“Misir Ərəb Respublikasında fəaliyyət göstərən diplomatlarımız Azərbaycanın haqq səsini ərəb aləmində ucaltmağı özlərinin ümdə vəzifəsi hesab edirlər. Xüsusən, uzun illər ərzində Xocalı soyqırımı barədə həqiqətlərin Şimali Afrikanın ərəbdilli xalqlarına çatdırılması istiqamətində mühüm işlər görülüb”.
Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı, Qahirədəki “SOİC” kinematoqrafiya şirkəti tərəfindən ərəb dilində çəkilən “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filminin ssenari müəllifi Emil Rəhimov deyib.
Eyniadlı kitabın da müəllifi olan diplomat Xocalı soyqırımından bəhs edən kitabından danışıb:
“2017-ci ildə - Xocalı soyqırımının 25 ildönümü ərəfəsində ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə “Əl-Əxbar” nəşriyyatında çap olunan üç fəsildən ibarət kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinə, İrəvan xanlığı barədə tarixi həqiqətlərə, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə, qərar və bəyanatlara geniş yer ayrılıb. Həmçinin kitabda ulu öndər Heydər Əliyevin Xocalı soyqırımına verdiyi siyasi qiymət, Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamaları, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Xocalıya dair fikirləri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təsis edilməsi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinə ünvanladığı müraciət öz əksini tapıb. Bu nəşr barədə xəbərlər Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb, Misirin beyin mərkəzlərində onun təqdimatları keçirilib”.
E.Rəhimov vurğulayıb ki, Misir ictimaiyyətinə Xocalı soyqırımı ilə yanaşı, 20 Yanvar faciəsi, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müfəssəl faktlara əsaslanan geniş məqalələr də təqdim edilir.
Qeyd edək ki, müəllifin “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabı üç fəsildən ibarət olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərinə, İrəvan xanlığının tarixi həqiqətlərinə, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə, qərar və bəyanatlarına toxunaraq, XX əsrin ən dəhşətli soyqırımı sayılan Xocalı hadisəsinin baş vermə səbəblərini, soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasını araşdırmış, erməni terror təşkilatları, erməni lobbisi, 1989-1994-cü illərdə Azərbaycanda ermənilərin törətdiyi terror aktları barədə geniş məlumat verərək, Azərbaycan dövləti və xalqının hər il 26 fevralı Xocalı soyqırımı günü kimi qeyd etdiyini bildirib.
Kitabda Ulu öndər Heydər Əliyevin Xocalı soyqırımına verdiyi siyasi qiymət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi açıqlamalar, Azərbaycan Respublikasının Birinci-vitse prezident Mehriban xanım Əliyevanın Xocalıya dair söylədikləri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “Xocalıya ədalət!” beynəlxalq kompaniyasının təsis edilməsi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinə ünvanladığı müraciət öz əksini tapıb.
“Xocalı soyqırımı və itirilmiş ədalət” kitabına aid xəbərlər Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılmış, kitabla bağlı müsahibələr verilmiş və Misirin beyin mərkəzlərində təqdimatı keçirilib.