Sosial şəbəkələrdə və mətbuatda siyasi partiya rəhbərlərinin və partiya təmsilçilərinin davamlı çıxışlarını görürük.
Maraqlıdır, siyasi partiyaların sosial şəbəkələrdən xaric, səmərəli və rəsmi hesab edilə biləcək saytı varmı?
Modern.az saytının bununla bağlı araşdırması zamanı məlum olub ki, bu məsələdə nəticə heç də ürəkaçan deyil. Belə ki, Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş 62 siyasi partiyanın cəmi 12-sinin rəsmi saytı fəaliyyət göstərir.
Ən aktiv sayt hakim Yeni Azərbaycan Partiyasına məxsusdur. Belə ki, “yap.org.az” mütəmadi olaraq yenilənir, saytda xəbər və müsahibələr, partiyanın fəaliyyəti barədə materiallar yerləşdirilir.
Azərbaycan Milli İstiqlal Partiyasının “amip.az”, Azərbaycan Xalq Cəbhəsi Partiyasının “axcp.az”, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının “baxcp.az”, Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının “mdhp.az” domenləri ilə hazırlanmış saytları olsa da, hazırda fəaliyyət göstərmir.
”Ana Vətən” Partiyasının “avp.az”, Vətəndaş Həmrəyliyi Partiyasının “vhp.az”, Milli Həmrəylik Partiyasının “mhp.az”, Azərbaycan Liberal Demokrat Partiyasının “libdemaz.blogspot.com” domenləri ilə hazırlanmış saytlar isə aktiv olmasa da, fəaliyyətini davam etdirir.
Ümid Partiyasının “umidparty.org” domenli saytı isə son zamanlar nisbətən aktiv fəaliyyətə keçib.
Son vaxtlar qeydiyyata alınmış siyasi partiyalardan Respublikaçı Alternativ (ReAl) Partiyasının “realpartiya.org” veb-ünvanında saytı hazırlansa da, bu resursa daxil olmaq mümkün deyil.
Rəsmi saytı olan partiyaların biri də Klassik Xalq Cəbhəsi Partiyasıdır. Lakin bu partiyanın “ kxcp.org” domeni üzərində qurulmuş saytı da 2016-cı ildən bəri fəaliyyətini dayandırıb.
Fidan İlqarqızı