Modern.az

Sevdiyimiz qızı yuxuda görməyin “əzab-əziyyəti” - Duzlu kömbə yemək

Sevdiyimiz qızı yuxuda görməyin “əzab-əziyyəti” - Duzlu kömbə yemək

16 Mart 2021, 11:57

Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə “dirilmə, canlanma” anlayışı ilə əlaqədardır. Biz tərəflərdə - Borçalıda - Torpaq çərşənbəsi digər çərşənbələrə nisbətən daha təmtəraqlı, maraqlı adətləri ilə seçilir. Həmin gün istər qızların, istərsə də oğlanların qulaq falına çıxaraq ürəyində arzu tutmaları və hər hansı bir evin qapısını pusmalarını bu gün də xatırlayıram. İnanca görə, əgər qulaq asan şəxs xoş söz eşidirsə, onda arzusunun yeni ildə yerinə yetəcəyinə inam yaranır. Bu səbəbdən də Arıxlı camaatı çalışardı ki, həmin gün xoş və sevindirici sözlər söyləsinlər.

Ayyət Əfəndiyeva deyir ki, qulaq falına çıxıb və gələcək planları barədə nə isə öyrənməyə çalışıb. Taleyi ilə də maraqlanan əmiqızı qulağının, adətən, yaxşı sözlər eşitdiyini söyləyir:

“Əksər hallarda qulaq falları düz çıxır. Mən bunu təcrübəmə əsaslanaraq deyirəm. Hələ ailə qurmazdan əvvəl qulaq falına çıxmışdım. Maraqlı sözlər eşitdim. Eşitdiyim “xoşbəxt olasan, ailə həyatı qurasan” kəlməsini hələ də unutmamışam. Onu da etiraf edim ki, qızların duzlu çörək yeməyi falına da baxmışam. Hələ yuxusunu da görmüşəm”.

Qeyd edim ki, Arıxlıda axırıncı çərşənbə günü “duzlu kömbə” bişirilməsi adəti də var. Axşam saat 22:00-dan sonra cavan (ərgən) qız və oğlanlar onu yeyib yuxuya gedirlər. Bu belə yozulur ki, əgər onların istəklisi varsa, yuxuda öz sevgililərini görəcəklər.

Qırsıfların Əli Musayevi deyir ki, orta məktəbdə oxuyarkən duzlu kömbə yeyib:

“Həmin gün sevdiyim qızı düşündüm. Onu yuxuda görməyi çox arzulayırdım. Axşam düşəndə evdə bişirilmiş duzlu kömbə yedim. Kömbənin bir hissəsini isə yastığın altına qoyub yatdım. Çox susamışdım. Su verən isə yox idi. Susuzluqdan dodaqlarım cadar-cadar olmuşdu. Sonda bir qız mənə su verdi. Onun sifətini aydın seçə bilmədim. Mənə elə gəldi ki, sevdiyim qızdır. Amma ailə quran zaman orta məktəbdə sevdiyim qızla evlənmədim. Qohumumla evləndim”.

Yetim öyündən Tanrıverdinin oğlu Tahir də duzlu kömbə yeyib:

“Yeniyetmə idim. Son çərşənbə gecəsində duzlu kömbə yedim. Kömbənin – dedilər – duzunu öz əllərinizlə tökün. Biz nə qədər un vardısa, o qədər də duz tökdük, kömbə oldu duz-bora. Yəni hədən artıq duzlu. Gözlərim yaşara-yaşara duzlu kömbəni axıracan yedim, çox çətinliklə yuxuya getdim... Su istəsəydik də, içə bilməzdik. Otaqdan su yığışdırılmışdı... Suyu yalnız yuxuda görə bilərdik. Mən doğrudan da, suyu yuxuda gördüm. Gördüm ki, bir qız asfalt yolla, belində səhəng mənə sarı gəlir. Gözləyirdim, bilirdim ki, mənə su gətirəcək, gətirdi də. Mənə yaxınlaşanda dayandı, səhəngi belindən endirib yerə qoydu, sonra qurşağından su qabı (dolça) çıxartdı və onu su ilə doldurub mənə uzatdı.

