Modern.az

Qusarda bədbəxt hadisə - məktəbin işıqlarını düzəldən mantyoru “tok” vurdu

Qusarda bədbəxt hadisə - məktəbin işıqlarını düzəldən mantyoru “tok” vurdu

9 Mart 2021, 17:33

Qusarda orta məktəb binasını enerji ilə təchiz edən  transformatora təhkim olunmuş elektrik texnikini cərəyan vurması onun sağlamlığına ciddi xəsarət yetirib.

 

Modern.az xəbər verir ki, bu  hadisə maraqlı bir faktın açılmasına gətirib çıxarıb:

 

Hadisə bir neçə ay əvvəl - 2020-ci il dekabrın 11-də  gündüz saat 15.40 radələrində baş verib. "Azərişıq"ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin sayğac quraşdırma və uçota nəzarət sektorunun texniki vəzifəsində çalışan Eynulla Kələntər oğlu Vəlimətov Balaqusar kənd orta məktəbini elektrik enerjisi ilə təchiz edən transformatorun 0,4 kv-luq elektrik xəttinə sayğac quraşdırarkən onu cərəyan vurub və ağır yanıq xəsarətləri alan texnik dərhal xəstəxanaya çatdırılıb. Dərhal  Qusar rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib. Rayon prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

 

Prokurorluğun araşdırması nəticəsində bir sıra maraqlı, müəmmalı məqamlar meydana çıxıb. Məlum olub ki, 2007-ci ildə istifadəyə verilmiş Balaqusar kənd orta məktəbini elektrik enerjisi ilə qidalandıran  0,4 kv-luq kompleks transformator məntəqəsi  indiyədək "Azərişıq"ASC-nin və ya "Azərenerji" ASC-nin hər hansı rayon şöbəsində, eləcə də istehlakçı kimi Qusar rayon təhsil şöbəsində  qeydiyyata alınmayıb. Bu məqsədlə Qusar rayon prokurorluğu fakta tam mütəxəssis rəyi verilməsi məqsədilə Ədliyyə Nazirliyinin  Məhkəmə Ekspertizası Məhkəzinə müraciət edib. Mərkəzin Əmək Təhlükəsizliyinin Tədqiqi Ekspertizasının rəyinə əsasən məlum olub ki, Balaqusar kənd orta məktəbini elektrik enerjisi ilə təmin edən 0,4 kv-luq transformator məntəqəsi quraşdırılandan sonra  balans mənsubiyyəti, istismar məsuliyyəti barədə akt tərtib edilmədən istifadəyə verilib və bu günəcən  2007- ci ildən  istifadədə  olan transformator  məntəqəsi  təhsil ocağını enerji ilə təmin etməkdə davam edir.

 

Qeyd edilən halları nəzərə alaraq,  2021 il fevralın 24-də Qusar rayon prokurorluğunda "Azərişıq" ASC-nin Şimal Regional Enerji Satışı və Təchizatı idarəsinin Sayğac quraşdırma və uçota nəzarət sektorunun və qurumun Qusar  rayon Enerji Təchizatı və Satışı şöbələrinin və Qusar rayon Təhsil şöbəsinin  rəsmiləri barədə respublika CM-nin 162.1(əmək təhlükəsizliyi qaydalarının pozulması) və 314.1(vəzifə səhlənkarlığı) maddələrilə cinayət işi açılıb.

 

Qusar rayon prokurorluğundan verilən məlumata görə, hazırda istintaq tədbirləri davam edir:

 

Hazırda fakta görə cinayət işinin istintaqı gedir. 2007-ci ildən istismarda olan transformator məntəqəsinin enerji sərfiyyatına görə dövlətə istehlakçı tərəfindən  enerji haqqı ödənilib. Belə olan halda ortaya maraqlı sual meydana çıxır: bəs balansda olmayan transformatora görə ödənilən vəsait indiyədək hara və kimlərin cibinə daxil olub? Konkret olaraq  hələlik yuxarıda qeyd edilən dövlət qurumlarının rəhbərlərinin adını çəkmirik. Çünki 2007-ci ildən indiyədək bu qurumlarda çox rəhbərlər,  məsul şəxslər dəyişilib. Balaqusar kənd məktəbinin transformatorunun indiyədək balansa alınmamasının günahının konkret olaraq kimdə olmasını Qusar rayon prokurorluğunun apardığı istintaq müəyyən edəcək və bu istintaqın yekununda  bir çox məsələlərə aydinlıq gətiriləcək, axı işıq aydınlıq mənbəyidir. O zaman məlum olacaq ki,  balansda olmayan transformator  14 il ərzində kimlərə "xidmət edirmiş".  Qeyd edək ki, "Azərişıq ASC-nin bölgələrdə əhalinin fasiləsiz enerji ilə təmin edilməsi istiqamətində gördüyü bir sıra işlər hər birimizə yaxşı  məlumdur. Görəsən, Balaqusar kənd məktəbinin enerji sərfiyyatına görə dövlətin ayırdığl vəsait hansısa ucqar kənddə qəzalı, ağacdan olan elekrik dirəyinin və təhlükəli elekrtrik xəttinin  yenilənməsinə sərf olunub, yoxsa kimlərinsə cibinə gedib? Tam inanıram ki, bu sualın cavabını rayon prokurorluğunun apardığı  istintaq tez bir zamanda verəcək.

 

Səbirli olaq, gözləyək, aydınlıq olsun!!!!"

 

Aytəkin ALXASLI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama