Qədimlərdən ta bu günümüzə qədər özünə yol tapan əski bir atalar sözümüz var. "Müasirliyini" bu gün də itirməyib. Belə nəsihət edirlər ki, çörək dostu olmayaq!!! Yəni ürək, fikir dostu olaq!!!
Başqa millət və xalqlarda görəsən, bizdəki kimi çörəyi yerlə bir edən bu cür atalar sözü varmı?
Araşdırdım, ağıllı adamlardan soraqlaşdım, ancaq uyğun bir nəticəni eşitmədim.
Belə şeylər bizdən çıxar...
Yaxşı bir anlığa gəlin razılaşaq ki, insanın yaşamasına, onun hərəkəti üçün dizlərinə güc-qüvvət gətirən çörəkdən ümumiyyətlə imtina edirik, necə olarıq!?
Yaxud dadına-tamına görə süfrədə biri-birindən gözəl və çeşidli yeməklər düzülüb, lakin gözümüzə çörək dəymir. Təsəvvür edək ki, stolun üstündə isti kabab, yanında da közün üstündən təzəcə götürülən badımcan, acı bibər, pomidor kababı qoyulub. Lakin əlimizi süfrəyə uzadıb dadlı təamlardan yeyə bilmirik. Çünki süfrədə çörək yoxdur. Çörək dostu olmayaq. HƏ???
Sözümün canı var...
Niyə görə Qurandan sonra müqəddəsliyinə tapındığımız, and içərkən öpüb gözümüzün üstünə qoyduğumuz çörəyə qarşı bu cür münasibəti beyinlərə yerləşdiriblər!? Adam stolda oturub çörək kəsir, hələ araqdolu qədəhləri bir-birinə vurub “gəlin çörək dostu olmayaq deyib” də gözünün qarşısındakı müqəddəs çörəyə necə deyərlər, həqarət edir və sonra da ondan kömək umuruq. Allaha yalvarırıq ki, bizi çörəklə imtahana şəkmə.
Bilirsinizmi bu nəyə bənzəyir? Birisi günahlarını yumaq üçün Kəbə ziyarətinə gedir, evinə qayıdıb gələndən sonra yenə ağır günahlara batır. Pisliyini, haqsızlığını davam etdirir.
İnsan qədər təhlükəli, qorxunc və Allahına şükür etməyən iknci bir canlı tanımıram. Gəldikcə deyir gəlsin. Göz doymur. Meşədə yırtıcı aclığını götürmək üçün bir cüyürü tutub yeyir və bu ona bir neçə gün kifayət edir. Sonra qarşısından nə qədər yeməli heyvan keçsə də, dəyib toxunmur. Bu gözütoxluluğun adama çox təəssüf ki, aidiyyatı yoxdur. Göz doymur. Yığır, talayır, dəyəri milyonlarla ölçülən villaları sıraya düzür, bahalı-bahalı maşınları alıb qarajda bəsləyir... Biriləri də ailəsinin günlük çörəyi üçün səhərdən axşama qədər müasir qolcamağın, mülkədarın qapısında qul kimi işləyir ki, alacağı 10 manatla evinə bir qismət çörək apara bilsin. Onların gözü qabağında isə birisi övladları və ailəsi üçün insanın ağlına gəlməyən hər cür şərait yaradır, hətta yeni dünyaya gələn nəvəsinə hədiyyə olaraq qiyməti 500 minlik maşın alır, Vətən, torpaq uğrunda döyüşmək lazım olanda isə hərəsi bir yanda gizlənir. Səsləri çıxmır, xaricdə dədə-babasının qazandığı haram çörək hesabına günlərini eyş-işrət içərisində keçirirlər.
Çörəyi bu cür dəyərləndirən adamlara xüsusi nifrətim var.
Gəlin kəsdiyimiz çörəyin qədrini bilək!!!! Onu əziz tutaq!!! Əcdadlarımızın hər səhv sözünə fikir verməyək!!! Onlardan fərqli olaraq mənim nəsihətimi eşidin: "Kəsdiyimiz müqəddəs çörəyin qədrini bilək. Onunla dost olaq!!! QARIN dostu olmayaq!!! Qarışıq salmayaq çörəklə qarın dostluğunu...
Bu yazını nahaqdan qələmə almadım. Yaxınlarda təsadüfən kiçik bir məclisdə oldum. Qiyməti 1000 manatlıq Fransa şərablarından ley-pey olan “süfrə dostlarım”la bizlər çörək dostu olmamışıq və bundan sonra da olmaq fikrində deyilik. Bunları birləşdirən haram qazancdır. Süfrədəki "əqidə" dostlarından ikisin xidmətçinin cibinə 100 dollar basmaları kimlərlə oturduğuma görə məni peşiman etdi. Bu zaman cibimdəki 9 manat 40 qəpiklik pula olan birisi kimi özümün özümə yazığım gəldi...
200 dolları restoran xidmətçisinin cibinə basan hər iki nəfərin ikisi də vaxtilə Heydər Əliyevin əleyhinə ən yaramaz işlərlə məşğul olublar. İndisə yerlərini dəyişiblər. Daha müxalifət deyillər. Çörəyi dizinin üstə olan bu ikiüzlü simasızlar düz gözlərimin içinə tərif yağdırırdılar. Məqam gələrsə, yenə onlar həmin adam olduqları vəziyyətə dönəcəklər. İnanın. Siyasi fahişələr həmişə bu cür olublar.
Eldar Sabiroğlu