Koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə əlaqədar ölkəyə daxil olan və ölkədən çıxan beynəlxalq sərnişindaşıma hava uçuşlarının (aviaresylərin) faktiki olaraq dayandırılması “Azərbaycan Hava Yolları” QSC-nin maliyyə vəziyyətinə mənfi təsir göstərib.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.
Hesabata görə, bunun nəticəsində “Azərbaycan Hava Yolları” QSC-nin maliyyə təsərrüfat fəaliyyətinə ciddi zərər dəyib, ilk növbədə əməkhaqqı və kommunal ödənişlərin, habelə dövlət zəmanəti ilə alınan borclara xidmət edilməsinin təminatında problemlər yaranıb.
Eyni zamanda, koronavirus (COVİD-19) pandemiyasının yayılması nəticəsində “Azərbaycan Hava Yolları” QSC-yə dəymiş zərərlə əlaqədar ən zəruri xərclərin təxirə salınmadan maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 24 mart tarixli 116s nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan “ Azərbaycan Hava Yolları” QSC-yə 16,0 mln. manat məbləğindən vəsait ayrılıb.
Bundan başqa, həmin sərəncama əsasən, Nazirlər Kabinetinin 2016-cı il 15 fevral tarixli 70s nömrəli Sərəncamı ilə təsdiq edilən Zəmanət Müqaviləsinə əsasən cəlb edilən kredit üzrə “Azərbaycan Hava Yolları” QSC tərəfindən idarəçi bank kimi çıxış edən “Citibank N.A.”ya ödənilməli olan 5126,3 min ABŞ dolları məbləğində borc Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına ödənilib.
Fidan İlqarqızı