Qız qarasaçlı, hündürboylu, yaraşıqlı və naz-qəmzəli idi. İlk baxışdan vuruldum. Gözümü açanda razılıqla, özümdən məmnun halda ətrafa baxdım. Qalxıb pəncərədən küçəyə boylandım və daşlı küçəni görüb məyus oldum. Çünki yuxuda mənə su verən qız asfalt yolla gəlirdi, kəndin yolu isə heç asfalt yola oxşamırdı. Elə oldu ki, evlənmək yaşım gələndə Bolnisi şəhərində yaşayan Çopuralların Mahmudunun qızı Alidə ilə evləndim. Görünür, asfalt yol Bolnisin yolları imiş. Belə çıxır ki, yuxuda gördüyüm qız o imiş”.

Bu çərşənbənin bir özəlliyi isə torba sallamaqdır. Uşaq vaxtı həmişə bu günü gözləmişəm. Torpaq çərşənbəsinə bir neçə gün qalmış torbam hazır olardı. Onu Xədicə bibim tikərdi. Axşam düşən kimi qonşu uşaqlarla məhlədəki evlərə torba sallamaq üçün gedərdik. Sonrakı dövrlərdə papaq sallamaq dəbə düşdü. Maraqlıdır ki,

Torpaq çərşənbəsində çaya gedib su gətirmək adətini də bu gün xatırlayıram. Bundan başqa, yeni ailə quran qızlar da ailə üzvlərinin, məşəllərin müşayiəti ilə çaya gedərdilər. Belə hesab edilirdi ki, həmin gün gecəyarısı çaydan axan su çox təmiz və şəffaf olmaqla Zəmzəm suyudur və min bir dərdin dərmanıdır. Bu su ilə əl-üzlərimizi yumardıq və inanardıq ki, saflaşırıq, təmizlənirik, ürəklərimizdə tutduğumuz arzularımıza çatacağıq. Əslində bu, Su çərşənbəsinin əlaməti olsa da, son çərşənbədə çaya gedənlərin sayı daha çox olardı. Hətta qonşu kənd Kolagirdə təzə gəlinlər də toy-bayramla çaya gəlir, əl-üzünü yuyardı.

Bu gün üçün vacib sayılan adətlərdən biri də digər Novruz çərşənbələrində olduğu kimi tonqallar qalamaqdır. Tonqal kəndin bütün məhlələrində qalanardı. Bizim məhlənin uşaqları axır çərşənbəyə bir neçə gün qalmış taxta, ağac budaqları, odun parçaları toplayıb tonqal qalayacağımız yerə yığardı. Axşam düşən kimi isə onlar yandırılardı. Təkər şinləri də çox olardı və onun tüstüsü ətrafı qara dumana bürüyərdi. Tonqalın üstündən tullanmaqla azar-bezardan xilas olacağımıza inanardıq. Belə hesab edərdik ki, bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmaqla azar-bezarlarımız yanır.

Tullanarkən bu sözləri deyərdik: “Sarılığım sənə, qırmızılığın mənə” ya da  “Ağırlığım-uğurluğum odda yansın”.

Üst-başımız his olduğundan paltarlarımız bir neçə gün həyətdə asılı vəziyyətdə qalardı.

Ümumiyyətlə, tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir. Bu səbəbdən də tonqalın ətrafına yığışan uşaqlar dərd-bəlanı köhnə ildə qoymaq və yeni ilə sağlam qədəm qoymaq üçün tonqalın üstündən dəfələrlə tullanardılar. Onu da deyim ki, tonqal heç vaxt su ilə söndürülməzdi. O özü sönəndən sonra, əgər həyətdə qalanıbsa, cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atardılar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşır.

İlinaxır çərşənbə gecəsini ailə üzvlərinin öz evində bayram etməsinə çox inanardıq. Əks halda bunu etməyənlərin Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacağı inamı vardı.

Bizim evdə yeməklərin şahı kişmişli plov hesab olunurdu və bərəkət rəmzi sayılırdı. Həmin gün qonşumuz Sinəxanım evdən kimsəyə ələk, od, kibrit, neft, ağartı, un, çörək və s.verməzdi və hesab edərdi ki, onların verilməsi evin bərəkətini aparır. Nənəm Nigar isə axır çərşənbə günü ailə üzvlərinə xeyir-dua verər, ailəyə səadət, xoşbəxtlik arzulayardı. Anam Tamara isə qohumlarını yad edər, atası evinə baş çəkər, sonra isə dünyalarını dəyişmiş insanları yada salardı.

Pünhan Əfəndiyev

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir