Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu mətbuat konfransının məhz fevralın 26-da, Xocalı faciəsinin 29-cu ildönümü günündə keçirməsi təsadüfi deyildi. Azərbaycan lideri işğalçı Erməni dövlətinin, xalqımıza qənim kəsilmiş erməni faşizminin müdhiş müharibə cinayəti olan bu qətliam haqqında bir daha ətraflı məlumat verdi.
Vətən müharibəsində Böyük Qələbəmizdə vacib olan amillərdən biri də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamlı, uğurlu davamı idi. Dövlət başçısının son illərdə qəbul etdiyi qərarlar, atdığı inamlı addımlar qüdrətli ordu yaratmaq istiqamətində gərək olan bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib.
Ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla silahlansa da döyüş meydanında sön sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Vətən müharibəsində Zəfər qazanmağımızda Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsi çox önəmli idi. Yeni tarix yazan Müzəffər Ordumuzun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, rəşadət, igidlik, qanı və canı bahasına əldə olunmuş Qələbə hər birimizə qürurverici anlar yaşatdı.
Möhtərəm Prezident cənab İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bir daha vurğuladı ki, Böyük Qələbədə bütün qoşun növlərinin öz payı var. 44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti olub. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində əvəzsiz yer tutub. Pilotsuz uçuş aparatlarının rolu çox böyük olub. Bu aparatlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Bəzi kadrlardan da göründüyü kimi hədəf dəqiq müəyyən olunur, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib.
Xalq öz Müzəffər Ali Baş Komandanını daha da yaxından tanıdı, dövlətimizin başçısının necə iradəli, qətiyyətli, əzmkar, verdiyi sözü tutan şəxsiyyət olduğuna bir daha əmin olmaqla yanaşı, onun ən yüksək keyfiyyətlərə məxsus vətəndaş və bu qələbələri böyük coşqu ilə alqışlayan necə sadə bir insan olduğunun da şahidi oldu.
Ordu ordu ilə savaşar, əsgər əsgər ilə döyüşər, üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o da qalib gələr. Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları pozdu, müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə tutdu. Lakin bu cür təxribatlar Azərbaycan Ordusunun və xalqının əzmini qıra bimədi. Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir, Ordumuzun şəxsi heyəti istənilən qələbələri qazanmağa qadirdir. Azərbaycan Ordusu və xalqı bu gün öz Liderinin ətrafında yumruq kimi birləşən, misli görünməmiş həmrəylik nümayiş etdirdi.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfər də bugünədək xalqımızın, dövlətimizin tarixində bir ilk olan möhtəşəm qələbə kimi yazıldı.
Kəmalə Hüseynova,
Naftalan şəhər sakini