Vətəndaş və İnkişaf Partiyası Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.
Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:
“Tarixdə insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın nizami hərbi qüvvələri və Dağlıq Qarabağdakı azğın terror birlikləri Rusiyanın 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı misli görünməyən soyqırımı həyata keçirilib. O dövr üçün ən müasir silah və texnika ilə təchiz edilmiş erməni-rus hərbi birləşmələrinin Xocalıda törətdikləri soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmaqla 613 nəfər təsəvvüredilməz vəhşiliklə qətlə yetirilib, 487 nəfər ağır yaralanıb, 1 275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin – aralarında 68 qadın və 26 uşaq var – aqibəti haqqinda bu günə kimi heç bir məlumat yoxdur.
Xocalı soyqırımı erməni faşistlərinin XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan xalqına qarşı törətdiyi qanlı faciələrin ən böyüyü və ən dəhşətlisidir. Bəşər sivilizasiyanın yüksək inkişaf səviyyəsində olduğu 1992-ci ildə ermənilər himayəsinə sığındıqları Çar, bolşevik və müasir Rusiyanın dəstəyi ilə yüzillərdir, öz gündəliklərinə daxil etdikləri “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək yolunda min il sonra da lənətlənəcək Xocalı soyqırımı kimi miqyaslı cinayətə əl atmaqdan çəkinmədilər.
Ancaq çox təəssüf ki, 29 il keçməsinə baxmayaraq, Xocalı soyqırımına dünya çapında hələ də obyektiv hüquqi-siyasi qiymət verilməyib. Erməni lobbisinin təsiri və qlobal siyasi maraqlarından çıxış edən böyük dövlətlərin ədalətsiz yanaşması sayəsində Xocalı soyqırımı uzun müddət dünya ictimaiyyətinin diqqətindən kənar qalıb. Çox təəssüf ki, miqyasına görə Xocalı soyqırımı ilə müqayisəyə belə gəlməyəcək faciələrə ən operativ qaydada reaksiya verən, ona görə hüzn və kədərini ifadə edən aparıcı ölkələr Xocalıda minlərlə insanın qətlə yetirilməsinə, yaralanmasına, girov götürülməsinə, sağ qalanların isə yurdlarından didərgin düşmələrinə seyrçi mövqe nümatiş etdirdilər. Belə bir şəraitdə dünya düzənini müəyyənləşdirən ölkələrdən ədalət gözləmək sadəlövhlük olardı.
Bununla belə, Azərbaycan dövlətinin son illərdə həyata keçirdiyi fəaliyyət nəticəsində Xocalı soyqırımının dünya miqyasında tanınması istiqamətində müəyyən nəticələr əldə olunub. Bu çərçivədə bir sıra ölkələrin parlamentlərində, o cümlədən, bəzi beynəlxaql təşkilatlarda və ABŞ-ın bir neçə ştatının qanunvericilik orqanında Xocalı soyqırımını rəsmən tanıyan qətnamələr qəbul olunub. Hesab edirik ki, bu istiqamətdə səylər daha da artırılmalı və Xocalı soyqırımının törədilməsində hər hansı formada iştirakı olan bütün cinayətkarların öz layiqli cəzalarını almaları yönündə təsirli addımlar atılmalıdır.
Vətəndaş və İnkişaf Partiyası (VİP) olaraq, erməni-rus hərbi canilərinin törətdiyi Xocalı soyqırımının qurbanlarını sayğı ilə anır, onlara Allahdan rəhmət diləyir, xalqımızın bir daha belə bir faciə ilə üzləşməməsi üçün daxili milli həmrəyliyin gücləndirilməsinə çağırırıq”.