Modern.az

Məktəbli uşaqların sosial adaptasiyası

Məktəbli uşaqların sosial adaptasiyası

9 Mart 2021, 18:43

Adaptasiya prosesi latın sözü olub uyğunlaşmaq, quraşdırmaq, düzəltmək mənasını verir.

 

İnsanın adaptasiyası dedikdə isə insanın konkret mühitə uyğunlaşması başa düşülür. Sosial adaptasiya hər bir yaş dövründə müəyyən əhəmiyyətə malik olsa da kiçik yaşlı uşaqların sosial adaptasiyası daha çətin olur, böyük diqqət tələb edir. Kiçik yaşlarında olan uşaqların adaptasiyasını daha çox məqsədyönlü şəkildə təşkil etmək lazımdır. Uşaqların adaptasiya prosesini dəyişən mühitə qısa bir zamanda alışması, uyğunlaşması kimi də başa düşmək olar. Bu prosesin müsbət nəticəsi birinci növbədə uşaqların psixoloji hazırlığı, çətinlikləri üstələyə bilməsi qabiliyyətindən asılıdır.

 

Uşaqların sosial adaptasiyada üzləşdikləri problemlər, onların aradan qaldırılması yolları həllində ailə, valideyn, məktəb mühüm rol oynayır. Uşaqlar arasında mütəmadi olaraq psixoloji maarifləndirmə işinin aparılması, müvafiq tövsiyələrin verilməsi çox vacibdir. Uşaqların müxtəlif xarakterə malik olduğunu nəzərə alaraq bilirik ki, bəzi uşaqların sosial  adaptasiyası çətin  olur. Belə halda məktəb uşaq üçün çox maraqsız, yorucu olur, uşaqlar gərginlik keçirir və çox vaxt sinif kollektivində narazıçıqlar yaranır. Uşaqların adaptasiya edilməsi  üçün müxtəlif yollardan, metodlardan istifadə edilməlidir. Günümüzün ən aktual problemi olan qlobal koronavirus pandemiyası dünyada mövcud olan bütün sahələrə ciddi təsir etdiyi kimi təhsil sistemindən  də təsirsiz ötüşmədi və təhsil sahəsində də arzuolunmaz problemlər yaratdı.Dünyanın bir çox ölkələrində qəbul edilmiş sərt karantin qaydaları səbəbindən ənənəvi  tədris qeyri mümkün olmuşdur. Yaranmış vəziyyətlə bağlı təhsil ocaqları təhsilin davamlılığının təmin olunmasını prioritet vəzifə kimi  həyata keçirməyə başlamışdır.

 

Sevindirici haldır ki,bu prosesə Azərbaycanın təhsil ocaqları da çevik formada adaptasiya olundular.Təhsilin davamlılığında ,təhsilalanların təhsildən kənar düşməməsinin  qarşısının alınmasında ‘‘Virtual məktəb ‘‘ layihəsinin həyata keçirilməsi ,onlayn dərslərin əhəmiyyəti, rolu böyükdür. Təbii ki, uşaqların ya ənənəvi, ya  da onlayn dərslərə qoşulması  onlarda stress  amilinin artması və psixologiyasında  özünü biruzə verməkdədir. Uşağın alışmış olduğu sistemdən digərinə girməsi və çıxması asan iş deyil. Yəni uşağın bu iki sistemə uyğunlaşması lazım gəlir. Çünki onlar uzun illərdir ki, adət etdikləri rejimdən daha bir fərqli həyat yaşantısına keçiblər. Düşünürəm ki, burada müəllim, valideyn məsuliyyəti və məsələyə həssas yanaşmaq xüsusi rol oynayır.

 

Məhz valideynlər evdə uşaqlara uygun şərait yaratmalı, onlara dəstək olmalıdırlar. Bu zaman uşaqlar əgər məktəb və ailə üzvləri  tərəfindən dəstək görməsə motivasiyası düşə bilər. Uşaqların  sosial adaptasiyasını  tezləşdirmək üçün çalışmaq lazımdır ki, onlar özlərini hər mühitdə rahat və sərbəst hiss etsinlər. Pandemiya zamanı uşaqların özünə qapanmaması və təhsildən  geri qalmaması üçün  uşağa düzgün rejim qurulmalıdır.Təbii ki, əyani dərslər zamanı dostları ilə kontaktda  olmaq,tənəffüsdə  hər hansı bir mövzu üzrə söhbət etmək çox sadə görünsədə uşağın ünsiyyət tələbatını ödəyirdi.Pandemiya vaxtı bütün bunları kompensasiya etmək üçün valideynlər uşaqlara daha çox zaman ayırmalıdırlar. Onlara qayğı, nəvaziş göstərməli, müxtəlif oyunlar oynamalı, film seyr etməli, karantin rejiminin qaydalarına əməl etməklə təmiz havada qısamüddətli yürüşlər etməlidirlər. 

 

Ümumiyyətlə ailələrin birlikdə əyləncəli bir vaxt keçirməsi uşaqların sinir sisteminə və psixoloji durumuna müsbət təsir göstərir. Adaptasiya üç formada özünü göstərir. Fizioloji, psixoloji və sosial. Bunlardan  hansı birindəsə çatışmamazlıq təlim uğursuzluğu ilə nəticələnir. Proqramı mənimsəmək, gələcəkdə uğurlu təhsil almaq üçün uşağın psixi inkişaf səviyyəsi fizioloji, sosial və psixoloji hazırlıqla bərabər getməlidir. Bir sözlə, uşaqlar hər bir situasiyaya tez uyğunlaşa bilərlər, yetər ki onlara baş verən prosesləri düzgün şəkildə anlatmağı bacaraq. 



Dilarə Cəbrayılova 

Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktoru                                                        

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi