Modern.az

Xalqın arzusu

Xalqın arzusu

Aktual

10 Mart 2021, 10:15

Arzu insanın qəlbini duyğusuzlaşmağa, hisslərini korşalmağa  qoymayan  qiymətli  bir  məfhumdur.  Hər kəsin  qəlbində aşkar və kimsəyə söyləmədiyi  gizli arzuları var. Mütləq ki, var... Ömür uzunu sonsuz arzularımız olur və biz  bu arzuların ardınca haralara  qaçmırıq, nələrə baş vurmuruq?! Xoşbəxtliyimizi  çin olan arzularımızla ölçürük...

Uşaqlığın öz arzuları var.  Valideynlərin  yanında olur, özünü xoşbəxt sayırsan, bütün qayğılardan uzaq olursan, dünyanın dərd-sərini tam dərk etmirsən və heç o barədə fikirləşmək də istəmirsən. Yeniyetməliyin əsas arzuları məktəb illərini uğurla başa vurmaq, ali məktəbə yaxşı hazırlaşmaq,  həyatın növbəti mərhələlərini alnı açıq, üzü ağ qarşılamaq...

Gəncliyin bitməz-tükənməz arzuları isə səni qanadlı quşa döndərir. Elə bil səmadasan. Ali təhsil almaq, ürəyincə olan bir peşəyə sahib olmaq hər bir gəncin ümdə arzusuna çevrilir.  Sevdiyin birisi ilə xoşbəxt ailə qurmaq, oğul-uşaq sahibi olmaq, şirin ailə qayğıları ilə yaşayıb Tanrının və həyatın sənə verdiklərinə şükranlıq edərək həyatı sağlam şəkildə davam etdirmək nə qədər gözəldir, İlahi! Hər bir insan, hər bir fərd bu gözəlliklərə çatmaq arzusu ilə yaşayır, bu yolda  ömrünü şam kimi əridir...  

    Təbii haldır ki, hər bir insanın nəsli-nəcabəti, kökü, hansısa millətə, xalqa mənsubluğu var. Mənsub olduğumuz xalqı sevməklə bərabər onun inkişafına, yüksəlişinə və tərəqqisinə öz töhfəmizi də verməliyik. Bu yolda canını, qanını verən, zamanın ən ağır sınaqlarına dözüb milləti, xalqı işıqlı sabahlara aparan, öz adını tarixin silinməz səhifəsinə qızıl hərflərlə yazan oğul və qızlarımız az olmayıb. Onların hər biri ulduz kimi parlayıb qəlblərdə əbədi yanan işığa çevriliblər.

Bütün həyatını xalqın tərəqqisinə, dövlətin möhkəmlənməsinə, millətin yüksəlişinə həsr edən, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” deyən Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev xalqın ən böyük ulduzuna - Günəşinə çevrildi. “Azərbaycan dünyaya Günəş kimi doğacaq” - deyərək xalqı ilə bağlı arzularını reallığa çevirdi, yeni bir Azərbaycan yaratdı. Xalqı ümidsizlik, inamsızlıq məngənəsindən qurtarıb aydınlığa çıxardı, insanlar gələcəyə cəsarətlə addımlamağa başladı. Ölkə yeni mərhələyə qədəm qoydu. Bu, Azərbaycan xalqının sevinc, fərəh, xoşbəxtlik mərhələsi oldu. Xalqın həyat səviyyəsi dəyişdi, yüksəldi, siyasətdə, iqtisadiyyatda, kənd  təsərrüfatında, təhsildə,  səhiyyədə əldə olunan  çoxsaylı uğurlar hər şeyi təpədən dırnağa yenilədi. İnsanlar hər  tərəfdə hökm sürən  xaos  vəziyyətindən  çıxaraq arzuladıqları sabitliyə, rahatlığa, dincliyə qovuşmağa başladılar. Millət özünü təsdiqləməyə nail oldu.  Dahi lider Azərbaycanı  dünyaya tanıtdıra bildi.  Bütöv bir xalq, bütöv bir millət  şəxsi  anlamda və iş  həyatlarında arzu və istəklərini reallaşdıra  bildi. 

Xalqı arzularına qovuşdurmaq hər liderə nəsib olan iş deyil. Bu Ulu Öndərin yüksək dövlətçilik və idarəçilik bacarığının, uzaqgörənliyinin, dahiliyinin ən əsası isə Azərbaycana və xalqa bağlılığının təcəssümü idi. Yavaş-yavaş ağrılar, acılar, nisgillər “əriyir”, bütün qaranlıq mətləblərin üzərinə işıq düşür, Vətənimizin daha da inkişafı naminə hər kəs əlindən gələni əsirgəmirdi.

...Amma bir nisgil, xalqın bir arzusu vardı ki, millətə nigarançılıqdan, narahatlıqdan tam yaxa qurtarmağa imkan vermirdi. Bu xalqın Qarabağ arzusu, Qarabağ nigarançılığı idi. Doğma Vətənimizin bu gözəl məskəninin düşmən işğalında olması ürəyimizin yağını əridir, gözlərimizdəki qəmin azalmasına imkan vermirdi. Vətəndaşlarımızın ən böyük arzusu Qarabağ həsrətinə son qoymaq, orada  keçirdikləri  gözəl günlərə  qovuşmaq idi.

Amma bu yolda həddindən artıq çətinliklərlə üzləşirdik. Çünki dünya ictimaiyyəti reallıqlardan, Azərbaycan həqiqətlərindən  çox  az xəbərdar  idi, daha çox mənfur erməni yalanlarına üstünlük verirdi. Ulu Öndər Azərbaycan  həqiqətlərini dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə edir, bu işə var gücünü sərf edirdi. Həqiqətin düyünü isə çox ləng və çətin açılırdı. Düyünlər açıldıqca isə Qarabağa addım-addım yaxınlaşırdıq. Hələ çox yol getməliydik. Ömür vəfa etmədi...

 Azərbaycanı qurub-yaradan, dünyaya Yeni Azərbaycan bəxş edən, onun müstəqilliyinin əbədi olması üçün bütün ömrünü fəda edən Ümummilli Lider Heydər Əliyev xalqın qəlbində ölümsüzlük qazandı... Bir də bu düha Azərbaycana və dünya siyasət aləminə İlham Əliyev kimi şəxsiyyəti bəxş etdi. Əminliklə söylədi ki, başa çatdıra bilmədiyi işləri, arzuları İlham Əliyev həyata keçirəcək. İndi bunu nəinki Azərbaycan xalqı, bütün dünya görür və yüksək qiymətləndirir. Prezident, Ali Baş Komandan İlham Əliyev atasının arzusunu yerinə yetirməyə söz vermişdi. Bunu da yerinə yetirdi. Azərbaycan  xalqının illərlə gözlədiyi nisgillərə son qoydu. Bütün dünyaya “Qarabağ Azərbaycandır!” deyərək onu məharətlə sübuta yetirdi. Qarabağı erməni faşistlərinin caynağından xilas etdi. Azərbaycan  Ordusu  Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində  zəfər çaldı, “dəmir yumruğunu” erməni  yağılarının başına  endirdi, möhtəşəm qələbə çalaraq   dünyada qalib sərkərdə kimi tanındı.  

İlham Əliyevin qazandığı bu qələbə Azərbaycanın son 200 ildə qazandığı  ən böyük qalibiyyət  kimi  tarix  səlmaməmizə  həkk olundu. Bir göz qırpımında gücü, qüvvəti, qüdrəti, bacarığı ilə Qarabağı Azərbaycana qaytardı. Azərbaycanın xalqının arzusu  çin  oldu...

Bu bitməz-tükənməz mövzudur. Bununla bağlı əsərlər yazılacaq, filmlər çəkiləcək, yazılar dərc olunacaq, bu barədə hələ illərlə danışılacaq. Azərbaycan xalqının arzusu gözündə qalmadı. Müzəffər Ali Baş Komandanımız Qarabağ arzusunu reallığa çevirdi. Artıq xalqımız, onun hər bir nümayəndəsi sevincə, fərəhə, xoşbəxtliyə qovuşub. Bu, əvəzolunmaz hissləri heç nə ilə müqayisə etmək mümkün deyil. Deyirlər bir könlü şad etməyin savabı min Kəbə ziyarətinə bərabərdir. Bəs görəsən milyonlarla insanın, on milyonluq xalqın könlünü şad etməyin, onu xoş günlərə çatdırmağın savabı saya-hesaba, ölçüyə gələ bilərmi?

İnsanların duası sizinlədir, cənab Ali Baş Komandan! Qarabağı əvvəlki axar-baxarlı, firavan və şad günlərinə qaytara  bilməyiniz  üçün Tanrı Sizə yar olsun!

Sevin, ey Ana torpaq,

Sevin, ey Ana Vətən,

Oğlun qələbə çaldı,

Xar oldu  yağı düşmən.

Qoy gülsün Qarabağım!

Doğma Azərbaycanım!

Yaşa, şöhrətim-şanım,

Ali Baş Komandanım!

Ali Baş Komandanım!


Akif Təvəkküloğlu
Əməkdar jurnalist

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?