təbii gözəlliyi ilə ahəngdar şəkildə yenidən cənnətməkana çevirə bilmək üçün qarşıda xalqımızı, hər birimizi böyük quruculuq, bərpa və abadlıq işləri gözləyir. Uzun illər həsrətində olduğumuz bu şərəfli missiyada iştiraka gücümüz, imkanımız və bacarığımız çərçivəsində səfərbər olmalıyıq. Bu missiyanı uğurla yerinə yetirə bilmək və vətənimizi gələcək təhlükələrdən müdafiə etmək üçün daha güclü, daha mütəşəkkil olmalıyıq, tarixi qələbəmizi və ümumxalq birliyimizi bədxahlardan qorumalıyıq.

 

Prezident İlham Əliyev Şuşada 39 il əvvəl - 1982-ci il yanvarın 14-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ucaldılmış Molla Pənah Vaqifin məqbərəsi önündə xalqımıza və dünya birliyinə tarixi bir ismarış göndərdi: “Sovet dövlətinin rəsmi ideologiyası elə idi ki, sanki Azərbaycan ərazisində mövcud olan xanlıqlar insanları yalnız istismar edirdi. Azərbaycan xalqı sanki gözləyirdi ki, bu xanlıqlar ləğv edilsin və sovet hakimiyyəti yaradılsın. Təbii ki, bu, cəfəngiyatdır. Azərbaycan xalqı əsrlər boyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır”.

 

Uğrunda şəhidlər verdiyimiz müstəqilliyimizi bəd niyyətlilərdən qorumaq üçün də ən güclü silahımızı - ümumxalq birliyimizi daha möhkəm etməyi bacarmalıyıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal